Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-337/2022 18.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “qanunsuz hesablanmış borc pulun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdeh Suraxanı rayon Sukanalizasiya idarəsinə qarşı “qanunsuz hesablanmış borc pulun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Suraxanı rayon Sukanal idarəsinin əsassız yazdığı cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı razılıq ərizəsinə əsasən cavabdeh Suraxanı rayon Sukanalizasiya idarəsi əsl Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə əvəz olunaraq, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən (bundan sonrakı mətndə Cavabdeh ASC) ünvanına yazılmış 170,33 manat su borcunun silinməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, ödənişlərini həmişə vaxtında etmiş və heç vaxt heç kimin su xəttindən istifadə etməmişdir. Lakin o, su pulunu ödədikdə onun ünvanına cərimə yazıldığını görmüşdür. Halbuki, o, sayğacdan kənar heç bir xətdən istifadə etməmişdir. Həmçinin, sayğac 10 ildir ki, ordadır və üzərinə möhür vurulub. Cavabdeh ASC-nin əməkdaşları da gəlib hər zaman nəzarət edirlər. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, məhkəmə prosesindən sonra o, əraziyə baxış keçirmişdir. Baxış zamanı məlum olmuşdur ki, sayğacın yanında bağlama var və onun üzərində olan bağlayıcını açıb istənilən vaxt sudan istifadə etmək olar. Sayğac iddiaçının həyətindədir və bu səbəbdən sayğaca nəzarət etmək mümkün deyil. Sayğacı quraşdıran şəxsin vəzifəsi yalnız sayğacı quraşdırmaqdan ibarətdir və o, sayğaca nəzarət həyata keçirmir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: Cavabdeh ASC-nin əməkdaşları nəzarətçi F.Həşimov və mühəndis B.Yusif tərəfindən 30.06.2021-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, abonent İddiaçı sudan sayğacdan kənar qanunsuz istifadə etdiyi üçün cərimə yazılmışdır. 21.06.2016-cı il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh ASC arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid müqavilə bağlanmışdır. Abonent kartından həmçinin görünür ki, abonent kodu **********000 olan İddiaçı 170,33 manat məbləğində yekun borcu vardır. Tətbiq edilən hüquq: “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1.6-cı maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qanunun 1.7-ci maddəsinə görə müqavilələr fiziki şəxslərlə qanunla müəyyən edilmiş formalara uyğun bağlanılmalıdır. Həmin Qanunun 2.1.6-cı maddəsinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qanunun 2.1.9-cu maddəsinə görə aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək): 2.1.9.1. quraşdırılmış suölçən cihaz dövlət standartlarının tələblərinə cavab vermədikdə; 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Həmin Qanunun 6.2-ci maddəsinə görə yaşayış binalarının mənzillərindəki suölçən cihazlar yaşayış binasının girişində, yaxud pilləkən qəfəslərində quraşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262 saylı Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 6.4-cü və 6.5-ci bəndlərinə görə, yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. İstehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir. Azərbaycan Respublikasının Konstitusiyasına görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz (Maddə 73, İİ hissə). Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, iddiaçının izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, istehlakçıdan tələb edilən borcun real, həqiqətən sayğacdan kənar qeyri-qanuni istifadə nəticəsində hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü su təchizatçısının, yəni borcu hesablamış təşkilat olan Cavabdeh ASC-nin üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş suya görə hesablanmış borc olduğunu sübuta yetirilməlidir, hazırki halda isə cavabdeh bunu sübut edə bilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında sadəcə olaraq həmin ünvana gedib baxış keçirdiyini və sayğacın üzərində olan bağlayıcını açaraq istənilən vaxt sudan istifadə etməyin mümkün olduğunu şifahi olaraq bildirmişdir ki, bu da sözügedən borcun həqiqətən yaranmasını ciddi şübhə altına alır. Bu baxımdan məhkəmənin qənaətinə görə, iddiaçının evinə hesablanmış borcun həqiqətən onun tərəfindən real sayğacdan kənar qeyri-qanuni istifadə nəticəsində yarandığı sübuta yetirilmədiyindən həmin borc iddiaçının abunə hesabından silinməlidir. Beləliklə, işin yuxarıda göstərilən hallarını və qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ASC tərəfindən İddiaçı ünvanına (abonent kodu: **********000) hesablanmış 170,33 manat məbləğində borc ləğv olunmalıdır. Məhkəmə xərcləri: “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Hazırki iddia üzrə ödənilməli olan dövlət rüsumu məbləği 30 manat təşkil edir. Odur ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanına (abonent kodu: **********000) hesablanmış 170,33 (bir yüz yetmiş manat otuz üç qəpik) manat məbləğində borc ləğv olunsun. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-337/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-337/2022
18.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver