Məhkəmə qərarları › İş №2(010)-3614/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3614/2022

21.09.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3614/2022 21.09.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Hüseynov Rəhı̇ m Qurbanəlı̇ oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2̇ Qurbanəlı̇ oğluna qarşı qanunsuz tikililərin sökülməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında Cavabdeh1 tərəfindən tikilmiş 2 mərtəbəli fərdi yaşayış evi və Cavabdeh2̇ Qurbanəlı̇ oğlu tərəfindən tikilmiş 1 mərtəbəli fərdi yaşayış evinin cavabdehlərin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3614/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata iddia tələbinin Cavabdeh1 tərəfindən tikilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi hissəsində xitam verilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən əmlak mərhum atası X5 adına ilk dəfə xx.xx.1970-ci il tarixdə qeydiyyatdan keçmişdir. Mənzil sahəsi 54,2 kv.m olan 3 otaqdan, həyətyanı sahədən, təsərrüfat əhəmiyyətli tikililərdən, dəhliz, mətbəx və hamamdan ibarət olmaqla bərabər paylar əsasında X6, X11, Cavabdeh2, X7, Cavabdeh1 və ona məxsusdur. O, doğulduğu vaxtdan bugünə kimi həmin evdə yaşayır. Cavabdeh1 həmin ünvanda heç bir icazə almadan qanunsuz olaraq 2 mərtəbəli ev tikmişdir. Evinin pəncərəsi də onun yaşadığı evə baxır. Bundan başqa, digər Cavabdeh2 da onun yaşadığı evin yanında qanunsuz olaraq heç bir icazə almadan 1 mərtəbəli ev tikmişdir. O, cavabdehlərdən qanunsuz tikdikləri tikililəri sökmələrini tələb etsə də, onlar, tikinti aparmaq üçün icazələrinin olduğunu bildirirlər. Halbuki, tikililərin tikildiyi ilk gündən onların rəsmi icazələri olmayıb. Əgər icazə olardısa, bu şifahi qaydada yox, yazılı qaydada olmalıdır. Cavabdehlərin əllərində isə tikinti üçün razılığın olmasını əks etdirən sənədlər mövcud deyil. Əgər olsa idi, bu vaxta kimi ona göstərər, ona cavab verməkdən yayınmazdılar. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun izahat verərək atalarından miras qalmış əmlakda cavabdehlər tərəfindən inşa edilmiş tikililərlə bağlı məhkəmə onun əleyhinə qərar qəbul etsə də, sonradan dövlət orqanlarına müraciət etmiş və ona yenidən məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Əvvəlki məhkəmə qətnaməsi çıxandan sonra mübahisəli ərazidə əlavə tikili inşa olunmamışdır, lakin əvvəl inşa olunmuş tikili də sökülməlidir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işin hallarını araşdıraraq və sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-300/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, X9, X8 və X2 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin məhkəmə qətnaməsi ilə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı və cavabdehlər atalarından miras qalan əmlaka birgə mülkiyyət hüququ ilə sahibdirlər. 2007-ci il tarixli məhkəmə qətnaməsi ilə birgə mülkiyyətdə olan əmlakın satılması, əldə edilən gəlirin vərəsələr arasında paylara uyğun bölünməsi qət edilmiş, lakin, qətnamə icra olunmamışdır. Məhkəmə qətnaməsi ilə mübahisəyə maddi hüquq normaları baxımından qiymət verilərək hesab edilmişdir ki, cavabdehin mübahisəli tikilini inşa etməsi ilə iddiaçının mülkiyyət hüququnun pozuntusu halı sübut edilmir. - İş materiallarından görünür ki, iddiaçı hazırki məsələ ilə bağlı müxtəlif orqanlara müraciət etmiş və həmin orqanlar tərəfindən hazırkı məsələnin onların səlahiyyətinə aid olmadığı və məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, mübahisə obyekti olan əmlak tərəflərə atalarından miras əmlak kimi qalmışdır. Tərəflər arasında daha əvvəl də analoji məhkəmə mübahisəsi olmuş, iddiaçı iddia etmişdir ki, cavabdehlər (həmin işdə Cavabdeh2 iştirak etmirdi) miras əmlakda özbaşına tikili inşa etməklə onun hüquqlarını pozmuşlar. İşə baxan məhkəmələr iddia tələbini təmin etməmişlər. Hazırkı tələb də əvvəlki tələblə eynilik təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından aydın olur ki, 2019-cu ildə məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan hazırkı vaxtadək qeyd olunan ərazidə hər hansi yeni tikili inşa olunmamışdır. İddiaçı tələbinin əsaslılığının sübutu kimi məhkəməyə əvvəlki mübahisə üzrə qəbul edilmiş məhkəmə qətnaməsini, eləcə də, ayrı-ayrı qurumlar tərəfindən onun ərizələrinə verilmiş cavab məktublarını təqdim etmişdir. Qeyd edilməlidir ki, işə əlavə edilmiş 22 may 2019-cu il tarixli qətnamə ilə müəyyən edilmişdir ki, - xx.xx.1979-cu il tarixli, Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Əmircan qəsəbəsi, Pravda küçəsi ev 35 X3, X10, Cavabdeh2 Hüseynəli oğlunun, X1, İddiaçı, X4 və Cavabdeh1 bərabər paylarla mülkiyyətindədir. Hazırda iddiaçının məhkəməyə verdiyi izahatlarından məlum olur ki, Cavabdeh2 tərəfindən mübahisəli əmlakda hər hansı yeni tikili inşa edilməyibdir. Daha əvvəl inşa edilmiş tikiliyə münasibətdə isə artıq məhkəmə hüquqi mövqeyini bildirmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Avropa Məhkəməsi “X19rşı” qərarının 139-cu bəndində xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunlar tərəfindən həmin marağın “mülkiyyət hüququ” hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət” hesab edilməsinin qarşını almır. Həmin qərarın 141-ci bəndində Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Qərarın 142-cı bəndində Məhkəmə qeyd etmişdir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Avropa Məhkəməsi “X19rşı” iş üzrə qərarında həmçinin göstərmişdir ki, ərizəçiyə adekvat kompensasiyanın təyin edilib-edilməməsi məsələsinin həll edilməsi nəzərə alınmalı olan amillərdəndir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi Cavabdeh2 münasibətdə öz təsdiqini tapmadığna görə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin qeyd edilən maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Hüseynov Rəhı̇ m Qurbanəlı̇ oğlunun Cavabdeh2̇ Qurbanəlı̇ oğlu tərəfindən tikilmiş 1 mərtəbəli fərdi yaşayış evinin cavabdehin hesabına sökülməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar