Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3388/2022 12.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı İddiaçı cаvаbdeh Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh İB-nin işçiləri tərəfindən qanunların pozuntusu ilə tərtib edilərək yazılmış xx.xx.2021-ci il tarixli, ******* saylı aktın ləğv olunaraq, onun adına olan **********00041 saylı abonent koduna hesablanmış 875 manat borcun silinməsi və əlavə olaraq ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, X10 küçəsi, nömrəsiz evi bir müddətdir ki, almışam. Lakin oranı almağıma baxmayaraq, orada yaşamamışam. Təxminən bir neçə gün bundan əvvəl mən qeyd olunan evə köçmək qərarına gəldim və evə qaz və digər kommunal şərait yaradılması üçün müvafiq qurumlara müraciət etdim. Bundan sonra bəlli oldu ki, mən guya qaza qanunsuz olaraq qoşulub, sayğacdankənar istifadə etdiyim üçün Cavabdeh İB tərəfindən 875 manat üzərimə borc yazılıb. xx.xx.2022-ci il tarixdə mən müvafiq sənədləri (aktları) almışam və orada qeyd olunanlar həm həqiqəti əks etdirmədiyindən, həmçinin bütün qanunvericilik aktlarının tələblərini pozduğu üçün ləğv edilməsini və mənə qazdan istifadəyə görə yazılmış 875 manat borcun silinməsini istəyirəm. Belə ki, Cavabdeh İB-nin əməkdaşları xx.xx.2021-ci il tarixli aktlarında heç bir normativ hüquqi akta istinad etmədən mənim hansısa qanunları pozmaqla qazdan guya ki, qanunsuz istifadə etməyim barədə akt tərtib ediblər. İlk öncə onu qeyd edim ki, qeyd olunan akt hüquqi sənəd sayılır və onun tərtib olunması zamanı müvafiq normativ aktlara istinadlar olunmalı və vətəndaşın məhz hansı qanunvericilik aktlarının tələblərini pozduğu göstərilməlidir. Qeyd olunan aktda isə mənim hansı normativ aktın tələblərini pozduğum göstərilməyib. Əlavə olaraq qeyd edim ki, qeyd olunan akt mənim iştirakım olmadan və ya məni bu barədə məlumatlandırmadan tərtib olunub”.
İddia tələbinin həcminin azaldılması.
3. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə verərək, bildirdi ki, silinməsini tələb etdiyi 875 manat borcun 820 manatı akta görə hesablanmış borcdur. Odur ki, məhkəmədən akta görə hesablanmış 820 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddiaya etiraz.
4. Cavabdeh nümayəndəsi X6 iddiaya etirazla məhkəməyə müraciət edərək, bildirmişdir ki: “Birliyin əməkdaşları tərəfindən qaz təsərrüfatına baxış keçirilən zaman xx.xx.2021-ci il tarixdə iddiaçının ünvanında təbii qazdan sayğacdankənar, qeyri-qanuni rezin boru vasitəsilə qoşulma yolu ilə istifadə halı müəyyən edilmişdir. Belə ki, vətəndaşla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nin tələblərinə uyğun olaraq, ünvan üzrə texniki şərt təsdiq edilməmiş, təbii qazın satıcısı ilə istehlakçı arasında təbii qazın alqı-satqısına dair müqavilə bağlanmamış, qaz sayğacı quraşdırılmamış, qaz qurğularının təhlükəsizliyi yoxlanmamış, təhlükəsizlik qaydalarına zidd olaraq, özbaşına küçə qaz xəttinə qoşulmaqla təbii qazın talan edilməsi faktı aşkar edilmişdir. Nəticədə fotoçəkiliş aparılmış, həmin fotolarda dəqiq vaxt və koordinatlar öz əksini tapmışdır. Daha sonra “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Akt əsasında itirilmiş qazın sərfiyyatı hesablanmış, tələbnaməyə əsasən 875.52 manat maddi ziyan məbləği hesablanmışdır. Həmin məbləğ istehlakçının hesab nömrəsi olmadığı üçün "xxxx" ASC-nin 33609785 saylı sayğacı üzrə istehlakçının adı müəyyən edilmiş, borcun sistemə daxil edilməsi üçün **********00041 saylı hesab açılmışdır. Eyni zamanda, istehlakçının qaz təsərrüfatının inventar aktı tərtib edilmişdir. Daha sonra qeyri-qanuni qoşulma qaynaq vasitəsilə ləğv edilmiş, bu barədə akt tərtib edilmişdir. İddiaçı iddia ərizəsində həmin ünvanda yaşayış olmadığını qeyd etmiş olsa da 2021-ci ilin oktyabr ayından ünvanda yaşayışın olmasını "xxxx" ASC-nin saldosu da təsdiq edir. Həmçinin, yaşayış olmayan ünvana qeyri-qanuni qaz xətti çəkməyin də məntiqi açıqlaması mövcud deyildir. “Borc başqa koduna keçirilməsi haqqında” SOCAR **********31620012X00887 saylı məktub əsasında Bakı Regional Qazın Satış Departamentinə daxil olmuş xidməti məlumata əsasən Suraxanı rayonu ərazisində bəzi abonentlər təbii qazdan qeydiyyatsız istifadə etdikləri üçün xidməti məlumat əsasında istehlakçı hesabları açılmışdır. Lakin sonradan layihə smeta sənədi əsasında istehlakçılara yeni istehlakçı hesabları açılmış və qaz sayğacları quraşdırılmışdır. Xidməti məlumat əsasında açılmış **********00041 istehlakçı hesablarında olan borc yeni **********03358 saylı istehlakçı hesablarına keçirilmiş və köhnə istehlakçı hesabı passiv edilmişdir”.
Tərəflərin izahatları.
5. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, qaz xəttinə qanunsuz qoşulma barədə aktın tərtib edildiyi tarixdə ümumiyyətlə o, həmin ünvanda yaşamamışdır. Belə ki, o, qızının nişanı ilə əlaqədar ailə üzvləri ilə birlikdə xx.xx.2021-ci il tarixdə həmin ünvana köçmüşdür. Bu evi Anar adlı podratçıya tikdirmişlər. Hətta həmin şəxs evi bir qədər gec təhvil verdiyinə görə bir müddət kirayədə qalmışlar və kirayənin pulunu da həmin Anar adlı şəxs vermişdir. Ev boş torpaq sahəsində tikilmiş, tikinti təxminən 6-7 aya başa çatmışdır. Ev tikilən vaxt orada qaz sayğacı olmamışdır. Lakin işıq sayğacının çəkilişi asan olduğundan hələ köçməzdən əvvəl quraşdırılmışdır. O, artıq bir ilə yaxındır ki, həmin ünvana köçmüşdür və o, köçdükdən sonra təbii qaz xəttinə heç bir qanunsuz qoşulma olmamışdır. Ondan əvvəl baş verənlərə görə isə o, cavabdeh deyil. Lakin qəbul edir ki, saldoda görünən 875 manat borcun 55 manatı akta görə yox, təbii qazdan istifadəyə görə hesablanmış borcdur. İddia ərizəsində səhvən həmin borcu da akta görə borc kimi göstərmişdir. Odur ki, məhkəmədən cavabdeh orqan tərəfindən qanunsuz akta görə ona hesablanmış 820 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi.
6. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
7. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* №-li aktından görünür ki, istehlakçı İddiaçı abonent olduğu ünvan 1 ünvanında yerləşən sayğaca Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, sayğacdankənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur.
8. xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı abonent olduğu ünvan 1 ünvanında yerləşən fərdi evində sayğacdankənar təbii qazdan qeyri-qanuni istifadə edildiyinə görə 8208 m3 həcmində dəymiş zərər hesablanmışdır.
9. **********00041 kodlu abonentin (İddiaçı) saldosundan görünür ki, abonentə 2022ci il üçün “qalıq və aktlar” qrafasında “875.52” yazılmışdır.
İşin faktiki halları.
10. Cavabdeh İstehsal Birliyinin əməkdaşları tərəfindən İddiaçı abonent olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindəki qaz sayğacına baxış keçirilmiş, sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmiş, bununla bağlı xx.xx.2021-ci il tarixli akt tərtib olunmuşdur. Lakin aktda istehlakçının nümayəndəsi kimi X2 adı qeyd edilmiş, qarşısında “imtina etdi” yazılmışdır. Bundan sonra həmin akta əsasən itirilmiş qazın həcmi hesablanmış, buna uyğun olaraq iddiaçı abonent İddiaçı borc hesablanmışdır. Hazırda İddiaçı sayğaca heç vaxt müdaxilə etmədiyini, təbii qazdan istifadə qaydalarının pozulmasına dair aktın tərtib edildiyi xx.xx.2021-ci il tarixdən sonra – xx.xx.2021-ci il tarixdə həmin ünvana köçdüyünü, dolayısı ilə həmin akt əsasında yazılmış borca görə heç bir məsuliyyət daşımadığını iddia etmişdir. İddiaya etirazla məhkəməyə müraciət edən cavabdehin nümayəndəsi isə iddianı qəbul etməmiş, xx.xx.2021-ci il tarixdə iddiaçının ünvanında təbii qazdan sayğacdankənar istifadə halının (qeyri-qanuni şəkildə rezin boru vasitəslə qoşulma yolu ilə) müəyyən edildiyini, həmin ünvanda 2021-ci ilin oktyabr ayından yaşayış olmasını, əks təqdirdə ünvana qeyri-qanuni qaz xətti çəkməyin məntiqi açıqlamasının olmadığını, dolayısı ilə iddiaçının sayğacdankənar təbii qazdan istifadə etdiyinə görə Cavabdeh İB-yə vurduğu zərəri ödəməli olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
12. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
13. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 6. Qaz qurğularına ziyan vuran dəyişmələr.
2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”.
6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
16. "Dövlət rüsumu" haqqında Azərbaycan Respublikasının Qanunu.
Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar.
Məhkəmənin mövqeyi.
17. Yuxarıda qeyd edilmiş normalardan göründüyü kimi istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması nəticəsində qazpaylayıcısı kimi cavabdehə zərər dəymişdirsə, cavabdeh həmin zərəri iddiaçıdan (istehlakçıdan) tələb etməkdə haqlıdır. Lakin bunun üçün ilk növbədə, bu zərərin həqiqətən iddiaçının təqsirli hərəkətləri nəticəsində dəymiş olduğu sübut edilməlidir. Bu halı sübut etmək isə hər bir halda cavabdehin üzərinə düşür.
18. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri).
19. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
20. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
21. İş materiallarından görünür ki, iddiaçının təqsirli hərəkətləri nəticəsində dəymiş zərəri sübut etmək üçün cavabdeh tərəfindən məhkəməyə iddia edilən pozuntunun (qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma) aşkar edilməsi barədə akt, abonentin saldosu, bir neçə fotoşəkil kimi sübutlar təqdim edilmişdir. Lakin məhkəmə hesab edir ki, bu sübutlar əsasında iddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə zərər dəydiyi nəticəsinə gəlmək mümkün deyil.
22. İlk növbədə ona görə ki, təbii qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt istehlakçı tərəfindən imzalanmamış, aktda istehlakçının nümayəndəsi kimi qeyd edilmiş şəxsin adının qarşısına “imtina etdi” yazılmışdır. Bundan əlavə, akt tərtib edilərkən hal şahidlərinin iştirakı təmin edilməmişdir.
23. İş materiallarına əlavə edilmiş fotoşəkillərə münasibətdə məhkəmə qeyd edir ki, fotoşəkillərdən hansısa sayğacdan kənar qanunsuz qoşulma edildiyi görünür, lakin bu sayğacın məhz iddiaçının yaşadığı evin sayğacı olduğu, sayğaca qanunsuz qoşulanın da məhz iddiaçı olduğu tək fotoşəkil əsasında sübut edilə bilməz.
24. Digər tərəfdən nəzərə alınmalıdır ki, iş üzrə iddiaçı məhkəmə iclasında təbii qazdan istifadə qaydalarının pozuntusu aşkar edilən fərdi yaşayış evinə akt tərtib edildiyi tarixdən sonra – 2021-ci ilin dekabr ayının sonunda köçdüyünü iddia etmişdir. Məhkəmə hesab edir ki, əgər qanunsuz qoşulma halı mötəbər sübutlarla təsdiq edilmiş olsa idi və iddiaçı akt tərtib edildiyi dövrdə həmin evdə yaşadığını qəbul etmiş olsa idi, məhkəmə sayğaca qanunsuz qoşulmanın yalnız ev sakinin mənafeyinə xidmət edə biləcəyi məntiqi ilə bu qanunsuz qoşulmanı edənin məhz iddiaçı olduğu nəticəsinə gələ bilərdi. Lakin cavabdeh 2021-ci ilin dekabr ayının sonunda evə köçdüyünü, həmin tarixə qədər Anar adlı podratçı tərəfindən evin tikintisinin həyata keçirildiyini bildirmiş, o, bu evi tikdirməzdən əvvəl isə həmin ünvanda heç bir ev olmadığını əlavə etmişdir.
25. İş materiallarında olan “istehlakçının qaz təsərrüfatının inventar aktı”ndan görünür ki, həmin aktda istehlakçı İddiaçı nümayəndəsi kimi “(makler) Anar” yazılmış, lakin qarşısından nə bir imza çəkilmiş, nə də imzadan imtina barədə hər hansı qeyd edilmişdir. Bu aktın hansı tarixdə tərtib edilməsi barədə aktda heç bir qeyd edilməsə də aktda fərdi yaşayış evində təbii qazdan sayğacsız, qeyri-qanuni istifadə edildiyi göstərildiyindən bu aktın həmin ünvanda təbii qazdan istifadə qaydalarının pozulması halının aşkar edilməsi ilə bağlı tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktla eyni gündə və ya bir neçə gün sonra, hər bir halda həmin aktdan əvvəl olmamaqla tərtib edildiyi deyilə bilər. Cavabdehin nümayəndəsi tərəfindən iddiaya etiraza da əlavə edilmiş bu aktda istehlakçının nümayəndəsi kimi “makler Anar” adının qeyd edilməsi iddiaçının izahatında evin aktın tərtib edildiyi tarixlərdə Anar adlı podratçı tərəfindən tikilməkdə olması ilə bağlı qeyd etdiklərini inandırıcı hesab etməyə əsas verir.
26. Bundan əlavə, iş materiallarına “qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin surəti də əlavə edilmişdir. Bu sənəddən görünür ki, istehlakçı İddiaçı oğlu və paylayıcı Cavabdeh arasındakı bu müqavilə müvafiq aktın tərtib edildiyi tarixdən sonra - xx.xx.2021-ci il tarixdə bağlanmışdır. Lakin belə görünür ki, sonradan sözügedən ünvana təbii qazın verilməsinə dair iddiaçının əri olan (“Elektron məhkəmə” informasiya sistemində qohumluq məlumatları yoxlanılmışdır) X3 ilə qazpaylayıcı arasında xx.xx.2021-ci il tarixdə yeni müqavilə bağlanmışdır. Elə cavabdehin nümayəndəsi tərəfindən etiraza əlavə edilmiş abonentin saldosunda da abonent kimi X1 adı qeyd edilmişdir. Hər bir halda pozuntu barədə akt məhz bu iş üzrə İddiaçı adına tərtib edilmiş, belə görünür ki, sonradan yeni müqavilə bağlanaraq, hesab iddiaçının ərinin adına keçirilmişdir.
27. Cavabdehin nümayəndəsi tərəfindən iddiaya etiraza həmin ünvanda abonent İddiaçı adına olan "xxxx" ASC tərəfindən tərtib edilmiş abunə haqqında məlumat əlavə edilmiş və həmin sənədə istinadla sözügedən ünvanda 2021-ci ilin oktyabr ayından yaşayış olduğu iddia edilmişdir.
28. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı 2021-ci ilin dekabrından əvvəl həmin ünvanda heç bir kommunal xidmətdən istifadə edilmədiyini iddia etməmişdir. İddiaçı özünün ailə üzvləri ilə birlikdə 2021-ci ilin dekabr ayında həmin ünvana köçdüyünü, həmin tarixdən əvvəl evin tikintisinin davam etdiyini, işıq sayğacının isə hələ evə köçməmişdən əvvəl qurulduğunu bildirmişdir. Yəni, iddiaçı özü də işıq sayğacının köçməzdən əvvəl qurulduğunu qəbul edir, onun mübahisələndirdiyi məsələ həmin tarixdə özünün orada yaşamaması, dolayısı ilə hər hansı kommunal xidmətdən istifadə edənin özü olmaması ilə bağlıdır. Məhkəmə hesab edir ki, evin tikildiyi dövrdə əgər ünvana işıq xətti çəkilərək sayğac quraşdırılmışdırsa, tikintini aparan şəxslərin işıq sərf etmiş olması mümkün, hətta gözləniləndir. Bu baxımdan məhkəmə 2021-ci ilin oktyabr ayından həmin ünvanda işıq sərfiyyatı olması və bu faktın iddiaçının həmin tarixdən ünvanda yaşamasını göstərməsi ilə bağlı cavabdehin nümayəndəsinin etirazda qeyd etdikləri ilə razılaşmır.
29. Bundan əlavə, cavabdehin nümayəndəsi tərəfindən iddiaya etiraza əlavə edilmiş abonentin saldosundan görünür ki, saldoda 12/2021-ci il üçün “ayın əvvəlinə borc” qrafasına 0 yazılmış, təbii qazdan istifadə üçün ilk sərfiyyat (592 m3) 2021-ci ilin dekabr ayından etibarən hesablanmağa başlamışdır.
30. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə, iddiaçının həqiqətən 2021-ci ilin dekabr ayından əvvəl bu ünvanda yaşamadığı, dolayısı ilə təbii qazdan istifadə qaydalarının təqsirli pozuntusunu törədərək cavabdehə zərər vurmasının istisna edildiyi nəticəsinə gəlir. Belə olan halda xx.xx.2021-ci il tarixli akta əsasən iddiaçıya borc hesablanması əsassız olmuşdur. Odur ki, iddiaçı həmin borcun silinməsini tələb etməkdə haqlıdır.
31. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixli akta görə istehlakçı tərəfindən qazpaylayıcıya 8208 m3 həcmində zərər vurulduğu müəyyən edilmişdir. Abonentin saldosundan isə görünür ki, “qalıq və aktlar” qrafasında “875.52” yazılmışdır. Bununla belə məhkəmə hesab edir ki, iddiaçı özü məhkəməyə ərizə verərək, həmin pulun bir hissəsinin təbii qazdan istifadəyə görə borc olduğunu bildirmiş, iddia tələbinin həcmini azaldaraq, akta görə hesablanmış 820 manat məbləğində borcun hesabından silinməsini xahiş etmişdir. Belə olan halda məhkəmə iddia tələbindən kənara çıxmayaraq, hesab edir ki, Cavabdeh İB tərəfindən xx.xx.2021-ci il tarixli akta əsasən İddiaçı hesablanmış məhz 820 manat məbləğində borc onun hesabından silinməlidir.
Məhkəmənin gəldiyi nəticə.
32. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı hesablanmış 820 (səkkiz yüz iyirmi) manat məbləğində borc silinməlidir.
33. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı xx.xx.2021-ci il tarixli akt əsasında hesablanmış 820 (səkkiz yüz iyirmi) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva