Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2049/2021 06.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndə və vəkilləri Nümayəndə1 və Vəkil Cavabdeh” MMC-nin nümayəndə və vəkilləri Nümayəndə2 və X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə (DİN-nin BTYPİ-nin Qİİ müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “müqavilələrin etibarsız hesab edilməsi və s.” haqqında ilkin, Cavabdeh MMC-nin İddiaçı qarşı “əmlakın geri qaytarılması və s.” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh MMC ilə aralarında **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı “Kamaz” markalı; **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “Kamaz” markalı; **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “Kamaz” markalı; **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı “Kamaz” markalı; **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “Kamaz” markalı; **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “Kamaz” markalı; **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “Kamaz” markalı; **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “Kamaz” markalı yük maşınlarına dair bağlanmış xx.xx.2018-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin maşınlara görə ona ödənilməli olan 196.270 manat haqqın və 2012-ci il buraxılışlı, “xxxx” markalı ekskavatorun MMC-dən alınaraq ona qaytarılması, həmin ekskavatora görə 30.670 manat haqqın, cəmi 216.940 manatın, MMC-nin qanunsuz əməlləri nəticəsində 8 ədəd “Kamaz” markalı maşınların və 1 ədəd “xxxx” markalı ekskavatorun 19 ay dayanmasına və saxlanmasına görə 703.000 manat real zərərin, Mərkəzi Bankın uçot faiz dərəcəsinə illik 5%-dən cəmi 72.824 manat əldən çıxmış faydanın, vəkil bürosuna hüquqi yardıma görə ödənilmiş 1020 manatın və dövlət rüsumuna görə ödənilmiş 31 manatın MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC, qarşılıqlı iddia ərizəsi verərək, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı “Kamaz” markalı; **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “Kamaz” markalı; **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “Kamaz” markalı; **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı “Kamaz” markalı; **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “Kamaz” markalı; **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “Kamaz” markalı; **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “Kamaz” markalı; **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “Kamaz” markalı 8 ədəd yük maşınının İddiaçı alınaraq ona qaytarılması, həmin maşınların 2019-cu ilin may ayından indiyədək istifadəsinə görə 608.000 manatın, 220 manat vəkil haqqının və 30 manat dövlət rüsumunun İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı, həmçinin, iddianın təmin tədbiri barədə ərizə verərək, sözügedən “Kamaz” markalı 8 ədəd yük maşınının İddiaçı istifadəsindən alınaraq DİN BDYPİ-nin müvəqqəti saxlama meydançasına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. İddiaçı, həmin qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, qarşılıqlı iddia ərizəsi və iddianın təmin tədbiri barədə ərizədə göstərilən əsaslar və predmet eynilik təşkil edir. Ona görə də, rayon məhkəməsi ərizənin təmin olunması barədə qərardad qəbul etməklə, artıq qarşılıqlı iddaya mahiyyəti üzrə baxmadan ona dair mövqeyini əvvəlcədən bildirmişdir. Eyni zamanda, ərizədə göstərilən hallarla (maşınların istifadə nəticəsində faydalı xassələrinin azalması, zədələnməklə məhv olması riskinin olması) bağlı hər hansı dəlil və sübuta istinad edilməmişdir. Həmçinin, belə bir təmin tədbirinin görülməsinə hüquqi baxımdan bir zərurət də yoxdur. Yasamal Rayon Məhkəməsi, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndələri şikayətin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdilər. Sədrlik edənin sualına cavab olaraq isə bildirdilər ki, İddiaçı fərdi sahibkar kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, 2020-ci ilin yanvar ayından etibarən fəaliyyətini dayandırmışdır. Cavabdeh MMC-nin nümayəndələri isə, şikayətə etiraz edərək, təmin olunmamasını xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25-ci və 26-cı maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Göründüyü kimi iddianın ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Hazırkı işdə iddia ərizəsindən görünür ki, mübahisə ilkin İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədardır. Belə ki, o, iddia ərizəsində fərdi qaydada fəaliyyət göstərən şəxs kimi mülkiyyətində qeyd edilən yük maşınlarının olduğunu və həmin yük maşınlarının sürücüləri barəsində “sürücülərim” ifadəsini işlətməklə, onlara haqq ödədiyini bildirməklə mübahisənin də məhz bu fəaliyyəti ilə bağlı yarandığını açıqca ifadə etmişdir. Eyni zamanda, vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə sənədlərdən görünür ki, tərəflər arasında mülki hüquq münasibətləri yaranan zaman və bundan sonra da İddiaçı fərdi sahibkar kimi vergi orqanında qeydiyyatda olmuşdur. Sonradan isə öz ərizəsi əsasında fəaliyyəti xx.xx.2020-ci il tarixdən etibarən 5 il müddətinə dayandırılmışdır. Göründüyü kimi, mübahisə fərdi sahibkar İddiaçı ilə Cavabdeh MMC arasında məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır. Lakin birinci instansiya məhkəməsi, yuxarıda qeyd olunan halları nəzərə almayaraq, mübahisənin ümumi və ya kommersiya məhkəməsinə aid olması məsələsini həll etmədən işi icraata götürmüş və iddianın təmin tədbiri barədə ərizəyə baxmışdır. Halbuki, mülki-prosessual qanunvericiliyin tələbinə görə işə baxan hakim ilk növbədə iddia ərizəsinin aidiyyət qaydalarına uyğun olaraq verilib-verilməməsini müəyyən etməlidir. Həmin məhkəməyə aid olmayan iş üzrə iddianın təmini tədbiri haqqında ərizəyə baxılması isə yolverilməzdir. Çünki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda, məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Odur ki, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv olunmalı, əvvəlcə mübahisənin məhkəmə aidiyyətinin həll edilməsi və sonrakı prosessual hərəkətlərin aparılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5316/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin, mübahisənin məhkəmə aidiyyətinin həll edilməsi və sonrakı prosessual hərəkətlərin aparılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2049/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2049/2021
06.01.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver