Məhkəmə qərarları › İş №2(010)-3422/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3422/2023

26.10.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3422/2023 26.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.

1. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1993-cü il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1993-cü il təvəllüdlü X4 onun həyat yoldaşıdır. O, 9 ildir ki, yataq xəstəsidir. Fəaliyyətini itirmişdir və komatoz vəziyyətdədir. Həyat yoldaşının üzərində qəyyum təyin olunması üçün aidiyyəti üzrə Suraxanı RİH yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, ona şəxsin qəyyumu təyin olunması üçün məhkəmə qətnaməsinin olmasının zəruriliyini bildirmişlər. Buna görə də məhkəməyə müraciət etmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi (vəkili) Vəkil ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

5. 2 saylı Bakı “ASAN xidmət” X5 tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 924220 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə Gabulova Elmira arasında nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 316 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Fərzəliyeva soyadı verilmişdir.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2631 saylı ambulator məhkəmə psixiatrik ekspertizası rəyinin nəticə hissəsindən görünür ki, X3 beyin artofiyası nəticəsində yaranmış vegetativ vəziyyət müəyyən edilir. X2 hazırkı psixi vəziyyəti ilə əlaqədar o, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyil. Buna görə də X2 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. X3 müəyyən edilən beyin artofiyası nəticəsində yaranmış vegetativ vəziyyət ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir.

7. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X4 üzərində qəyyum təyin edilməsi üçün şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olması zəruri olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.

İşin faktiki halları.

8. xx.xx.1993-cü il təvəllüdlü Fərzəliyeva Elmira Ərizəçi arvadıdır. Məhkəmə Psixiatrik Ekspertizasının rəyi ilə Fərzəliyeva Elmira beyin artofiyası nəticəsində yaranmış vegetativ vəziyyəti müəyyən edilmiş, psixi vəziyyətinə görə öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmaması və Fərzəliyeva Elmiranın psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsasların olduğu müəyyən edilmişdir.

Tətbiq edilən hüquq.

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti. 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 321. Məhkəmənin ərizə üzrə qətnaməsi. 321.1. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

Məhkəmənin mövqeyi.

11. Psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmayan Fərzəliyeva Elmira fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş onun ərinin ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi vəziyyətini müəyyən etmək üçün keçirilmiş psixiatrik ekspertiza nəticəsində Fərzəliyeva Elmira fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilməsi üçün əsaslar olduğuna dair müvafiq rəy verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Odur ki, ərizə təmin edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

12. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1993-cü il təvəllüdlü Fərzəliyeva Elmira fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

13. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 335-338, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1993-cü il təvəllüdlü Fərzəliyeva Elmira fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar