Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3474/2023 12.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdehnə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh tərəfindən çıxarılmış təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akta əsasən **********00011 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat borcun silinməsi. İddia tələbinin dəlilləri ARDNŞ X4 əməkdaşları iddiaçı X3 heç bir məlumat vermədən, iştirakını təmin etmədən yaşadığı evə quraşdırılmış G-4 İtron qaz sayğacını sökmüş və yerinə G-4 İtron markalı yeni sayğac quraşdırmışlar. Bununla bağlı qaz sayğacının çıxarılmas, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Sonradan məlum olmuşdur ki, sökülən qaz sayğacı ekspertizaya aparılmış və yararsız hesab olunmuşdur. X4 tərəfindən çıxarılmış təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmişdir. Aktın tərtib edilməsi səbəbi olaraq qeyd edilmişdir ki, sayğacın hesablanması mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya plombları fərqlidir. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəngi qoruyucu örtüyün rəngindənfərqlidir. Sayğacın daxilində gövdənin üzərində 2014-cü ilə məxsus olan zavod möhürü aşkar olunmadı. Sonradan isə məlum olmuşdur ki, cavabdeh tərəfindən 1505,20 miqdarında cərimə edilmişdir. Onun cərimələnməsi qanunsuz və əsassızdır. ARDNŞ X2 əməkdaşlarının sayğacı necə sökdükləri, köhnə sayğacla necə davrandıqları ona məlum deyil. Sayğac hamı üçün əlçatan yerldədir və yaşadığı evdən kənarda yerləşir, sayğacı yoldan keçən istənilən şəxs zədələyə bilər. Cavabdeh qurumun bu cür qanunsuz davranışından və onu cərimələməyindən belə çıxır ki, sayğac sökülən zaman sayğacı sökülən istədiyi kimi davrana bilərlər, lakin bunun məsuliyyəti abonentin üzərindədir. Eyni zamanda vaxtı-vaxtında işlədilən qazın pulunun ödənilməsi, hətta işlədilən qazın pulundan əlavə balansa artıq pulun ödəməsi də sübut edir ki, onun sayğaca müdaxilə tməsi gülüncdür. Butun bunlar cavabdeh tərəfindən mülki hüquqdan sui istifadədir. Göründüyü kimi iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi haldaona əlavə pul hesablanması yolverilməzdir. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçı X3 iddia tələbini müdafiə edərək, izahatında təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 izahatında göstərmişdir ki, o, iddianı qəbul etmir. İddiaçının evindəki sayğac müdaxilədədir. İddiaçı tərəfindən təbii qazdan istifadəyə görə ödənişlər normaldır. İş materialları Abonentin saldosundan görünür ki, ünvan 1 ünvana dair **********00011 saylı abonentin 06.2010-cu ildən 03.2023-cü il tarixədək 1555.20 manat məbləğində borc hesablanmışdır. Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib edilmiş ******* nömrəli, xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəngi qoruyucu örtüyünün rəngindən fərqlidir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, sənaye və məişət qaz sayğaclarının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 29/1710- 04286-1 №-li aktına əsasən G-4 markalı 1402AZ**********64 №-li sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəngi qoruyucu örtüyünün rəngindən fərqlidir. Sayğacın daxilində gövdənin üzərində 2014-cü ilə məxsus olan zavod möhürü aşkar olunmadı. Gövdə dəyişdirilib. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək çıxarışdan görünür ki, X3 həmin dövr üzrə cəmi 136 manat məbləğində ödəniş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
3. Qaz paylayıcısının, qazdan istifadə edən istehlakçıların, mənzil mülkiyyətçilərinin və yaşayış binalarını idarə edən təşkilatların vəzifələri. 3.1. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.2.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli. 4.2. Qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin həyətində deyil, ondan kənarda yerləşdirilmişdir. Məhkəmə müəyyən edir ki, iddiaçıya məxsus ünvanda quraşdırılmış sayğaca baxış keçirilərkən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş şərtlərə əməl olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, sayğaca baxış keçirilməsi zamanı hər hansı bir foto və ya video çəkilişin aparılması da iş materilları ilə müəyyən edilmir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, “Qaz təchizatı haqqında” Qanunun 13.8-1-də vurğulanır ki, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Lakin iş materiallarından müvafiq hüquq-mühafizə orqanlarına şikayət edilib-edilməməsi, edilməmişdirsə - hansı səbəblərə görə edilməməsi, edilmişdirsə - həmin şikayətin nəticəsi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı bir sənəd (sübut) təqdim olunmamışdır.
Məhkəmənin gəldiyi nəticə İddiaçı X1 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, V.Quliyev küçəsi, ev 29F saylı evə hesablanmış 1555,20 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı X1 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, V.Quliyev küçəsi, ev 29F saylı evə hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova