Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3523/2024 25.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı Cavabdeh qarşı “torpağın boşaldılması, cavabdehin torpaq sahəsindən çıxardılması, fərdi yaşayış evinin boşaldılması və mülkiyyət hüququna maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “torpağın boşaldılması, cavabdehin torpaq sahəsindən çıxardılması, fərdi yaşayış evinin boşaldılması və mülkiyyət hüququna maneələrin aradan qaldırılması” tələbinə dair tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən ona məxsus olan və cavabdeh tərəfindən zəbt olunan torpağın boşaldılması, cavabdehin torpaq sahəsindən çıxardılması, qeyriqanuni tikililərin sökülməsi və mülkiyyət hüququna maneələrin qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə məhkəmədə baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Cavabdeh şəxsiyyəti haqqında məlumatların “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yoxlanılması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə ölmüşdür. Belə olan halda iddiaçı ölmüş şəxsə qarşı iddia qaldırmışdır ki, bu cür ərizənin məhkəmə tərəfindən icraata qəbul edilməsi yolverilməzdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi. 24.1. Fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 25.1. Fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ölmüş şəxsə qarşı iddia qaldırıldığından və bu cür şəxsin heç bir prosessual statusu olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və ərizəyə əlavə edilmiş bütün sənədlər ərizə ilə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Həmçinin hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçının ödədiyi 100 manat məbləğində dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və MPM-in 153-cü və 267-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “torpağın boşaldılması, cavabdehin torpaq sahəsindən çıxardılması, fərdi yaşayış evinin boşaldılması və mülkiyyət hüququna maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsin və iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (tarix: xx.xx.2024, qəbzin nömrəsi: 19861) dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-3523/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3523/2024
25.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver