Məhkəmə qərarları › İş №2(010)-3449/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3449/2022

16.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3449/2022 16.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında istifadə Cavabdeh tərəfindən ona təbii qaza görə əsassız hesablanmış 432 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi ev 18 mənzil 25-də tək yaşayır. Mənzil bina evində yerləşir, həyət evi deyildir, su qızdırıcısı və kombi aparatından istifadə etmir, belə ki, bina dövlət tərəfindən istiliklə təmin edilir, qazdan yalnız 4 gözlü qaz plitəsində istifadə edilir. Cavabdehin əməkdaşları mənzilə daxil olaraq bunun şahidi olmuşlar. Cavabdeh İB ilə bağlanılmış müqavilə üzrə yaşadığı ünvandakı mənzili cavabdeh tərəfindən təbii qazla təmin edilir, istehlak edilmiş təbii qazın uçotu mexaniki sayğacla aparılır. Qaz sayğacı mənzilindən kənarda, blokda yerləşir. 2022-ci ilin may ayının əvvəllərində sahə müvəkkili tərəfindən ona zəng edilərək bildirdi ki, onun qaz sərfiyyatı üzrə borcu vardır, o, onu ödəməlidir. Halbu ki, ona gələn bildirişlərdə qaz sərfiyyatı borc göstərilmirdi. O, cavabdehdən abonentin saldosunu əldə etdikdə gördü ki, ona bu ilin 5 ayı üçün 432 manat borc hesablanmışdır. Yuxarıda qeyd etdiyi kimi, o, bina evində yaşayır, mənzildə yalnız 4 göz qaz sobası vardır, 4 göz qaz sobasının sərfiyyatı isə 5 ay ərzində bu qədər ola bilməz. Əvvəlki illərin sərfiyyatına baxdıqda 12 ay üçün 23 manatdan artıq olmamışdır. Belə olan halda 5 ay üçün 432 manat məbləğinin hardan götürülməsi səbəbi ilə maraqlandıqda ona bildirildi ki, sayğacın hesablama mexanizmində qapaq yan tərəfdən əzilmişdir və daxili qulaqcıqlarda əzik-üzük izləri vardır. Cavabdeh öz növbəsində hesablamalarının hüquqi əsaslarını ona bildirməmiş və sübuta yetirməmişdir. Beləliklə, cavabdehin hesablamaları heç bir normativ hüquqi akta əsaslanmamışdır. Bundan başqa onunla cavabdehin arasında bağlanmış müqavilədə qaz paylayıcısının cavabdehin tərəfindən istehlak olunmuş qazın dəyərinin yalnız qaz sayğacının göstəricisinə əsasən ödənilməsini tələb etmək hüququnun olması nəzərdə tutulmuşdur. Göründüyü kimi həmin müqavilənin şərtlərində qaz paylayıcısının heç bir halda qaz sayğacından kənar hesablanmış borcun birbaşa və məcburi qaydada ödənilməsini istehlakçıdan tələb etmək hüququ, eləcə də istehlakçının həmin borcun mübahisəsiz ödənilməsi vəzifəsi nəzərdə tutulmamışdır. Hazırki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh hesablamalarının düzgün olmasını, 2022-ci ilin may ayında sayğacın göstəricisinin 4320 kub metr olmasını sübuta yetirməlidir. Habelə qaz sayğacı binanın blokunda, mənzildən kənar yerləşdiyi üçün o, həmin sayğacın vəziyyətinə görə məsuliyyət daşımır. Ona görə də əsassız olaraq hesablanmaqla ondan (iddiaçıdan) tələb olunan qaz sərfiyyatına görə 432 manatın silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, X3 Qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli MSK- 29/1710-00231-1 saylı aktın surətindən müəyyən olunur ki, ******* nömrəli sayğacın eister tipli G-4 markalı sayğaca ümumi baxış keçirildi, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var, itirilmiş qazın bərpası üçün 432 manat dəymiş ziyan hesablanmışdır. X1 əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən müəyyən olunur ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış sayğaca baxış keçirilən zaman 24 yanvar 2022-ci il tarixli dövlət yoxlamasına əsasən ******* saylı sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqçıqlarında əzik-cızıq izləri var. X3 tərəfindən tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı tərtib olunan aktlar üzrə qaz sərfiyyatına görə borcu 432 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilində quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh yararsız sayğacı yenisi ilə əvəz edərək iddiaçının təqsirini sübuta yetirmədən ondan qaz sərfiyyatına görə dəyən ziyanı tələb edir. Məhkəmə qeyd edir ki, Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli 18 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, həmin əlavənin cədvəl bölməsinin 4.1.1-ci və 4.1.2-ci şərtlərində illik istehlak həcmi dedikdə təbii qazın bir təqvim ili ərzindəki istehlak həcmi nəzərdə tutulur və həmin tariflər xx.xx.2017-ci il tarixdən qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız və qanunsuz tələb irəli sürmüşdür. Ona görə də məhkəmə iddia ərizəsini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh İddiaçı (kod **********00250) qaz sərfiyyatına görə tələb etdiyi 432 (dörd yüz otuz iki) manat pul vəsaiti silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar