Məhkəmə qərarları › İş №2(010)-3463/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3463/2020

17.11.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3463/2020 17.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz zəbt etdiyi topraq sahəsindən çıxarılması və orada tikilmiş daş hasarın cavabdehin hesabıına sökülməsi barədə qətnamə çıxarılmasını və başqasının torpaq sahəsini qanunsuz zəbt etdiyinə görə, yəni hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulmuş çinayət əməlinin tərkibi mövcüd olduğu üçün, cavabdeh barəsində xüsusi qərardad çıxarıb Baş Pörokurora göndərilməsini xahiş etmişdir. Üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X8 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkərinin “Azneft” İB-nin “Qum adası“ NQCİ-nin rəhbərliyinin və Həmkarlar İttifaqının xx.xx.1996-cı il tarixli iclas Protokoluna əsasən müəsissənin işçisi kimi iddiaçı bağçılıq cəmiyyətinə üzv qəbul olunmuş və İdarənin balansında olan “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatından ona 1000 kv. metr torpaq sahəsindən ibarət olan bağ sahəsi ayrılmışdır. Həmin bağdan o, uzun müdətdir ki, istifadə edir, orada fərdi yaşayış evi tikdirib yaşayır. Cavabdeh onun hasar qonşusudur, yəni o qonşu bağ sahəsinin istifadəçisidir. İddiaçıya məxsus hər iki bağın torpaq sahələri mişar daşla hasara alınmış və hasarın ümumi istifadə yoluna çıxan üz tərəfində metal konstruksiyadan hazırlanmış iki ədəd giriş-çıxış darvazaları quraşdırmışdır. Darvazanın birindən iddiaçı, digərindən isə cavabdeh istifadə edir. Əvvələr onlar arasında hər hansı mübahisə baş verməmiş, hasarın və darvazanın qabaq hissəsindən keçən, hamı üçün müəssər olan torpaq sahəsindən iddiaçı və digər qonşular ümumi yol kimi istifadə etmişlər. Onlar bu yoldan həm piyada, həm də avtomobil yolu kimi istifadə etmişlər. Lakin son zamanlar cavabdeh heç bir qanuni əsas olmadan, heç kəsdən soruşmadan, yəni tamamilə özbaşına olaraq hasarın ona aid hissəsinin önündən keçən torpaq hissəsini qanunsuz olaraq zəbt edərək həmin torpaq sahəsini mişar daşlarla hasara alıb ümumi istifadədə olan yolu bağlamışdır. Bu hərəkətləri ilə, cavabdeh iddiaçının bağına və evinə gedən yoldan istifadə hüququnu kobud surətdə pozmuşdur. Bundan əlavə, həmin torpaq sahəsi ümumi istifadə yolu olduğu üçün oradan boru kommunikasiya xətləri keçmişdir. Cavabdehin özbaşına hərəkətlərini dayandırmaq üçün iddiaçı və digər qonşular dəfələrlə onunla söhbətlər aparmış, ümumi istifadədə olan torpağın zəbt edilməsini və yolun kəsilməsinin yolverilməz olduğunu bildirmişlər. Lakin cavabdeh heç nəyə məhəl qoymamış, özbaşına əməllərini davam etmişdir. Belə olan halda iddiaçı “xxxxxx” ASC-nin Suraxanı rayon idarəsinə şikayət edib cavabdeh tərəfindən su kommunikasiya xətlərinin keçdiyi yolun qanunsuz zəbt edilməsi barədə məlumat vermişdir. Su idarəsinin əməkdaşlarının müdaxiləsindən sonra cavabdeh qanunsuz tikdiyi hasarı sökməyə məcbur edilmiş, lakin o öz çirkin niyyətlərindən əl çəkməmiş, hasarın bir hissəsini sökəndən sonra bu işləri dayandırmış və ümumi istifadədə olan yolu bağlı vəziyyətdə saxlamağı davam edir. Bir sözlə cavabdeh qanunsuz zəbt etdiyi torpaq sahəsini boşaltmaqdan imtina edir. İddiaçı DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə də şikayət etmişdir. Həmin İdarənin əməkdaşları sözügedən əraziyə gəlib yoxlama aparmışlar və müəyyən etmişlər ki cavabdehin mübahisəli torpaq sahəsinə hər hansı hüquqmüəyyənedici sənədi yoxdur, həmin torpaq sahəsi cavabdeh tərtəfındən özbaşına zəbt edilmiş torpaq sahəsidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi tərəfindən verilmiş məktuba əsasən cavabdehin əməlində cinayət əlamətləri olduğundan müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məlumat verilmişdir. Bundan əlavə, məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı da müəyyən olunmuşdur ki, mübahisə predmeti olan 44 saylı bağ sahəsinin mülkiyyətçisi İddiaçıdur və o, həmin yaşayış sahəsinə dair sərəncam verməyi və digər hərəkətlər etməyi X7 etibar etmişdir. Həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh qanunsuz olaraq yolu zəbt etmiş və daş hasar tikdirmişdir. Buna görə də qeyd olunanların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının tələbi tamamilə əsassızdır. Belə ki, iddiaçı ondan xeyli aralıda yaşayır və sonuncunun həmin evlə bağlı hər hansı bir sənədi yoxdur. Onun bağ evi 50 saylı, qonşuluğunda olan ev isə Məmmədova Gülafata məxsus 48 saylı bağ evidir. 44 saylı bağ evi onların ətrafında yerləşmir. Həmin bağ evi İddiaçı məxsusdur. İddiaçının özü heç onu tanımır və onlar yalandan 44 №-li bağ sahəsinin sahibinin adından sənədlər hazırlayıblar. Bundan əlavə, məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı da müəyyən olunmuşdur ki, 50 saylı bağ sahəsi ona məxsusdur və onun yanında hasar qonşusu olan 48 saylı bağ sahəsinin mülkiyyətçisi X5 yaşayır. 44 saylı bağ sahəsi ondan xeyli aralıda yerləşir və həmin bağ sahəsinin ayrıca giriş-çıxış yolu vardır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan “Qum adası” NQÇİ-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin rəyasət heyətinin birgə iclasının xx.xx.1996-ci il tarixli 02 №-li Protokolundan Çıxarışdan görünür ki, İddiaçı Z. oğluna bağçılıq cəmiyyətinə üzv olunması və “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatında ona istifadəsi üçün 1000 kv.m. torpaq sahəsi ayrılması barədə verdiyi ərizəsinə əsasən İddiaçı Z. oğluna 1000 kv.m. torpaq sahəsi olan Blok «A» 44 saylı bağ sahəsinin daimi istifadə etmək üçün verilmişdir. “Qum adası” NQÇİ-nin HİK-nin sədri tərəfindən verilmiş arayışdan görünür ki, Suraxanı rayonu Hovsan yolunun üstündə yerləşən “Qum adası” NQÇİ-nin Bağçılıqyoldaşlıq cəmiyyətinin sahəsi olan 1996-cı il tarixli 2 saylı protokoldan çıxarışı ilə İddiaçı Z. oğluna Blok «A» 44 saylı verilmiş bağ evi tikintisi üçün ayrılan 1000 kv.m torpaq sahəsinin həbs,qadağa və məhdudiyyət predmeti yoxdur. Azərbaycan Respublikası FHN BDYTİ Sabunçu rayon DYTX-nin rəisi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Zülfiqar oğlu həqiqətən Azərbaycan Respublikası FHN BDYTİ Sabunçu rayon Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinin Bakıxanov qəsəbəsi Gənclər küçəsi, 21-də yerləşən ailə yataqxanasının 10-cu mənzilində yaşayır. Ailə tərkibi: h/yoldaşı X4 Azərbaycan Respublikası “C.V.S” Şəxsi firması Fiziki və hüquqi şəxslərin mülkiyyətində və ya istifadəsində olan vergiyə cəlb olunan əmlakın inventarlaşdırılmasına dair xx.xx.2018-ci il tarixli hesabat cədvəlindən görünür ki, Suraxanı rayonu, Zığ qəsəbəsi, Bahar yaşayış massivində 173 m2 torpaq sahəsində yerləşən, ümumi sahəsi 100 m2 olan tikintinin mülkiyyətçisi X6r. Quba regional “ASAN xidmət” mərkəzində notarial ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı “Qum adası” NQÇİ-nin Bağçılıq təsərrüfatında yerləşən, 1996-cı ildə 02 saylı protokola əsasən verilmiş Blok “A” 44 saylı 0,10 ha torpaq sahəsinə dair, həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və s. hərəkətlər etməyi X7 etibar etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi tərəfindən vətəndaş X7 ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Bakı ərazi şöbəsinin işçiləri tərəfindən araşdırılan zaman dövlət mülkiyyətinə aid 0,01 hektar torpaq sahəsinin vətəndaş Cavabdeh tərəfindən hasara alınması faktı müəyyən edilmişdir. Qeyd olunanlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulmuş əməlin əlamətlərinə uyğun gəldiyindən müvafiq tədbirlərin görülməsi məqsədi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məlumat verilmişdir. Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının Zığ qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən “Leqal Center” vəkil bürosuna ünvanlanmış xx.xx.2020-ci il tarixli 1/32 nömrəli məktubdan görünür ki, Suraxanı rayonu, Zığ qəsəbəsi, Bahar yaşayış sahəsi blok “A” 44 saylı ünvanda İddiaçı və X1 yaşayıb yaşamaması barədə Zığ qəsəbə nümayəndəliyində heç bir məlumat yoxdur. “Qum adası” NQÇİ-nin bağçılıq-yoldaşlıq birliyi tərəfindən xx.xx.1994-cü il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.1994-cü il tarixdən “Qum adası” NQÇİ-nin bağçılıq-yoldaşlıq cəmiyyətinə üzv qəbul edilmiş və üzvlük biletinə əsasən ona 50 saylı bağ sahəsi verilmişdir. “Qum adası” NQÇİ-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin rəyasət heyətinin birgə iclasının xx.xx.1994-cü il tarixli 01 №-li Protokolundan Çıxarışdan görünür ki, Cavabdeh bağçılıq cəmiyyətinə üzv olunması və “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatında ona istifadəsi üçün 1200 kv.m. torpaq sahəsi ayrılması barədə verdiyi ərizəsinə əsasən Cavabdeh 1200 kv.m. torpaq sahəsi olan Blok «A» 50 saylı bağ sahəsinin daimi istifadə etmək üçün verilmişdir. “Qum adası” NQÇİ-nin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin rəyasət heyətinin birgə iclasının xx.xx.2005-ci il tarixli 02 №-li Protokolundan Çıxarışdan görünür ki, X2 bağçılıq cəmiyyətinə üzv olunması və “Bahar” bağçılıq-yoldaşlıq təsərrüfatında ona istifadəsi üçün torpaq sahəsi ayrılması barədə verdiyi ərizəsinə əsasən X2 700 kv.m. torpaq sahəsi olan Blok «A» 48 saylı bağ sahəsinin daimi istifadə etmək üçün verilmişdir. “Qum adası” NQÇİ-nin bağçılıq-yoldaşlıq birliyi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş arayışdan görünür ki, X5 xx.xx.2005-ci il tarixdən “Qum adası” NQÇİ-nin bağçılıqyoldaşlıq cəmiyyətinə üzv qəbul edilmiş və üzvlük biletinə əsasən ona 48 saylı bağ sahəsi verilmişdir. “Qum adası” NQÇİ-nin bağçılıq təsərrüfatında yerləşən X2 xx.xx.2005-ci ildə 02 saylı protokola əsasən verilmiş 48 saylı bağ sahəsinin eskizindən görünür ki, Blok «A» 50 saylı bağ sahəsində Cavabdeh, onun qonşuluğunda isə Blok «A» 48 saylı bağ sahəsinin mülkiyyətçisi X5 yaşayır. Məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, 50 saylı bağ sahəsində Cavabdeh, onun qonşuluğunda isə 48 saylı bağ sahəsinin mülkiyyətçisi X5 yaşayır. X5 ona məxsus bağ sahəsini iki hissəyə bölərək bir hissəsini başqa şəxsə satmış, sonuncu dəfə isə həmin torpaq sahəsini X9 almış və öz ailə üzvləri ilə birlikdə orada yaşayır. 50 saylı bağ sahəsindən bir-iki ev irəlidə olan yoldan sola tərəf dönərək, həmin torpaq yoldan iki-üç ev sonrada isə 44 saylı bağ sahəsi yerləşir. 44 saylı bağ sahəsinin ayrıca giriş-çıxış yolu vardır və həmin ərazidə olan bağların yerləşdiyi küçələrin adları olmadığı üçün “blok A” adı ilə adlandırılır. xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: İddia tələbinin əsas hissəsi cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. İddia tələblərinə münasibət bildirən məhkəmə hesab edir ki, əvvəlcə iddiaçının qeyd edilən iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına zəmanət verilir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ bəndində qeyd edilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq olsa da, mülki qanunvericilik hüquq və azadlıqların məhkəmədə müdafiəsinə nail olmaq üçün bəzi prosedurlar və şərtlər müəyyən etməklə, bu imkanı məhdudlaşdırır. Bu şərtlərdən biri də, subyektiv hüquqdur. Yəni, hüquq və maraqların məhkəmə müdafiəsi təminatı o halda yararlı ola bilər ki, pozuntu halının şəxsin hüquq və azadlığı, qanuni mənafeyi ilə hansısa qaydada təsiri olması, mənafelərinə toxunması sübut olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqe təsbit olunmuşdur ki, bu hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüquq; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə, bəzən yalnız qanunla müəyyən edilmiş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı o halda cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb edə bilər ki, həmin torpaq sahəsi ya iddiaçıya mülkiyyət və ya hansısa əmlak hüququ əsasında məxsus olmuş olsun, ya da cavabdehin həmin sahədə inşa etdiyi hansısa tikili qonşuluq hüququ və ya yoldan istifadə hüququna hansısa qaydada maneçilik törətsin. Hazırkı işin materiallarından görünür ki, mübahisəli torpaq sahəsi iddiaçının deyil, dövlətin mülkiyyətindədir. Cavabdehin mübahisəli torpaq sahəsini mübahisəli hasar olmadan zəbt etməsi özlüyündə iddiaçının hər hansı hüquq və azadlığını pozmur. Odur ki, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması tələbini irəli sürmək üçün iddiaçı müvafiq subyektiv hüquqa malik deyil. Məhkəmə mübahisəli hasarın iddiaçının həmin yoldan istifadə imkanını məhdudlaşdırıb-məhdudlaşdırmadığını müəyyən etmək üçün yerli baxış keçirmiş, məlum olmuşdur ki, iddiaçıya məxsus bağ sahəsi ona bitişik deyil, bir neçə ünvan uzaqlıqdadır. İddiaçı bu yolun əsas yola çıxış üçün yeganə vasitə olduğunu bildirsə də, yerli baxış zamanı əsas yola çıxış üçün başqa yoldan istifadə edildiyi, həmin yolun əsas yola bilavasitə çıxışının olduğu müəyyən edildi. İddiaçı isə, mübahisəli yolun onun üçün daha səmərəli olmasını sübuta yetirə bilməmişdir. Odur ki, iddia təmin edilə bilməz. Cavabdeh barəsində xüsusi qərardad çıxarılması ilə bağlı tələbə gəldikdə isə, tərəflərin bildirdiyinə görə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi tərəfindən verilmiş məktuba əsasən cavabdehin əməlində cinayət əlamətləri olduğundan müvafiq tədbirlər görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məlumat verilmişdir. Belə olan halda, eyni tələb barəsində təkrar müraciət üçün zərurət yoxdur. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilmədiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı “cavabdehin qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxarılması” tələbinə dair iddiası təmin edilməsin. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar