Məhkəmə qərarları › İş №2(010)-3391/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3391/2020

04.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3391/2020 04.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı, Cavabdeh “xxxxxxxx” ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxxxxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh "xxxxxxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxx” ASC tərəfindən tərtib olunmuş 019459 saylı, xx.xx.2020-ci il tarixli aktın ləğv edilməsi və hesablanmış 650 manat əsassız borcun silinməsi barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi uzun illərdir ki, onun istifadəsindədir. Həmin ünvanda o, ailə üzvləri ilə birlikdə yaşayır. Onlar elektrik enerjisindən istifadəyə görə müntəzəm olaraq qəbzlər əsasında ödənişlər aparırlar. Qarabağ müharibəsində iştirak etdiyi üçün dövlət tərəfindən verilmiş təqaüd ona kifayət edir ki, kommunal xərclərini ödəsin. Həmçinin elektrik enerjisindən istifadəyə görə müntəzəm olaraq qəbzlər əsasında ödənişlər aparmışdır. Sayğacları işlək vəziyyətdə olmuş, plombu isə heç bir müdaxiləyə məruz qalmamışdır. xx.xx.2020-ci il tarixdə cavabdeh təşkilatın nümayəndələri tərəfindən onun heç bir məlumatı olmadan qanunsuz olaraq akt tərtib olunmuşdur. Müvafiq təşkilatdan yaranmış borcun hansı formada yarandığını soruşan zaman ona tərtib etdikləri aktı vermişlər. O, aktla tanış olan zaman görmüşdür ki, iştirakı təmin edilmədən guya kənar müdaxilə olunmaqla sıfır xətti verilməklə sayğac dövriyyədən tamamilə kənarlaşdırılmışdır. Halbuki, həmin ərəfədə xüsusi karantin elan edilmiş və o, evdə olmuşdur. Aktla bağlı ona hər hansı bir məlumat verilməmişdir. O və ya ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Bundan sonra o, cavabdeh təşkilata müraciət etmiş və nəticədə ona ******* nömrəli protokol təqdim edilmişdir. Protokolla tanış olan zaman ona sayğacın sxeminin 0 faza xəttində, faza xətti isə 0 yuvasında yerləşdirildiyi, sonra isə “plombu qırıq deyildir” qeydi qoyulduğu məlum olmuşdur. Sayğacın plombu qırılmadan onun həmin əməliyyatları sayğacın içərisində yerinə yetirməyim qeyri-mümkündür. Cavabdeh təşkilatın nümayəndələri tam qanunsuz böhtan xarakterli akt tərtib etmişlər və ona əsassız borc yazmışlar. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, əlavə olaraq ona hesablanmış borcun 609 manat olduğunu, bildirdi və məhkəmədən borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək göstərdi ki, cavabdeh təşkilatın nümayəndələri tərəfindən ünvan üzrə baxış keçirildiyini və qeyd edilən qanunsuzluğun olduğunun müəyyən edildiyini, bu səbəbdən müvafiq akt tərtib edildiyini və borc hesablandığını bildirdi və məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş NDM 019459 nömrəli aktın surətindən görünür ki, cavabdeh “xxxxxxxx” ASC-nin əməkdaşları B.Abdullayev və A.Məmmədov xx xxxx 2020-ci il tarixdə istehlakçı İddiaçı məxsus (abonent kodu: **********50002) fərdi yaşayış evində olan elektrik sayğacının yoxlaması zamanı fərdi yaşayış evinin elektrik sayğacının qoşulma sxeminin səhv olduğu, kənar mənbədən sıfır xətti (xüsusi açar) verməklə sayğacın dövrədən tamamilə kənarlaşdırıldığı müəyyən olunmuşdur. Həmin akt “xxxxxxxx” ASC-nin yuxarıda adları çəkilən əməkdaşları tərəfindən imzalanmış, İddiaçı aktın tərtib edilməsi zamanı iştirak etmədiyi göstərilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli aktdan görünür ki, **********50002saylı abonent İddiaçı məxsus fərdi yaşayış evində olan sayğaca olan kənar xəttin ləğv edilməsi və sonuncuya 609 manat məbləğində borcun hesablanması qərara alınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.32-ci bəndinə əsasən, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: - Məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; - Məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatıərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin Qaydaların 8.33-cü bəndinə görə isə məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi, “Elektrik enerjisindən istifadə qaydaları”nın tələbinə görə elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Lakin hazırki iş üzrə tərtib edilmiş 019459 saylı, xx.xx.2020-ci il tarixli aktdan görünür ki, aktın tərtib edilməsində hal şahidlərinin və iddiaçının – abonentin iştirakı təmin edilməmiş, akt yalnız cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş və imzalanmışdır. Bu isə həmin aktın mötəbərliyini şübhə altına alır. Çünki, akt müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalar əsasında tərtib edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, elektrik enerjisindən istifadədə pozuntu barədə aktın tərtib edilməsində hal şahidlərinin və iddiaçının iştirakı təmin edilmədiyindən, həmin akt ləğv edilməli və akt əsasında hesablanmış 609 manat məbləğində borc iddiaçının hesabından abonent hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxxxxxx" ASC tərəfindən tərtib edilmiş 019459 saylı, xx.xx.2020-ci il tarixli akt ləğv edilsin və İddiaçı hesablanmış 609 (altı yüz manat doqquz qəpik) manat məbləğində borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar