Məhkəmə qərarları › İş №2(010)-3485/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3485/2020

18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3485/2020 18.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Miriyeva Səlimə Miri qızı İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işi materiallarını araşdıraraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra İddiaçı İB) Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 300 manat məbləğində əsas borc, 30 manat dövlət rüsumu, ümumilikdə isə 330 manat borcun tutularaq İddiaçıİB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla xx.xx.2018-ci il, ASX-1/0064 saylı müqavilə əsasında fasiləsiz təbii qazdan istifadə edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********000171 hesab nömrəsi verilmişdir. Cavabdeh istixanada qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə etmiş, tam ödəniş aparılmamışdır. Belə ki, istifadə olunmuş təbii qazın dəyərinin tam şəkildə ödənilməsi ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixə 300 manat borcu qalmışdır. Cavabdeh “qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğısatqısı barədə müqavilə”lərinin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Hal-hazırda Cavabdeh təbii qazdan istifadəyə görə 300 manat debitor borcu qalmşdır. İstehlakçı barəsində İddiaçı İB tərəfindən heç bir “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Mübahisə olunan borc məbləği yalnız istehlakçı tərəfindən qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə olunması və ödənişin həyata keçirilməməsi nəticəsində yaranmış borc məbləğidir. Bu da özlüyündə borclunun barəsində mübahisə edilməyən vəzifəsini qanunvericiliyə və tərəflər arasında bağlanmış müqaviləyə əsasən yerinə yetirmədiyini göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasında baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh iddia ərizəsinin, müqavilənin və onun prosessual hüquq və vəzifələrinin izahı haqqında bildirişin surəti göndərilmiş, həmçinin, ona bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərə biləcəyi bildirilmiş və MPM-in 284-5.3-cü maddəsinə əsasən, ərizənin məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacağı və həmin işin həllinə dair qətnamə çıxarılacağı barədə xəbərdar edilmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, iddiaçı təşkilata olan 300 manat məbləğində olan borcunu ödəmişdir. Onun iddiaçıya heç bir borcu yoxdur və bu halı iddiaçı təşkilatın nümayəndələri də təsdiq edir. Odur ki, ərizəyə borcun ödənilməsini təsdiq edən sənədləri əlavə edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qanunvericiliyinin tələbini əsas götürərək işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2018-ci il tarixli, ASX-1/0064 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin 1-ci maddəsindən görünür ki, Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. **********00171 nömrəli Abonentin saldosundan görünür ki, abonent Cavabdeh 2020-ci ilin iyun ayının sonuna olan borcu 300 manat təşkil edir. Cavabdeh tərəfindən ərizəyə əlavə edilmiş **********00171 nömrəli Abonentin saldosundan görünür ki, abonent Cavabdeh 2020-ci ilin avqust ayının sonuna olan borcu 0 manat təşkil edir. Cavabdeh tərəfindən ərizəyə əlavə edilmiş xx.xx.2020-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı İB-nin hesabına 300 manat məbləğində pul ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqaviləyə uyğun olaraq təbii qazdan istifadə etmiş, lakin müqaviləyə uyğun ödəniş etməmiş, nəticədə təbii qazdan istifadəyə görə 300 manat məbləğində borcu yaranmışdır. Bu səbəbdən İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək həmin borcun cavabdehdən tutulmasını xahiş etmişdir. Öz növbəsində Cavabdehda ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıya olan 300 manat borcu ödədiyini bildirmiş, bu barədə olan ödəniş qəbzini və iddiaçıya heç bir borcunun qalmadığını təsdiq edən abonentin saldosunu ərizəsinə əlavə etmişdir. Həmin sənədlərdən görünür ki, cavabdehin iddiaçı təşkilata təbii qazdan istifadəyə görə 300 manat borcu olsa da cavabdeh həmin borcu tam ödəmiş və nəticədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilən tarixə heç bir borcu qalmamışdır. Yəni cavabdeh iddiaçıya hazırda heç bir borcu olmadığını sübut edə bilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı təşkilata olan borc tam ödənildiyindən iddiaçı tərəfindən həmin pul yenidən tələb edilə bilməz. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-6.1-ci maddəsinin tələbinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. 284-6.3-cü maddəsinin tələbinə görə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı İB-yə olan 300 manat məbləğində borcunu tam ödədiyindən onun iddiaçı təşkilat qarşısında heç bir borcu yoxdur. Odur ki, iddia təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar