Məhkəmə qərarları › İş №2(010)-349/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-349/2022

14.03.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-349/2022 14.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 05.07.1990-cı il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək və ərizəni müdafiə edərək bildirdi ki, AR ƏƏSMN-nin 16 saylı Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01 №164526 saylı 12.10.2006-cı il tarixli arayışına əsasən, oğlu-X4 “debillik dərəcəsində ağıl zəifliyi, nitq qüsuru, qıcolma” (anadangəlmə) diaqnozu ilə müddətsiz İİ qrup əlillik dərəcəsi verilmişdir. Bakı ŞBSİ-nin Suraxanı rayonunun 13 saylı Birləşmiş Şəhər Xəstəxanasının 28.10.2021-ci il tarixli arayışı ilə oğlu-X5 həmin xəstəxanada İİ qrup əlil kimi “debillik dərəcəsində ağıl zəifliyi, nitq qüsuru, qıcolma” diaqnozu ilə dispanser qeydiyyatında olması faktı təsdiqlənir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə 05.07.1990-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmədiyini bildirdi. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət agentliyi “Tibbi Ərazi bölmələrini İdarəetmə Birliyi” X9 Bakı Şəhər Baş Səhiyyə İdarəsi 13 saylı Birləşmiş Şəhər xəstəxanası tərəfindən verilmiş 28.10.2021-ci il tarixli məktubdan görünür ki, 1990-cı il təvəllüdlü X5 İİ qrup əlildir. “Debillik dərəcəsində ağıl zəifliyi, nitq qüsuru, qıcolma” diaqnozu ilə dispanser qeydiyyatındadır. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən Ərizəçi ünvanlanmış 25.10.2021-ci il tarixli məktubdan görünür ki, 05.07.1990-cı il təvəllüdlü X5 üzərində qəyyum təyin edilməsi barədə Ərizəçi ərizəsinə baxılmış və ona X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 27 yanvar 2022-ci il tarixli, 208 №-li ekspert rəyində qeyd olunmuşdur ki, X3 orta dərəcəli əqli gerilik qeyd olunur. X5 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmuşdur. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə tərəfləri dinləyib, məhkəmə psixitarik ekspertizasının rəyini nəzərdən keçirib, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, 05.07.1990-cı il təvəllüdlü X5 psixi qüsurlarına görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. 05.07.1990-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar