Məhkəmə qərarları › İş №2(010)-3435/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3435/2021

25.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3435/2021 25.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı aktın əsassız hesablanmış cərimənin silinməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı aktın əsassız hesablanmış cərimənin silinməsi tələbi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən akta əsasən hesablanmış 480 AZN məbləğində cərimənin qanunsuz hesab edilərək silinməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18.12.2018-ci ildə köhnə sayğac xarab olduqdan sonra o yazılı surətdə Suraxanı rayonu.ş qaz idarəsinə sayğacın dəyişdirilməsi haqqında müraciət etmişdir .bir müddət sonra gəlib sayğacı dəyişdirdilər. 2020-ci ilin noyabr ayında karta yerləşdirdiyi məbləğdən aşkar etmişdir ki, ona cərimə hesablanıb. Suraxanı rayon Qaz idarəsinə müraciət etdikdən sonra bilmişdir ki, ona 480 AZN məbləğində cərimə hesablanıb. Ona görə də hesab edir ki, hesablanmış borc məbləği silinməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən əsaslıdır, ona görə də iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş ******* saylı, 10.12.2018–ci il tarixli “Akt” dan görünür ki, istehlakçı İddiaçı istifadəsində olan qaz sayğacı çıxarılaraq yenisi ilə əvəzlənmişdir. Əvəzləmənin səbəbi kimi nazazlıq göstərilmişdir. İş materiallarına əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 28.02.2019-cu i tarixli “Akt”dan görünür ki, istehlakçı İddiaçı istifadəsində olan qaz sayğacının labaratoriya yoxlanışı zamanı sayğacın yivli birləşmələrinin korroziyaya uğradığı aşkar edilmişdir. İşdə olan “İtirilmiş təbii qazın dəyərinin hesablanması komisiyasının 28.02.2019-cu il tarixli aktından görünür ki, istehlakçı kimi Hilalov Elvinin göstərildiyi **********00020 saylı abonent kodu üzrə qaz sayğacına kənar müdaxilənin nəticəsi kimi itirilmiş qazın dəyəri cəmi 4860 m3 hesablanmışdır. Bakı Regional Qazın satışı Departamentinin İddiaçı ünvanladığı 21 bdekabr 2020-ci il tarixli xəbərdarlıqda qeyd olunmuşdur ki, İddiaçı 16.12.2020-ci il tarixinə istehlakçı hesabında 474.30 manat borcu mövcuddur və ödənilməlidir. İşin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dəyişdirilmənin səbəbi sayğacın nasazlığı olmuşdur. İş materiallarından həmçinin o da məlum olur ki, sayğaca müdaxilənin kim tərəfindən edilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Hazırkı işdə sayğacın sayğacın yivli birləşmələrinin korroziyaya uğramağına səbəbkarın iddiaçı olması müəyyən edilmir. Ona görə də, sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddiaçının ünvanı üzrə hesablanmış cərimə borcu silinməlidir. Borc məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 25.02.2021-ci il tarixli, saldodan görünür ki, iddiaçının istifadəsində olan, GPG10080611 saylı, **********00020 nömrəli abonent kodlu sayğac üzrə 456.8 manat borcu vardır. Məhkəmə hesab edir ki, iddia tələbi 456.8 manat həddində əsaslıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçının istifadəsində olan GPG10080611 saylı sayğaca (abonent kodu: **********00020) hesablanmış 456.80 (dörd yüz əlli manat səksən qəpik) manat məbləğində borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar