Məhkəmə qərarları › İş №2(010)-3517/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3517/2023

21.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3517/2023 21.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “033252 saylı xx.xx.2023-cü il tarixli aktın ləğv edilməsi, elektrik sərfiyyatına görə hesablanmış 3138 manat borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilərək imzalanmış 033252 saylı xx.xx.2023-cü il tarixli aktın ləğv edilməsi, elektrik sərfiyyatına görə hesablanmış 3138 manat borcun silinməsi. İddia tələbinin dəlilləri İddiaçı ünvan 1 ünvanında yaşayır və qeyd olunan ünvanda yerləşən evinə 110101111/10000 abonent kodlu elektrik sayğaçı quraşdırılmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı və ailə üzvləri evdə olmayanda "xxxx" ASC-nin əməkdaşları tərəfindən, güya onların elektrik sayğacına müdaxilə etməsi nəticəsində sayğacda nasazlıq yaranmış və bu səbəbdən sayğaç yarasız vəziyyətə düşməsi müəyyən edilmişdir. Həmçinin "xxxx" ASCnin əməkdaşları tərəfindən bu barədə xx.xx.2023-cü il tarixli 033252 saylı akt tərtib edilmişdir. Son olaraq isə iddiaçıya 3138 manat borc hesablanmışdır. xx.xx.2023-cü il tarixdən isə evində quraşdırılmış elektrik sayğacına plomb vurularaq evinin elektriklə təmin olunması dayandırılmışdır. Hesab edir ki, bu hal tam qanunsuzdur və elektrik sayğacında yaranmış nasazlığa görə onu təqsirli bilərək 3138 manat borcun hesablanması tam qanunsuzdur. Akt tərtib edilən gün qeyri iş günü olduğundan iddiaçı və ailə üzvləri istirahət üçün rayona getmiş və evdə olmamışdır. Belə ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçı ailə üzvləri ilə birgə Şamaxı rayonunda olmuş və bu səbəbdən aktın tərtib edilməsində iştirak edə bilməmişdir. Hazırda qüvvədə olan qanunvericilik aktlarında olan tələblərə əsasən hər bir halda akt tərtib edilərkən evdə yaşayanların iştirakı təmin edilməlidir. Belə ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 7.6-cı maddəsinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerji təchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Göründüyü kimi evdə yaşayanların birinin akt tərtib edilərkən orada iştirak etməsi təmin edilməli idi. Həmin aktda hansı ünvandanda tərtib edilməsi göstərilmədiyi üçün aktın tərtib edildiyi dəqiq ünvan bilinmir. Həmçinin aktı nəzərdən keçirdikdə məlum olur ki, akt xx.xx.2023-cü il tarixdə saat 07:10da tərtib edilib. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası ərazisində həm qeyri iş günü həmdə Qurban Bayramı günlərinə dəlalət edirdi. Bu isə özü özlüyündə aktın tam qanunsuz olmasına dəlalət edir. Akt tərtib edilərkən onu "xxxx" ASC-nin əməkdaşları B.Abdullayev və A.Məmmədov imzalamışdılar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq bu tipli aktlar tərtib edilərkən iki hal şahidinin iştirakı məcburidir. Azərbaycan Respublikası İXM-nin tələblərinə uyğun olaraq bu tipli aktlar tərtib edilərkən aktı tərtib edənlərin adı, soyadı və ata adı ilə yanaşı aktın tərtib edildiyi ünvan və tarixdə aktda qeyd olunmalıdır. Lakin aktda nəzərə yetirdikdə aktın imzalayanların soyadı tam göstərilsədə adlarının bir tək baş hərfləri göstərilib, ata adları isə ümumiyyətlə qeyd edilməyib. Həmçinin aktın harada tərtib edilməsidə aktın məzmunundan dəqiq məlum olmur. Bundan əlavə evə aid elektrik sayğacında hər hansı problemin olmasına dair heç bir video çəkilişdə aparılmayıb, həmçinin aktda bu barədə heç bir hal qeyd olunmayıb. Bu tipli aktlar tərtib edilərkən iki hal şahidin iştirakı təmin edilməlidir. Əks halda bütün proses videoçəkilişlə qeydə alınmalıdır. İddiaçının elektrik enerjisinin istehlakçısı kimi elektrik sayğaclarının texniki vəziyyətinə nəzərət etmək kimi bir öhdəliyi və ya vəzifəsidə yoxdur. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən o, və ailə üzvləri evdə olmadığı zaman onun elektrik sayğacına baxış keçirilərək, onlar tərəfindən sayğaca müdaxilə olunduğuna görə akt tərtib edilmiş və sayğac aparılmışdır. Cavabdehin əməkdaşları akt tərtib edərkən və sayğac aparılarkən nə o, nə də ailə üzvləri evdə olmamış və həmin gün qeyri-iş günü olduğuna görə Şamaxı rayonuna istirahətə getmişlər. Cavabdehin əməkdaşları tərəfindən akt tərtib olunarkən nə o, nə də ailə üzvləri iştirakı etməmişlər. Cavabdehin əməkdaşları tərəfindən elektrik sayğacına görə qeyri-qanuni olaraq ona 3138 manat məbləğində borc yazılmışdır. O, 3138 manatlıq elektrik enerjisi istifadə etməmişdir. Həmin borc qanunsuz və əsassız olaraq cavabdehin nümayəndəsi tərəfindən yazılmışdır. Onun tərəfindən sayğaca müdaxilə olunmamışdır. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. O, izahatında bildirdi ki, abonentin elektrik sayğacı işləmədiyindən dəyişdirilmişdir. Abonentin sayğacına müdaxilə olunmuşdur. Abonentə aid köhnə sayğacda enerjidən sərfiyyatla bağlı borc yığılmışdır. Sayğaca məcburi olaraq hər ay baxış olunur. Sayğacda sərfiyyatla bağlı borc yığılmışdır. Həmin borcun hansı dövr üçün hesablandığını müəyyən etmək mümkün deyil. Sərfiyyatı sayğac özü hesablayır. Sayğacın ola bilsin ki, sərfiyyatı az göstərilsin, lakin işlətdiyi sərfiyyat çox olanda sayğacın kompüter məlumat bazasında sərfiyyatın miqdarı dəqiq əks olunur. Limitə qədər sərfiyyət 8 qəpikdən, limitdən artıq sərfiyyat isə 11 qəpikdən hesablanır. İş materialları 033252 saylı xx.xx.2023-cü il tarixli aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonent kodu 110101111/10000 olan istehlakçı Əliyev Şamilin fərdi yaşayış evinin elektrik sayğacına E.E.İ.Q-ya uyğun olaraq baxış keçirilən zaman məlum olmuşdur ki, sayğacın ekranının baxış tablosu oxunmur, proqram təminatı pozulub, tabloda «HATA » sözü yazılmışdır, sayğacın alt qapaq möhürünün simi sındırılmışdır. Xətdən axan yük plan +1,2 kilovat /1, Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi Bakı şəhər Suraxanı rayonu üzrə bölməsinin xx.xx.2023-cü il tarixdə verilmiş arayışından görünür ki, Füzuli rayonundan məcburi köçkün İddiaçı həqiqətən ailə tərkibi ilə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Alıcanov 11/1 ünvanda müvəqqəti məskunlaşmışdır. Ailə tərkibi: X5; X4 və X6. Abunə haqqında məlumatdan görünür ki, Suraxanı, Qaraçuxur qəsəbəsi, Yeni Qumluq. R. Alıcanov ev (bina) 11/1 mənzil 0000 Əliyev Şamil 110101111/10000 abonentin xx.xx.2011-ci ildən xx.xx.2023-cü ilədək göstəricilər üzrə ödənişləri həyata keçirmişdir. "xxxx" ASC-nin aktından görünür ki, Əliyev Şamil 110101111/10000 abonentin sayğacına baxış zamanı məlum olmuşdur ki, fərdi yaşayış evinə məxsus elektrik sayğacının ekran tablosu sönüb, sayğac dövrədə keçən yükü qeyd etmir. Tabloda HATA sözü yazılmışdır. Sayğacın alt qapaq möhürünün simi qırıqdır. Qərara alınmışdır ki, UŞnın 484264 saylı protokolunda 13929001 saylı sayğacın üzərində 97019 göstəricisinə əsasən 2419 kvts kompüter məlumat bazasına daxil edilməmiş sərfiyyat var. İşin faktiki halları "xxxx" ASC və Əliyev Şamil arasında Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən "xxxx" ASC abonent Əliyev Şamilə məxsus əmlakı elektrik enerjisi ilə təchiz etmişdir. Bundan sonra abonentin ünvanına "xxxx" ASC tərəfindən 110101111/10000 nömrəli abonent kodu verilmiş, elektrik sayğacı quraşdırılmışdır. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində abonent Əliyev Şamilə məxsus ünvanda elektrik enerjisindən istifadə qaydalarına riayət olunub olunmamasını yoxlamaq məqsədilə baxış keçirilmiş və akt tərtib edilmişdir. İddiaçı həmin mənzildə yaşayır. Hazırda həmin yoxlama əsasında ondan tələb edilən borcun əsassız olduğunu hesab edən iddiaçı məhkəmədən müvafiq borcun silinməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, hesablanmış məbləğ cərimə məbləği deyil, sayğacın müayinəsi zamanı iddiaçı tərəfindən istifadə edilmiş, lakin kompüter məlumat bazasına daxil edilməmiş sərfiyyata görə hesablanmış borcdur. Azərbaycan Respublikası Mülki Məcəlləsi 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. "Elektrik enerjisindən istifadə” Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı Qərarı 1.2 Bu Qaydalar "Enerji resurslarından istifadə haqqında", "Elektroenergetika haqqında", "Energetika haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 7.1 Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 7.2 Dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. 7.6 Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri – cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 7.11 Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. 8.2 Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.4 Əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.15. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda, elektrik sayğaclarına onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə yenidən hesablaşma aparılır. 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 8.35. Enerjitəchizatının subyektləri arasında elektrik enerjisindən istifadədə və ya elektroenergetika sahəsində digər mübahisəli məsələlərə tərəflərdən birinin müraciətinə əsasən X1 Agentliyi səlahiyyəti çərçivəsində baxıb, rəy verə bilər. Enerjitəchizatının subyektləri (dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçıları, enerjitəchizatı müəssisələri, istehlakçılar, o cümlədən məişət abonentləri) arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər.

Məhkəmənin mövqeyi "xxxx" ASC və Əliyev Şamil arasında Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən "xxxx" ASC abonent Əliyev Şamilə məxsus əmlakı elektrik enerjisi ilə təchiz etmişdir. Bundan sonra abonentin ünvanına "xxxx" ASC tərəfindən 110101111/10000 nömrəli abonent kodu verilmiş, elektrik sayğacı quraşdırılmışdır. Cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində abonent Əliyev Şamilə məxsus ünvanda elektrik enerjisindən istifadə qaydalarına riayət olunub olunmamasını yoxlamaq məqsədilə baxış keçirilmiş və akt tərtib edilmişdir. Hazırda həmin yoxlama əsasında ondan tələb edilən borcun əsassız olduğunu hesab edən iddiaçı məhkəmədən müvafiq borcun silinməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, hesablanmış məbləğ cərimə məbləği deyil, sayğacın müayinəsi zamanı iddiaçı tərəfindən istifadə edilmiş, lakin kompüter məlumat bazasına daxil edilməmiş sərfiyyata görə hesablanmış borcdur. Məhkəmə qeyd edir ki, "Elektrik enerjisindən istifadə” Qaydalarının 8.17-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Məhkəmə vurğulayır ki, cavabdeh tərəfindən elektrik sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin həyətində deyil, ondan kənarda yerləşdirilmişdir. Cavabdeh izahatlarında bildirmişdir ki, abonentin elektrik sayğacı işləmədiyindən dəyişdirilmişdir. Abonentə aid köhnə sayğacda enerjidən sərfiyyatla bağlı borc yığılmışdır. Sayğaca məcburi olaraq hər ay baxış olunur. Həmin borcun hansı dövr üçün hesablandığını müəyyən etmək mümkün deyil. Sərfiyyatı sayğac özü hesablayır. Sayğacın ola bilsin ki, sərfiyyatı az göstərilsin, lakin işlətdiyi sərfiyyat çox olanda sayğacın kompüter məlumat bazasında sərfiyyatın miqdarı dəqiq əks olunur. Limitə qədər sərfiyyət 8 qəpikdən, limitdən artıq sərfiyyat isə 11 qəpikdən hesablanır. Yuxarıda adı çəkilən Qaydaların 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin Qaydaların 8.17-2-ci bəndinə görə istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə müəyyən edir ki, iddiaçıya məxsus ünvanda quraşdırılmış sayğaca baxış keçirilərkən və akt tərtib edilərkən Qaydalarda nəzərdə tutulmuş şərtlərə əməl olunmamışdır. Məhkəmə vurğulayır ki, sayğaca baxış keçirilməsi zamanı hər hansı bir foto və ya video çəkilişin aparılması da iş materialları ilə müəyyən edilmir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəf sayğacın müayinəsi zamanı kompüter məlumat bazasına daxil edilməmiş 24198 kvt sərfiyyatın olduğunun aşkarlandığını və borcun həmin sərfiyyata uyğun hesablandığını bildirsə də, buna dair də hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, cavabdeh tərəfindən 24198 kvt sərfiyyata görə (limitə uyğun istifadəyə görə 0,08 manatdan hesablanmaqla 24198*0,08=1935,84) 1935.84 manat məbləğində borc hesablanmışdır. Bundan başqa məhkəmə müəyyən edir ki, 24198 kvt sərfiyyat üçün əlavə olaraq 1195 kvt hissəyə 1 manatdan hesablanmaqla 1195 manat borc hesablanmışdır. Cavabdehin nümayəndəsi bu cür hesablanmaya dair də əsaslı aydınlıq gətirə bilməmişdir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, qanunvericiliyin sadalanan normalarını rəhbər tutaraq və iş materiallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Alıcanov 11/1 ünvanına (abonent kodu 110101111/10000) baxış zamanı tərtib edilmiş 033252 saylı, xx.xx.2023-cü il tarixli akt ləğv edilməli, həmin akta əsasən hesablanmış 3130,84 manat məbləğində borc silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, R.Alıcanov 11/1 ünvanına (abonent kodu 110101111/10000) baxış zamanı tərtib edilmiş 033252 saylı, xx.xx.2023-cü il tarixli akt ləğv edilsin, həmin akta əsasən hesablanmış 3130,84 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar