Məhkəmə qərarları › İş №2(010)-3426/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3426/2021

13.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3426/2021 13.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı əmlakın qaytarılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə müraciət edərək mülkiyyətində olan Vaz-21723” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili istifadə edən Cavabdeh1 3780 manat, cavabdeh X1 1500 manat, Cavabdeh3 3120 manat, Cavabdeh4 49410 manat pulun alınıb verilməsi, həmçinin mülkiyyətində olan Vaz-21723” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh4 alınıb ona geri qaytarılması, avtomobilin geri qaytarılması mümkün olmadıqda 8000 manat pulun alınıb ona verilməsi, eyni zamanda ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia həcminin dəyişdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Vaz-21723” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili istifadə edən Cavabdeh1 3780 manat, cavabdeh X1 1400 manat, Cavabdeh3 2912 manat, Cavabdeh4 61625 manat pulun alınıb verilməsi, həmçinin mülkiyyətində olan Vaz-21723” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh4 alınıb ona geri qaytarılması, avtomobilin geri qaytarılması mümkün olmadıqda 9700 manat pulun alınıb verilməsi, eyni zamanda ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbini müdafiə edərək bildirmişdir ki, 2013-cü ildə iddiaçının tanışı X7 avtomobil almaq istədiyini bildirmişdir. Lakin o, rayon qeydiyyatında olduğu üçün alacağı avtomobilin dövlət qeydiyyat nömrəsinin Bakı şəhərinə aid olmayacağını və buna görə də o, iddiaçının adına avtomobilin alınmasını təklif etmişdir. Razılıq əsasında 25.10.2013-cü il tarixində cavabdehlə birlikdə Bakı şəhərində olan maşın bazarına gələrək “Vaz-21723” markalı avtomaşını almaq məqsədi ilə sənədlərə imza etmişdir. Bundan sonra iddiaçının avotmobildən xəbəri olmamışdır. İddiaçı “Nikoyl” İKB-nin cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki iş üzrə Qaradağ Rayon Məhkəməsinin 07 aprel 2015-ci il tarixli, 2(002)-963/2015 saylı qətnaməsinin icrası zamanı iddiaçıya məlum olmuşdur ki, avtomobil onun olmaqla yanaşı kredit müqaviləsi üzrə borc yaranmış və hazırda həmin kredit borcunu ödəməlidir. Qeyd olunan məhkəmənin qətnaməsindən müəyyən edilir ki, 25.10.2013-cü ildə İddiaçı ilə “Nikoyl” İKB ilə arasında 25.10.2013-cü il tarixli, 17-Az-l-0-5562-13 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin Kredit Müqaviləsinin təminatı olaraq iddiaçıya məxsus 2013-cü il buraxlışlı, “Vaz 21723” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin avtomobili kredit müqaviləsinə əsasən onun adına rəsmiləşdirilmiş və mülkiyyətinə verilməsinə dair müvafiq sənəd verilmişdir. İşin hallarında qeyd olunur ki, 25.10.2013-cü il tarixində iddiaçının tanışı X7 onu aldadaraq öz adına etibarnamə almış və sözügedən avtomobili istifadə etmişdir. O, iddiaçıya heç bir məlumat vermədən mülkiyyətində olan Vaz-21723” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 1 ünvanında olan Cavabdeh1 faktiki olaraq satmışdır. Daha sonra 03.03.2014-cü il tarixindən ardıcıl olaraq etirbarnamə ilə həmin avtomobil Şəmkir rayonu, Çinarlı qəsəbəsi ünvanında qeydiyyatda olan X4, ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh3 və ünvan 5 ünvanında qeydiyyatda olan Cavabdeh4 faktiki olaraq satılmışdır. Avtomobil “Nikoyl” Bankda ipoteka ilə yüklü olduğu üçün cavabdehlər digər şəxsin adına özgəninkiləşdirə bilməmişlər. 26.10.2016-cı il tarixli ərizə əsasında 25.10.2013-cü il tarixli etibarnaməyə xitam verilmişdir. Lakin 2013-cü ilin 25 oktyabrından bugünə kimi hələ də avtomobil iddiaçıya geri qaytarılmamışdır. Mülkiyyətində olan Vaz-21723” markalı, **-SP- *** dövlət qeydiyyat nişanlı avtomobilin sorğusu ilə bağlı Baş X11 İdarəsinin 03.04.2020-ci il tarixli məktubuna əlavə edilmiş kompyuter çıxarışından müəyyən edilir ki, həmin avtomobil 29.10.2013 - 03.03.2014-ci il tarixinə kimi Cavabdeh1 126 gün, 04.03.2014 - 22.04.2014-cü il tarixinə kimi cavabdeh X2 50 gün, 23.04.2014 - 05.08.2014-cü il tarixinə kimi Cavabdeh3 104 gün istifadələrində olmuşdur. Amma Cavabdeh4 06.08.2014-cü ildən bu günə kimi avtomobili qanunsuz olaraq istifadə edir. Cavabdehlər tərəfindən avtomobili istifadə etdikləri üçün iddiaçıya heç bir pul vəsaiti ödəməmişlər. Nəticədə cavabdehlər tərəfindən iddiaçıya maddi ziyan vurulub, halbuki həmin avtomobil uzun müddət icarəyə verilsəydi külli miqdarda gəlir əldə edə bilərdi. 2013-cü ildən 05.05.2021-ci il tarixə kimi avtomobilin günlük icarə haqqı Vaz-2107” markalı avtomobillər üzrə yeni avtomobil üçün 30 manat və orta vəziyyətdə olan avtomobil üçün 30-15 manatdır. Odur ki, iddiaçının mülkiyyətində olan avtomobilin cavabdehlərin qanunsuz istifadəsində olan günlərini nəzərə alaraq, Cavabdeh1 avtomobili istifadə etdiyi üçün 3780 manat, Cavabdeh2 avtomobili istifadə etdiyi üçün 1400 manat, Cavabdeh3 avtomobili istifadə etdiyi üçün 2912 manat, Cavabdeh4 avtomobili istifadə etdiyi üçün 61625 manat məbləğində ziyan vurulmuşdur. Bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuş və ona avtomobildən istifadə nəticəsində maddi ziyan dəymişdir. Odur ki,qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Cavabdeh2 həmin avtomobili Amildən almış, lakin sonradan avtomobilin bankda girovda olduğunu öyrənəndən sonra həmin avtomobili Cavabdeh3 geri qaytarmışdır. O problemləri olan avtomobili almaqdan imtina etmişdir. Bundan başqa Qaradağ rayon məhkəməsinin 2(002)-963/2015 saylı, 07.04.2015-ci il tarixli qətnaməsi ilə “Nikoyl” İKB-nin cavabdehlər İddiaçı və X6 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması tələbi təmin edilmiş, İddiaçı və X3 müştərək qaydada 8800 manat əsas borc, 2129,65 manat faiz borcu və 200,14 manat dəbbə pulu, 30 manat ödənilmiş dövlət rüsumu və bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat olmaqla ümumilikdə 11169,79 manat “Nikoyl” İKB-nin xeyrinə tutulması, tutulan məbləğ İddiaçı məxsus 2013cü il buraxılışlı, Vaz-21723” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı, ban XTA217230D02496639 olan, ******* mühərrik nömrəli, tünd göy metal rəngli minik avtomobilinə yönəldiməsi, həmin avtomobil açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına “Nikoyl” İKB-na olan borc ödənilməsi və hərracdan əldə edilən vəsaitin qalıq hissəsi İddiaçı qaytarılması qət edilmişdir. İddiaçı 2015-ci ildən indiyədək həmin avtomobilin qaytarılması tələbi ilə məhkəməyə müraciət etməmiş və həmin avtomobilin qaytarılması üçün heç bir səy göstərməmişdir. Odur ki, iddia tələbinin Cavabdeh2 olan hissəsində rədd olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh4 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, o həmin avtomobili Fərid adlı şəxsin vasitəçiliyi ilə tapmışdır. Şəmkir rayonunda həmin şəxsə beh vermiş və avtomobilin dəyərini 4000 manata razılaşmış və avtomobilə dair ona etibarnamə verilmişdir. Səhəri gün Bakı şəhərinə gəlmiş və öyrənmişdir ki, avtomobil həbsdədir. Bundan sonra avtomobili aparıb Fəridə geri qaytarmışdır. İş üzrə digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin), cavabdehin və digər cavabdehin nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Qaradağ rayon məhkəməsinin 2(002)- 963/2015 saylı, 07.04.2015-ci il tarixli qətnaməsindən görünür ki, “Nikoyl” İKB-nin cavabdehlər İddiaçı və X6 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması tələbi təmin edilmiş, İddiaçı və X3 müştərək qaydada 8800 manat əsas borc, 2129,65 manat faiz borcu və 200,14 manat dəbbə pulu, 30 manat ödənilmiş dövlət rüsumu və bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat olmaqla ümumilikdə 11169,79 manat “Nikoyl” İKB-nin xeyrinə tutulması, tutulan məbləğ İddiaçı məxsus 2013-cü il buraxılışlı, Vaz-21723” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı, ban XTA217230D02496639 olan, ******* mühərrik nömrəli, tünd göy metal rəngli minik avtomobilinə yönəldiməsi, həmin avtomobil açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına “Nikoyl” İKB-na olan borc ödənilməsi və hərracdan əldə edilən vəsaitin qalıq hissəsi İddiaçı qaytarılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin 03.04.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, “VAZ-21723” minik markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil 25.10.2013-cü il tarixdən gömrük bəyannaməsi hesab-arayış-566293 əsasında ünvan 6 ünvanında qeydiyyatda olan xx.xx.1991-ci il təvəllüdlü İddiaçı adına qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 26.10.2016-cı il tarixli Bakı şəhəri 42 saylı Notariat Kontoru tərəfindən verilmiş məktubun surətindən müəyyən olunur ki, Şirvan şəhəri, ünvan 7 ünvanında qeydiyyatda olan X5 25.10.2013-cü il tarixdə verilən və 7E-9447 saylı reyestrdə rəsmiləşdirilmiş (daşınmaz əmlak istisna olmaqla) ümumi etibarnamə 26.10.2016-cı il tarixdə ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 28.07.2021-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, “VAZ-21723” minik markalı, buraxılış ili 2013-cü il olan, tünd göy metal rəngli minik avtonəqliyyat vasitəsinin 05.05.2021-ci il tarixinə bazar qiyməti 9700 manat təşkil olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 166.1-ci maddəsinin tələbinə əsasən daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.3-cü maddəsinin tələbinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özkəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 365.1.3-cü maddəsinə əsasən etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi etibarnamənin qüvvəsinə xitam verir. Həmin Məcəllənin 365.2-ci maddəsinə əsasən etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edildi ki, İddiaçı 25.10.2013-cü il tarixdə X5 daşınmaz əmlak istisna olmaqla ümumi etibarnamə vermiş və həmin etibarnamə iddiaçı tərəfindən 26.10.2016-cı il tarixdə ləğv edilmişdir. Mübahisəli avtomobil girovda olduğundan Qaradağ rayon məhkəməsinin 2(002)-963/2015 saylı, 07.04.2015-ci il tarixli qətnaməsi ilə “Nikoyl” İKB-nin cavabdehlər İddiaçı və X6 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması tələbi təmin edilmiş, İddiaçı və X3 müştərək qaydada 8800 manat əsas borc, 2129,65 manat faiz borcu və 200,14 manat dəbbə pulu, 30 manat ödənilmiş dövlət rüsumu və bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat olmaqla ümumilikdə 11169,79 manat “Nikoyl” İKB-nin xeyrinə tutulması, tutulan məbləğ İddiaçı məxsus 2013-cü il buraxılışlı, Vaz-21723 markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı, ban XTA217230D02496639 olan, ******* mühərrik nömrəli, tünd göy metal rəngli minik avtomobilinə yönəldiməsi, həmin avtomobil açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına “Nikoyl” İKB-na olan borc ödənilməsi və hərracdan əldə edilən vəsaitin qalıq hissəsinin İddiaçı qaytarılması qət edilmişdir. Həmin avtomobil sonradan etibarnamə əsasında Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 verilmişdir. Məhkəmə hesab edir ki, avtomobil etibarnamə əsasında sonuncu olaraq Cavabdeh4 istifadəsinə verildiyindən həmin avtomobil ondan alınaraq mülkiyyətçiyə geri qaytarılmalıdır. Məhkəmə cavabdehlərdən avtomobildən istifadəyə görə pulun tutulması hissəsinə münasibətdə hesab edir ki, tərəflər arasında avtomobildən istifadəyə görə hər hansı əvəzin ödənilməsi nəzərdə tutulmadığından və bu barədə müqavilə mövcud olmadığından iddia tələbi həmin hissədə təmin oluna bilməz. Avtomobilin dəyərinin tutulması hissəsinə münasibətdə isə məhkəmə hesab edir ki, həmin tələb avtomobil faktiki olaraq mövcud olmadığı halda irəli sürülə bilər. Hazırkı halda avtomobilin faktiki olaraq mövcud olmaması ilə bağlı məhkəməyə sübut təqdim olunmamış, iddiaçı avtomobilin ehtimallar əsasında mövcud olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, “VAZ-21723” minik markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətində olduğundan, nəqliyyat vasitəsi Cavabdeh4 alınaraq İddiaçı qaytarılmalı və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. Cavabdeh4 “VAZ-21723” minik markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq İddiaçı qaytarılsın. Məhkəmə xərci- 30 (otuz) manat dövlət rüsumu Cavabdeh4 tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar