Məhkəmə qərarları › İş №2(010)-3361/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3361/2021

13.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3361/2021 13.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək qardaşı 28.10.1983-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, 28.10.1983-cü il tarixdə anadan olmuş X6 onun qardaşıdır. Qardaşı İsmət İ-ci qrup müddətsiz əlildir. O, özünü sərbəst surətdə idarə edə bilmir və onun himayəsində yaşayır. Onun daima kənar şəxsin yardımına ehtiyacı vardır. Son illər qardaşının vəziyyəti daha da ağırlaşmışdır. O, öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. Qardaşı onun köməyi olmadan həkimə müraciət edə bilmir, müstəqil olaraq nəqliyyat vasitələrindən istifadə edə bilmir. Ona görə də qardaşının qəyyuma ehtiyacı vardır. Suraxanı Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına xəstə qardaşına qəyyum təyin edilməsi barədə müraciət etmişdir. Suraxanı Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası 16.05.2021-ci il tarixli məktubla müraciətinin onlar tərəfindən həll edilməsinin mümkünsüz olduğunu, xəstə qardaşının fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə məhkəmə qətnaməsi olduqdan sonra müraciətinin müsbət həll ediləcəyini bildirmişlər. Ona görə də məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 28.10.1983-cü il tarixdə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Suraxanı rayon İcra Hakimiyyətinin Ərizəçi ünvanlandığı 16.05.2021-ci il tarixli məktubunda bildirilir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317-ci və 321-ci maddələrinə əsasən qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, X6 İ qrup əlildir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 28.10.1983-cü ildə Midli kəndində anadan olmuşdur. X2, anası X1r. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1984-cü ildə Midli kəndində anadan olmuşdur. X2, anası X1r. Suraxanı Rayon Məhkəməsinin 21.06.2021-ci il tarixli 2(010)-3361/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsinin 24.08.2021-ci il tarixli 1915 saylı rəyi 03.09.2021-ci il tarixində məhkəməyə daxil olmuşdur. Rəydən görünür ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması üçün kifayət qədər əsas vardır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcələsinin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafıq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Normanın məzmunundan müəyyən olunur ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərindən yaxın qohumların valideynlərin, uşaqların, qardaş-bacıların ərizəsi üzrə qaldırıla bilər. Bundan başqa normadan müəyyən olunur ki, həmin ərizə müvafiq icra hakimiyyəti orqanının və psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə də qaldırıla bilər. Beləliklə, iş materiallarından müəyyən edildi ki, Ərizəçi 28.10.1983-cü il təvəllüdlü X6 üzərində qəyyum təyin olunması üçün Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Suraxanı rayon İcra Hakimiyyətinin 16.05.2021-ci il tarixli məktubu ilə ərizəçiyə bildirilmişdir ki, məhkəmənin qərarı olduqdan sonra o, qardaşı X6 üzərində qəyyum təyin oluna bilər. Ərizəçinin qardaşı X6 müddətsiz İ qrup əlildir. Belə ki, X6 öz hərəkətləri üzərində nəzarəti həyata keçirə bilmir. Tibbi rəyə əsasən kənar şəxsin qulluğuna ehtiyacı vardır. Buna görə də onun üzərində qəyyum təyin olunması zəruridir. Odur ki, ərizəçi oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının 24.08.2021ci il tarixli 1915 saylı rəyi ilə X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi nəticəsinə gəlmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 28.10.1983-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar