Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-345/2024 05.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə (bundan sonra mətndə Cavabdeh İB) qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. Cavabdeh İB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanına dair tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, sayğacın göstəricisi dəyişmir, sərfiyyatı qeyd etmir.
2. Abonent saldosundan görünür ki, ünvan 1 ünvanına (abonent kodu: **********00000) 6220,80 manat məbləğində cərimə hesablanmışdır.
3. "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında çıxarışdan görünür ki, ünvan 1 ünvanında abonentin ailə tərkibi kimi “0” göstərilmiş və 2017-ci ildən 2024-cü ilə kimi aylıq maksimum 12 manata yaxın borc yazılmışdır.
İşin faktiki halları
4. Cavabdeh İB tərəfindən ünvan 1 ünvanına qaz sayğacının quraşdırılması və həmin ünvan üzrə **********00000 nömrəli abonent kodunun verilməsi işin mübahisəsiz hallarıdır.
İddia tələbi
5. İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən ünvan 1 ünvanı üzrə “**********00000“ nömrəli abonent koduna hesablanmış 6220 (altı min iki yüz iyirmi) manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları
6. İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi.
7. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçının ünvanına yazılmış borc məbləği əsassızdır. Belə ki, həm tərəfindən təqdim edilmiş çıxarışlardan, həm də şahid ifadələrindən görünür ki, mübahisəli evdə 2017-ci ildən yaşayış olmamışdır. "xxxx" ASCnin də çıxarışından göründüyü kimi 2017-ci ildən hazırki günə kimi çox az məbləğdə işıq sərfiyyatı olmuş və cuzi məbləğdə borclar yazılmışdır. Yalnız yas mərasimində işıq çox işləndiyi üçün sərfiyyat çox olmuşdur. Bundan əlavə, iddiaçının ünvanına yazılmış borc məbləği sayğacda nasazlıq olduğu üçün yazılmışdır və nə sayğac çıxarılan zaman, nə də ki, labaratoriya rəyi verilən zaman iddiaçının iştirakı təmin olunmamışdır. İddiaçı yalnız qazın verilməsi dayandığı zaman sayğacının çıxarıldığını və borcunun olduğunu bilir ki, bu da qanunsuz bir haldır. Bununla yanaşı, qaz sayğacları hasardan çöldə yerləşir ki, onun da sazlığına iddiaçının cavabdeh olması mümkün deyil. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
8. Cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, yazılmış borc məbləği labaratoriyanın rəyinə əsasən yazılmışdır və sayğacda ALARM-1 rejimi aşkar olunmuşdur. ALARM-1 rejimində isə ola bilər ki, sayğac 2 ay işləsin, digər aylar işləməsin. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
10. Məhkəmə iclasında şahid qismində dindirilən X1 bildirdi ki, hazırda mübahisənin getdiyi ünvanda 2004-cü ilə qədər onun dayısı və xalası yaşamışdır. Dayısı rəhmətə getdikdən sonra, xalası həmin evdə yaşamış, lakin sonradan xalası yataq xəstəsi olduğu üçün tək qoya bilmədikləri üçün xalasını öz evinə aparmışdır.
11. Məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirdi ki, o, iddiaçı ilə həm qonşu, həm də uzaq qohumdur. Qaz borcunun olduğu ünvanda 2017-ci ildən bu yana heç kim yaşamır. Yas mərasiminin keçirildiyi zaman Azəriqazın əməkdaşları gələrək borcun olduğunu demiş, o isə həmin adamların heç vaxt borc saxlamadıqlarını bildirmişdir.
12. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirdi ki, həmin ünvanda heç kim yaşamasa da, o, yas mərasiminin keçirildiyi gün qaz borcunun olduğunu eşitmişdir.
Tətbiq edilən hüquq
13. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarı
1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. 3.1.5. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
14. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanunu
Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması
8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Məhkəmənin mövqeyi
15. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.
16. Belə ki, iş üzrə toplanmış sübutları araşdıran məhkəmə belə nəticəyə gəlmişdir ki, Cavabdeh İB tərəfindən ünvan 1 ünvanına qaz sayğacı quraşdırılmışdır. Məhkəmə qeyd edir ki, cavabdehin əməkdaşları tərəfindən sayğacın göstəricisinin dəyişməməsi və sərfiyyatı qeyd etməməsi ilə bağlı akt tərtib olunarkən, sayğacın yararsız vəziyyətə salınmasının iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin iddiaçı tərəfindən birbaşa olaraq qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. “Qaz təchizatı” haqqında Qanunda, eləcə də, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarda imperativ qaydada müəyyən olunmuşdur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır və qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Odur ki, akt qanunvericiliyinin tələbləri pozulmaqla tərtib olunduğundan, həmçinin qəbul edilməsi üçün əsas olmuş hallar cavabdeh təşkilat tərəfindən sübut edilmədiyindən, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Həmçinin, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 6220 manat borc silinməlidir.
17. Cavabdehin göstərdiyi dəlillər isə iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki qaz sayğacının zədələnməsi istehlakçının təqsiri üzündən baş verdikdə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilə bilər. Cavabdeh tərəfindən isə iddiaçının qaz sayğacına qanunsuz müdaxilə etməsi və sayğacın yararsız vəziyyətə salınmasında iddiaçının təqsirli olması yaxud hər hansı bir qanunsuz əməl nəticəsində iddiaçının cavabdehə maddi ziyan vurmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də, iddiaçı törətmədiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıya bilməz. Bundan əlavə, Qaydalara əsasən qaz sayğacının mühafizəsini təmin etmək vəzifəsinin cavabdehin üzərinə düşdüyünü və iddiaçının sayğacı kənar təsirlərdən mühafizə etmək öhdəliyi olmadığını nəzərə alınaraq hesab edilməlidir ki, istehlakçıdan sayğacın yararsız vəziyyətə salınması nəticəsində hər hansı məbləğ tələb edilə bilməz. Bundan əlavə, cavabdehin nümayəndəsi iddiaçının 4 ilə yaxın heç bir ödəniş etmədiyini qeyd etsə də, məhkəmə hesab edir ki, həmin əsasa görə iddianın rədd edilməsi qanunauyğun deyil. Belə ki, hazırki iş üzrə iddiaçının ünvanına yazılmış cərimə, sərfiyyat məbləği yox, bir növ sanksiyadır və qaz sayğacının sərfiyyatı qeyd etmədiyi üçün iddiaçının ünvanına hesablanaraq yazılmışdır. Sayğacın sərfiyyatı qeyd etməməsi və işləməməsinə görə məsuliyyəti isə abonent yox, məhz qaz paylayıcısı olan cavabdeh daşıyır. Çünki, qaz sayğaclarının işlək vəziyyətdə olub-olmadığını yoxlamaq vəzifəsi birbaşa olaraq qaz paylayıcısı olan Cavabdeh İB-nin səlahiyyətindədir və Birliyin əməkdaşları tərəfindən təlimata əsasən yoxlanılmalıdır. Əlavə olaraq, məhkəmə iclasında dindirilmiş şahidlərin də ifadələrindən müəyyən olundu ki, 2017-ci ildə mübahisə predmeti olan evdə heç kim yaşamadığı üçün qazdan istifadə olunmamışdır.
Məhkəmə xərcləri
18. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.
19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.
20. Hazırki iddia üzrə ödənilməli olan dövlət rüsumu məbləği 82 manat təşkil edir.
21. Odur ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 82 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
22. Beləliklə, qeyd olunanlara əsasən məhkməmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanına (abonent kodu: **********00000) hesablanmış 6220 manat məbləğində borc ləğv olunmalıdır.
23. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. ünvan 1 ünvanına (abonent kodu: **********00000) hesablanmış 6220 (altı min iki yüz iyirmi) manat məbləğində borc ləğv olunsun. Cavabdehndən 82 (səksən iki) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.