Məhkəmə qərarları › İş №2(010)-3400/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3400/2022

21.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3400/2022 21.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X10 qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehn qarşı “müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 aprel 2021-ci ildə ünvan 1 ünvana dair 37 saylı notariat kontorunda onunla cavabdeh X5 arasında bağlanmış “Miras payın bağışlanma müqaviləsi”nin və həmin müqavilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 27 aprel 2021-ci ildə ünvan 2 ünvana dair 37 saylı notariat ofisində “Miras payın bağışlanması müqaviləsi” imzalanmışdır. Həmin müqavilənin predmeti Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəs, D” y/s, ev 10 28 saylı evin 14 hissəsi payın bağışlanmasından ibarət olmuş və onun etibarından sui-istifadə olnmaqla bağlanmış müqavilədir. O, bunu başa düşmədiyi və qardaşına etibar etdiyi üçün həmin müqaviləni imzalamışdır. Çünki həmin ev onunla birlikdə nikahda olan arvadı X6 ilə birgə nikah dövründə əziyyəti ilə aldığı evdir. Həmin ev 1988-ci ildə order vasitəsilə qeydiyyata alınmış, həmin ildə də onun ailə üzvləri həmin ünvana qeydiyyata düşmüşdür. O, həmin evi qardaşı Cavabdeh yaşamaq üçün evi olmadığından müvəqqəti yaşayış üçün ona vermişdir. Onun xəbəri olmadan xx.xx.1992-cı il tarixdə onun adına ilkin qeydiyyatdan keçmişdir. Sonradan isə yenə o mahiyyətini dərk etmədən dəyişmə müqaviləsi ilə xx.xx.1992-ci ildə anası X1 adına rəsmiləşmişdir. Sonradan həmin ev etibarsız hesab edilməsi tələbi ilə müraciət etdiyi “miras payın bağışlanması” müqaviləsinə əsasən qardaşı Cavabdeh adına keçmişdir. Onun mirasda olan payını bağışlamaq niyyəti olmamış, həmin müqavilə onun iradə ifadəsini əks etdirmir və iradə ifadəsinə ziddir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etmədiyini bildirib izahat verərək, bildirdi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2.-ci maddəsinə əsasən, “Bu Məcəllənin 347.1 -ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər." “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında hüquqi mövqe ondan ibarət olmuşdur ki, ‘‘...maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Bu barədə yazılısı ərizəsini məhkəməyə təqdim etmiş və iddianın əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti iləşərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəlikləşərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin məcəllənin 668.1.1-ci maddəsinə görə bağışlama, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. İş materiallarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında 27 aprel 2021-ci il tarix miras payının bağışlanması müqaviləsinin surətindən müəyyən olunur ki, tərəflər razılığa gəlmişlər ki, 1-ci tərəf: İddiaçı Bakı şəhəri 37 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə 2V-24 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum - anaları X3 miras qalmış Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.1993 tarixdə X2 verilmiş 30/1899 qeydəalmə nömrəsi ilə 28 nömrəli kitabın 4429 4-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi 42.62 kv/m, 3 otaqlı olan mənzildən ona düşən 1/2 hissədə payını 2-cı tərəf: qardaşı: Cavabdeh bağışlayır. İş üzrə müəyyən olunmuş halları ilə bağlı və qeyd olunan qanunvericilik aktı normalarından irəli gələn tələblərini nəzərə alaraq qeyd edilməlidir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələrin yaranmasına, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Tərəflərin iradə ifadəsi müqavilənin bağlanmasının zəruri şərtidir. Müqavilənin bağlanmasının zəruri şərtlərindən biri də müqavilə azadlığıdır. Müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilə bağlamaq, onun məzmununu müəyyən etmək, eyni zamanda mülki qanunvericiliyə zidd olmayan müqavilə bağlamaq hüquqlarını nəzərdə tutur. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla nəzərdə tutulmuş hüququdur və müqavilənin bağlanılması məsələsini şəxs öz iradəsinə uyğun olaraq həll edir. Qeyd edilməlidir ki, iddia edən şəxsin tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və belə olan halda iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halı, yəni aldatma yolu ilə bağışlanma müqaviləsini bağlandığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş və tərəflər arasında imzalanmış nikah müqaviləsinin etibarlılığını şübhə altına alan hallar müəyyən edilməmişdir. Bu isə ona dəlalət edir ki, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göründüyü kimi, iddiaçı mənzilə olan payın bağışlanması barədə əqddən məlumatlı olduğu halda, Mülki Məcəllə ilə müəyyən edilmiş iddia müddətlərini ötürmüşdür. Odur ki, iddia əsassız olduğuna görə rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdehn qarşı “müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar