Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-365/2025 25.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X3 iclas katibliyi ilə Ərizəçi (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.1974-cü il təvəllüdlü qardaşı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, anası və qardaşı X8 ilə birlikdə ünvan 2-da birlikdə yaşayır. xx.xx.1974-cü il təvəllüdlü qardaşı X8 uşaqlıqdan birinci dərəcəli əlildir, əmək qabiliyyətsizdir və başqasının daimi köməyinə ehtiyacı vardır. Belə ki, qardaşı doğulandan “əqli gerilik” xəstəliyindən əziyyət çəkir. Qardaşına o baxır. Belə ki, qardaşı fikrini çatdıra bilmir, nitqi və psixoloji cəhətdən inkişafdan geri qalmışdır, danışa bilmir, hətta aclığını və susuzluğunu hiss etmir və deyə də bilmir, demir, hətta ayın tarixi və harada yaşaması barədə suallara da cavab verə bilmir. Qardaşı öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. Qardaşının yaddaşı yoxdur və öz fikirlərini izah etmək qabiliyyətində deyil. Ümumiyyətlə, qardaşı öz-özünü idarə etmək qabiliyyətinə malik deyildir. O, qardaşı üzərində qəyyum təyin edilmək məqsədilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Suraxanı rayon İcra Hakimiyyəti özünün xx.xx.2024-cü il tarixli məktubu ilə qardaşı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilmə ilə bağlı məhkəməyə müraciət edilməli olduğunu bildirmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, qardaşı X4 psixi qüsurlarına görə məhkəmə qətnaməsi əsasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun üzərində onun qəyyum təyin edilməsi barədə məhkəməyə müraciət edir. Tərəflərin izahatları Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs onun qardaşıdır. Qardaşı 1-ci sinifdə oxuyan zaman qonşu uşağı ilə oyun oynamağa getmiş və oyun zamanı qonşu uşağı onun qardaşığını 2-ci mərtəbədən yerə yıxmışdır. Həmin hadisədən sonra qardaşı baş nahiyəsindən travma almış və bunun nəticəsində öz hərəkətlərini idarə edə bilməməyə başlamışdır. Qardaşı heç bir iş görə bilmir. Belə ki, qardaşı aclıq, susuzluq kimi anlayışları başa düşmür. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni müdafiə etdiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Bakı şəhəri Orconikidze (indiki Suraxanı rayon) rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1974-cü il tarixdə verilmiş İİ-JQ seriyalı, 411254 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, X8 (atası X6, anası X7) xx.xx.1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1974-cü il tarixdə 648 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Orconikidze (indiki Suraxanı rayon) rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1975-ci il tarixdə verilmiş İİ-JQ seriyalı, 412248 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Ərizəçi (atası X6, anası X7) xx.xx.1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1975-ci il tarixdə 1370 nömrə ilə qeyd edilmişdir. xx.xx.2001-ci il tarixli, 171339 nömrəli vəsiqənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, X8 İ qrup əlildir və onun əlillik müddəti ömürlük təyin edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, ərizəçiyə qüvvədə olan qanunvericiliyin tələbləri izah edilmiş və şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 3780 saylı ekspert rəyindən müəyyən olunur ki, ekspert rəyin tədqiqi hissəsində qeyd olunanlar nəzərə alınmaqla aşağıdakı nəticəyə gəlmişdir: X1 kəllə beyin travmasından sonra yaranmış ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. Bunu anamnestik məlumatlar, müayinə zamanı təqdim edilmiş tibbi sənədlər və hal-hazırkı psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə yoxlanılan şəxsin 1983-cü ildə başından travma alması, bununla əlaqədar Sabunçu Xəstəxanasında stasionar müalicədə olması, aldığı travmadan sonra davranış pozuntuları büruzə verməsi, əqli inkişafda gerilik nəzərə çarpması, göstərilənlərlə əlaqədar fərdi qaydada nevropatoloq və psixiatr müalicəsi qəbul etməsi, psixi vəziyyəti ilə əlaqədar danışa bilməməsi, özünü idarə etmək qabiliyyətində olmaması, direktivləri dərk etməməsi, fizioloji ifrazatları ilə natəmiz olması, xəstəliyi ilə əlaqədar AR ƏƏSMN TSEK tərəfindən xx.xx.1995-ci il tarixdə müayinə edilərək “Oliqofreniya fonunda şizofreniya, psixiotik vəziyyət” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi) sübut edir. xx.xx.1974-cü il təvəllüdlü X5 müəyyən edilən keçirilmiş kəllə beyin travmasından sonra yaranmış ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə diaqnozlu psixi xəstəliklə əlaqədar, o, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Buna görə də, X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. X5 müəyyən edilən keçirilmiş kəllə beyin travmasından sonra yaranmış ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. Maddə 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və ona görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, ərizəçinin xx.xx.1974-cü il tarixdə Bakı şəhərində doğulmuş qardaşı X2 kəllə beyin travmasından sonra yaranmış ağır dərəcəli əqli gerilik, davranış pozuntuları diaqnozu ilə xəstədir. Şirinov Elşanın xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.1995-ci il tarixdə müayinə edilmiş, “Oliqofreniya fonunda şizofreniya, psixiotik vəziyyət” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi qərara alınmışdır (əlillik vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmişdir). İş üzrə təyin olunmuş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixdə verdiyi 3780 nömrəli rəyinə əsasən müəyyən olunmuşdur ki, X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göründüyü kimi mülki qanunvericiliyin tələbinə görə ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayıla bilər. Əgər həmin şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayılarsa, onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı tərəfindən həmin şəxsə qəyyum və ya himayəçi təyin edilir. Mülki-Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olan X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olan X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-365/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-365/2025
25.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver