Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3507/2022 07.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona təbii qaza görə əsassız hesablanmış 520,36 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən evə yazılmış 520,36 manat borcun silinməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Evdə yalnız 1 ədəd 4 gözlü qaz plitəsindən istifadə edilir. Həmişə sərf etdiyi qazın dəyərini vaxtlı vaxtında ödəmişdir. xx.xx.2022-ci ildə cavabdeh tərəfindən ona 520,36 manat borcunun olması barədə bildiriş xəbərdarlıq gəlmiş, həmin bildirişə görə 1 ay ərzində həmin məbləğdə guya qaz sərf etmişdir. Lakin onun bu qədər qaz sərfiyyatının olması mümkün deyildir. Onun tərəfindən sayğaca da heç bir müdaxilə olunmamışdır. Qaz sayğacı iddiaçının yaşadığı həyət evindən kənarda yerləşir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədə qaz paylayıcısının (cavabdehin) istehlakçı tərəfindən istehlak olunmuş qazın dəyərinin yalnız qaz sayğacının göstəricisinə əsasən ödənilməsini tələb etmək hüququnun olması nəzərdə tutulmuşdur. Həmin müqavilənin şərtlərində qaz paylayıcısının heç bir halda qaz sayğacından kənar hesablanmış borcun birbaşa və məcburi qaydada ödənilməsini istehlakçıdan tələb etmək hüququ, eləcə də istehlakçının həmin borcun mübahisəsiz ödənilməsi vəzifəsi nəzərdə tutulmamışdır. Qaz sayğacına müdaxilə olunmadığı halda və ya həmin müdaxilənin iddiaçı tərəfidən olunması sübut olunmadığı halda əsassız borc yaranmışdır. İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı izahatında bildirdi ki, evinin yerləşdiyi küçənin yanındakı küçədə yol çəkildiyindən avtobuslar onun evinin küçəsindən keçirdi. Evlərinin qarşısındakı küçə dar olduğundan avtobus sayğaca dəyib və sayğac sınıb. Bundan xəbər tutan kimi 104-ə zəng etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 04/2022 ildən 08/22 ilədək dövrü əhatə edən xx.xx.2022-ci il tarixli abonentin saldosundan müəyyən olunur ki, **********00081 saylı abonent İddiaçı 06/2022 il tarixi, ayın sonuna borcu 520.36 manatdır. Qalıq və aktlar üzrə borcu 518,40 manatdır. Cavabdeh xx.xx.2022-ci il tarixli bildiriş-xəbərdarlıqdan müəyyən olunur ki, İddiaçı 520.36 manat məbləğində borcu mövcuddur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktdan görünür ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Bayramov küç ev 8A ünvanında 29/1-2022 il tarixli Dövlət yoxlanılmasına əsasən **********17038710 saylı sayğacın hesablama mexanizminin qoruyucu örtüyü kənar təsir nəticəsində qopub. Baxış zamanı ZOD ekran element və informasiya düymələri aşkar olunmadı. Dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, Suraxanı rayonu, Əmircan qəsəbəsi, H.Bayramov küç ev 8A ünvanda aşkar edilmiş nöqsan: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalan”nın 1.3 bəndinə uyğun olaraq bağlanılmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.6-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərinə əsasən, itirilmiş qaz bərpa edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya 518.40 manat məbləğində borc hesablanmışdır, iddiaçının tələbi isə akta əsasən hesablanmış 520.36 manat məbləğində borcun silinməsidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.1-ci bəndinə əsasən qaz paylayıcısı tərəfindən - istehlakçının müvafiq müraciəti olduqda, təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğın və ya qaz sızmasının qarşısı alındıqda, istehlakçının qaz qurğusunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilmədikdə, qaz paylayıcısı ilə müqavilə bağlanmadıqda, məhkəmənin qərarı ilə qazın verilməsini dayandıra bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin həyətində deyil, ondan kənarda-yolda yerləşdirilmişdir. Məhkəmə müəyyən edir ki, iddiaçıya məxsus ünvanda quraşdırılmış sayğaca birtərəfli qaydada baxış keçirilmiş və baxış keçirilən zaman şahidlərin iştirakı təmin olunmamış, habelə abonent həmin aktın tərtibində iştirak etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, sayğaca baxış keçirilməsi zamanı hər hansı bir foto və ya video çəkilişin aparılması da iş materilları ilə müəyyən edilmir. Bütün bu ziddiyyətlər isə mübahisələndirilən aktda təsbit olunan məlumatların doğruluğuna əsaslı şübhələr yaradır və onun inandırıcı sübut kimi qəbul edilməsini istisna edir. İddiaçı akta əsasən hesablanmış 520.36 manat məbləğində borcun silinməsini tələb etsə də, məhkəmə müəyyən edir ki, sözügedən akt əsasında iddiaçıya 518.40 manat məbləğində borc hesablanmışdır. Odur ki, iddia tələbi qismən təmin edilməli və İddiaçı yaşadığı ünvan 2 ünvanına (abonent kodu: **********00081) akta əsasən hesablanmış 518.40 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı ünvan 2 ünvanına (abonent kodu: **********00081) akta əsasən hesablanmış 518.40 manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-3507/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3507/2022
07.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver