Məhkəmə qərarları › İş №2(010)-3420/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3420/2023

20.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3420/2023 20.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi İddiaçı iştirakı ilə, İddiaçı X2 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı İddiaçı cаvаbdeh Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 3000 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən evdə yaşayır. Cari ilin yanvar ayında qaz sayğacının sərfiyyatı qeyd etmədiyini görüb Cavabdehnə qaz sayğacının dəyişdirilməsi üçün müraciət etmiş və 17 yanvar 2023-cü il tarixdə qaz sayğacı başqa bir sayğacla əvəz edilmişdir. Dəyişdirilən sayğac Cavabdeh əməkdaşlarına təhvil verilən zaman sayğacda heç bir problem olmamış, lakin 6 ay sonra Cavabdeh tərəfindən onun 3000 manat məbləğində borcu olduğunu bildirmişlər. O, Cavabdehnə müraciət edərək, sayğaca heç bir müdaxilə etmədiyini bildirmiş və sayğacda aşkar olunmuş problemin ona göstərilməsini tələb etsə də, sayğacı ona göstərməkdən imtina etmişlər. Onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamış, aktda qeyd edildiyi kimi sayğacın plomblarında hər hansı problemin olmasından onun xəbəri olmamışdır. Digər tərəfdən sayğac küçədə quraşdırılmışdır və o, təbii olaraq sayğaca daimi nəzarət edə bilməzdi.

İddiaçının əsl iddiaçı ilə əvəz edilməsi.

3. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, sənədlər arvadı X2 adına olduğundan onun iş üzrə iddiaçı qismində cəlb edilməsini xahiş etmişdir.

İddianın dəyişdirilməsi.

4. İddiаçının nümayəndəsi İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmədən Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 3100 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları.

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İddiaçı iddianı müdafiə edərək bildirdi ki, onlar tərəfdən qaz sayğacına heç bir müdaxilə olmamışdır. Əksinə, sayğac istifadə olunan qazdan daha çox sərfiyyat yazmışdır. Belə ki, sayğacın sərfiyyatı yazmasına baxmayaraq, evində olan kombi gah istiilik vermir, gah da qızmırdı. Buna görə də özü cavabdeh orqana problemin həlli üçün müracət etmişdir. Saldodan görünür ki, bir ay üçün qaz sərfiyyatına görə 140 manat pul yazılmışdır. Əslində isə bu qədər qaz istifadə olunmamışdır. O, dəfələrlə akt yazılmış sayğacda olan problemin ona da göstərilməsini tələb etmiş, lakin sayğacı ona göstərməkdən imtina etmişlər. Odur ki, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi.

6. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı sayğaca müdaxilə etmiş, müvafiq akt tərtib edilmiş, akt əsasında 3110.4 manat (6 x 24 x 180 = 25920 x 0,12= 3110.4) borc hesablanmışdır.

İş materialları.

7. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi S.Əliyev küçəsi ünvanında Zenner tipli, G4 markalı, **********1 nömrəli sayğac Zenner tipli, G4 markalı, **********1 nömrəli sayğacla əvəz olunmuşdur. Aktda sayğacın abonentin müraciəti əsasında əvəzləndiyi qeyd edilmişdir.

8. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı X3 məxsus ünvan 2 ünvanında yerləşən, istehlakçının istifadəsində olan **********1 nömrəli sayğaca Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, xx.xx.2023-cü il tarixli dövlət yoxlamasına əsasən sayğacın şüşəsinin üzərinə vurulan ploblarının üzərində əzik-cızıq izlərinin olduğu və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir.

9. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı X3 məxsus ünvan 3 ünvanında yerləşən sayğacda olan qüsura görə 25920 m3 həcmində dəymiş zərər hesablanmışdır.

10. **********00000 kodlu abonentin saldosundan görünür ki, abonentə 2023-cü ilin may ayında “qalıq və aktlar”a əsasən 3110.4 manat məbləğində borc hesablanmışdır.

Şahid ifadəsi.

11. Məhkəmə iclasında şahid X5 ifadə verərək bildirdi ki, İddiaçı abonent kimi tanıyır. 2023-cü ilin aprel ayında İddiaçı ona zəng edərək, qaz sayğacında problem olduğunu, buna görə də evinə gələn qazın normal tənzimlənmədiyini, həmçinin sayğacın sərfiyyatı yazmadığını bildirmişdir. Əməkdaşlarla abonentin ünvanında olarkən, sayğacın sərfiyyatı yazmadığını aşkar etmiş və həmin sayğacı yenisi ilə əvəz etmişlər. Həmin vaxt sayğaca hər-hansı müdaxilənin olduğu müəyyən edilməmişdir. Lakin onu deyə bilər ki, abonent tərəfindən sayğaca müdaxiləni (sayğacda əzik, cızıq) aşkar edən zaman onu mütləq aktla rəsmiləşdirirlər.

Mütəxəssisin izahatı.

12. Məhkəmə iclasında mütəxəssis X8 bildirdi ki, İddiaçı onlara müraciət edərək, sayğacında problem olduğunu bildirmişdir. Bundan sonra o, əməkdaşlarla birlikdə ünvanda olmuş və sayğaca baxış zamanı sayğacın sərfiyyatı qeydiyyata almadığını aşkar etmişlər. Bundan sonra sayğacı yenisi ilə əvəz edib, köhnə sayğacı laboratoriyaya göndərmişlər. Sayğaca baxış zamanı müdaxilə halı aşkar olunmamışdır. Sayğacın qazın sərfiyyatını qeydə almamasında abonentin heç bir günahı yox idi. Belə ki, sayğaca müdaxilə olanda onu görə bilirlər. Abonentin adına olan saldoda 2022-ci ilin əvvəlinə sərfiyyat yazmamışdır, ona görə ki, abonentin həmin vaxt smart sayğacı mexaniki sayğacla əvəz olunmuşdur. Smart sayğacın kartına vurulmuş məbləğ abonentə geri qaytarıldığı üçün sayğac sərfiyyatı qeydə almamışdır. 2022-ci ilin səkkizinci ayına cəmi 2 m3 qaz sərfiyyatının əks olunması heç də abonentin qanunsuz istifadə etməsi anlamına gələ bilməz. Ona görə ki, Birliyin əməkdaşları hər ayın sonuncu günü abonentə qazın sərfiyyatına dair bildiriş təqdim edir. İddiaçının mexaniki sayğacının dəyişməsi həmin dövrə təsadüf etdiyi üçün saldoda həmin aya qaz sərfiyyat 2 m3 yazılmışdır və bu o demək deyil ki, abonent həmin ay 2 m3 qaz işlətmişdir. Növbəti aylarda da abonent fəslə uyğun olaraq qazdan istifadə etmişdir.

İşin faktiki halları.

13. X4 ünvan 3 ünvanı üzrə **********00000 kodla təbii qazdan istifadə edən abonentdir.

14. xx.xx.2023-cü il tarixdə abonent Bəsti Namazovanın müraciəti əsasında ünvanda quraşdırılmış sayğac yenisi ilə əvəzlənmiş, çıxarılan sayğac Cavabdeh İB tərəfindən yoxlanmaya göndərilmişdir.

15. xx.xx.2023-cü il tarixdə sayğac yoxlanışdan keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plastmas plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izlərinin olduğu və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir.

16. xx.xx.2023-cü il tarixdə bu yoxlama nəticəsi əsasında təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş, bu akt əsasında 25920 m3 itirilmiş qaz hesablanmış, buna uyğun olaraq 3110.4 manat məbləğində borc abonentin hesabına yazılmışdır.

Tətbiq edilən hüquq.

17. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

18. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu.

Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”.

4. Qaz sayğaclarının quraşdırılması və istismarı. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.5.2. istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi.

22. İşin faktiki hаllаrındаn göründüyü kimi, iddiaçıya məxsus sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin üzərinə vurulan zavod plomblarının üzərində və yuvasının ətrafında əzik-cızıq izlərinin olduğu və sayğacın istismara yararsız olduğu müəyyən edilmiş, sayğacdakı bu nasazlıqlar abonentin təqsiri kimi qiymətləndirilərək dəymiş ziyan akta əsasən borc kimi abonentin hesabına yazılmışdır. Halbuki qaz sayğacının zədələnməsinin müəyyən edilməsi təklikdə buna görə istehlakçıya borc hesablanmasına əsas vermir. Əksinə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

23. İş üzrə məhkəmə araşdırması gedişində şahid və mütəxəssis kimi dinlənilmiş cavabdeh orqanın əməkdaşları təsdiq etmişlər ki, yaşadığı ünvanda quraşdırılmış qaz sayğacının sərfiyyatı düzgün hesablamamasına dair müraciət edən və sayğacın yenisi ilə əvəzlənməsini xahiş edən elə abonent olmuşdur. İş materiallarından görünür ki, sayğacın yenisi ilə əvəzlənməsinə dair aktda da sayğacın məhz abonentin müraciəti əsasında əvəzləndiyi qeyd edilmişdir. Hansı ki, iş üzrə ifadəsi dinlənilmiş şahid bu aktın tərtibində Cavabdeh İB-nin nümayəndəsi kimi iştirak etmiş şəxs, mütəxəssis kimi izahatı dinlənilən isə təbii qazdan istifadə qaydalarının pozulmasına dair aktda Cavabdeh İB-nin nümayəndəsi kimi imza çəkmiş şəxslərdən biri olmuşdur.

24. Bundan əlavə, iş materiallarında olan abonentin saldosundan görünür ki, abonentin müraciəti əsasında sayğacın yeni sayğacla əvəzləndiyi 2023-cü ilin yanvar ayından əvvəl həmin ünvanda istifadə edilən təbii qazın həcmində sayğacın yenilənməsindən sonrakı dövrlə müqayisədə əhəmiyyətli dəyişiklik baş verməmişdir.

25. İşin bütün bu hallarını nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edildiyi sübuta yetirilmir. Belə olan halda cavabdeh orqanın təbii qazdan istifadə qaydalarının pozulmasına dair akt əsasında iddiaçıya 3110 manat (borc 3110.4 manat məbləğində olsa da, məhkəmə iddia tələbindən kənara çıxmır) məbləğində borc hesablaması əsassız olmuşdur. Odur ki, iddia təmin edilməli, həmin borc silinməlidir.

Məhkəmənin gəldiyi nəticə.

26. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən iddiaçı X3 hesablanmış 3110 manat məbləğində borc silinməlidir.

27. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh tərəfindən iddiaçı X3 xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 3110 (üç min yüz on) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar