Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3518/2024 28.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi tərəfindən verilmiş “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. 1.Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2006-cı il təvəllüdlü qızı X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, “X4 xx.xx.2006-cı il tarixdə anadan olmuşdur. O, anadangəlmə ruhi xəstədir. Onun xəstəlik diaqnozu ’’Hemiplegik spastik serebral iflici”dir. X4 müddətsiz olaraq 1-ci qrup əlilidir. O, psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu şəkildə idarə etmək iqtidarında deyildir, yerimir və oturmur. Onun daim kənar şəxsin köməyinə ehtiyacı vardır. X2 üzərində qəyyum təyin edilməsinə dair müraciətimə Suraxanı rayon İcra Hakimiyyətində bildirildi ki, X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra baxıla bilər. Ona görə də mən məhkəməyə müraciət edirəm.”
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
4. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, buna baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
5. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-T seriyalı, 041072 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X8 (atası X7, anası Ərizəçi) xx.xx.2006cı il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 819 nömrə ilə qeyd edilmişdir.
6. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X8 üzərində qəyyum təyin edilməsi üçün şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olması zəruri olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2634 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinin nəticə hissəsindən görünür ki, X1 iflici nəticəsində yaranmş ağır dərəcəli (limbesillik dərəcəsində) əqli gerilik müəyyən edlir. O, öz hərəkətlərini anlamaq və idarə etmək iqtidarında deyil. Buna görə də tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
İşin faktiki halları.
8. xx.xx.2006-ci il təvəllüdlü X8 Ərizəçi övladıdır.
9. X8 İ dərəcəli əlildir.
Tətbiq edilən hüquq.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti. 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. Maddə 317. Ərizənin verilməsi. 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 321. Məhkəmənin ərizə üzrə qətnaməsi. 321.1. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
Məhkəmənin mövqeyi.
12. Psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmayan X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi vəziyyətini müəyyən etmək üçün keçirilmiş psixiatrik ekspertiza nəticəsində fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilməsi üşün əsaslar olduğuna dair müvafiq rəy verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır.
Məhkəmənin gəldiyi nəticə.
13. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2006-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
14. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 335-338, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.2006-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva