Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3654/2024 14.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı2, Üçüncü şəxs X11 və vəkili Vəkil1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh1 qarşı (üçüncü şəxslər Bakı şəhəri 35 saylı notariat ofisi və X11) “miras paydan imtina ərizələrinin ləğv edilməsi, miras əmlakda payların müəyyən edilməsi və bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh1 qarşı (üçüncü şəxslər Bakı şəhəri 35 saylı notariat ofisi və X11) “miras paydan imtina ərizələrinin ləğv edilməsi, miras əmlakda payların müəyyən edilməsi və bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən reyestrdə 7 E-9-4862, 4863, 4864 nömrələrlə qeydə alınmış xx.xx.2013-cü il tarixli ərizələrin və reyestrdə 7 E-09-4897 nömrə ilə qeydə alınmış xx.xx.2013-cü il tarixli ərizənin ləğv edilməsi, mərhum ataları və babaları X5 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsində yerləşən 14 saylı fərdi yaşayış evi və İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən fərdi yaşayış evindən vərəsələrin paylarının müəyyən edilməsi və miras şərikləri arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X15 iddiaçıların atası və babası olmaqla xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. Mərhum H.Dadaşovun 5 oğlu və 4 qızı olmuşdur. Həmin övladlardan X12, X13, X16, X6 və X7 vəfat etmişdir. İddiaçıların mərhum atası və babası H.Dadaşov vəfat etdikdən sonra ondan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsində yerləşən 14 saylı fərdi yaşayış evi və İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən fərdi yaşayış evi miras qalmışdır. İddiaçılar Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsində yerləşən 14 saylı fərdi yaşayış evində doğulmuş, həmin miras mülkündə böyümüş və yaşamışlar. İddiaçıların mərhum atası və babası H.Dadaşov vəfat etdikdən sonra ondan miras qalmış əmlakların cavabdeh X2 adına keçirilməsi barədə razılıq əldə edilmişdir. Bundan sonra mərhum H.Dadaşovun övladları miras əmlakların onların bacısı olan X2 adına keçirilməsi məqsədilə ünvan 1 ünvanlamışlar. Buna görə də Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli və xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr tərtib edilmiş, həmin şəhadətnamələr əsasında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsində yerləşən 14 saylı fərdi yaşayış evi və İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən fərdi yaşayış evi F.Rəfiyevanın xüsusi mülkiyyətinə keçmiş və bu barədə çıxarışlar verilmişdir. 2019-cu ildə iddiaçıların mərhum qardaşı və dayısı X8 oğlu X11 “mirasın qəbul edilmiş hesab edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş çıxarışların ləğv olunması” barədə iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(010)-571/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.1996cı il tarixdə vəfat etmiş X15 tərəfindən miras qalmış İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən 0.11 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsində yerləşən 14 saylı fərdi yaşayış evinin miras əmlak kimi X11 tərəfindən qəbul edilmiş hesab olunması, X2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2013-cü il tarixli və xx.xx.2016-cı il tarixli şəhadətnamələrin və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən X2 adına verilmiş RX seriyalı, ******* saylı və ******* saylı çıxarışların ləğv olunması qət edilmişdir. Həmin qətnamədən iddiaçılar – İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv edilməsi, K.Dadaşev tərəfindən miras kütləsinin yalnız onun payına mütənasib hissəsinin qəbul edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdirlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-9709/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-571/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə - “xx.xx.1996-cı ildə vəfat etmiş X15 tərəfindən miras qalmış İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən 0.11 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsində yerləşən 14 saylı fərdi yaşayış evinin miras əmlak kimi X11 tərəfindən qəbul edilmiş hesab olunması” hissəsində ləğv edilmişdir. Həmin qətnamənin 4cü səhifəsində miras əmlaka iddia edən şəxslərin iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə mirasdan pay almaq hüququnun reallaşdıra bilmələri göstərilmişdir. Bundan sonra iddiaçılar yenidən xx.xx.1996-cı ildə vəfat etmiş mərhum atası və babası X5 miras qalmış İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən 0.11 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsində yerləşən 14 saylı fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilməsi üçün Bakı şəhəri 35 saylı notariat ofisinə müraciət etmişdirlər. Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli, 8 saylı və xx.xx.2023cü il tarixli, 25 saylı məktublarla həmin miras əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilməsindən imtina edilmişdir. Həmin imtina məktublarında xx.xx.1996-cı ildə vəfat etmiş mərhum atası və babası X5 miras qalmış miras əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilməsindən imtina edilməsinin əsası olaraq iddiaçıların miras əmlaklardan imtina etmələri göstərilmişdir. Bakı şəhəri 35 saylı notariat ofisinə ünvanlanmış və iddiaçılar – İddiaçı1, İddiaçı2, İddiaçı3 və mərhum X7 tərəfindən imzalanmış xx.xx.2013-cü il və xx.xx.2013-cü il tarixli ərizələrdə iddiaçıların miras əmlakdan imtina etmələri göstərilməmiş, həmin ərizələr məhz həmin əmlaklara dair bacıları cavabdeh X2 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilməsi məqsədilə yazılmış ərizələr olmuşdur. Cavabdeh X2 adına verilmiş xx.xx.2013-cü il tarixli və xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edildiyindən iddiaçılar mərhum ata və babalarından miras qalmış əmlakdan öz paylarının müəyyən olunmasını istəyirlər. Bunun üçün isə həmin ərizələr ləğv edilməlidir. Həmin ərizələr miras paydan imtina kimi qəbul edilsə də 2013-cü ildə verilə bilməzdi. Çünki Azərbaycan Respublikasının mülki qanunvericiliyi mirasın qəbulu və bundan imtina edilməsi ilə bağlı kəsici müddətlər müəyyən etmişdir. Qanunvericiliyin normalarının məzmunundan görünür ki, iddiaçılar ata və babaları olan miras qoyanın vəfatından sonra 3 ay müddətində mirasın qəbulundan imtina edə bilərdilər. Lakin iddia ərizəsinə əlavə edilmiş xx.xx.2013-cü il və xx.xx.2013-cü il tarixli ərizələrdən göründüyü kimi, həmin ərizələr xx.xx.1996-cı il tarixdə vəfat etmiş mərhum ata və babaları olan miras qoyanın vəfatından 17 il keçdikdən sonra verilmişdir. Göründüyü kimi, həmin ərizələr qanunvericilikdə mirasın qəbulundan imtina edilməsi üçün nəzərdə tutulmuş müddət keçdikdən sonra verilməklə mirasın qəbulundan imtina üçün əsas hesab edilə bilməz və özlüyündə həmin ərizələr heç bir hüquqi əhəmiyyət kəsb etməməklə hüquqi nəticələr yaratmır. Hazırda iddiaçılar mərhum H.Dadaşovdan miras qalmış əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilməsini istəyirlər, lakin Bakı şəhəri 35 saylı notariat ofisi həmin miras əmlaklara dair iddiaçıların adına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilməsindən məhz xx.xx.2013-cü il və xx.xx.2013-cü il tarixli ərizələrə görə imtina edir.
Tərəflərin izahatları.
3. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı1 iddianı müdafiə edərək bildirdi ki, Suraxanıdakı evdə heç vaxt yaşamamışdır. Lakin həmin evə həmişə gedib-gəlmiş, orada müəyyən tikinti işləri görmüş, qardaşına kömək etmişdir. İsmayıllıdakı bağ evinə isə yaydan-yaya getmişlər. O evdə də müəyyən işlər görmüş, qapını təzələmişdir. Yəni miras tərəflərindən qəbul olunmuşdur. Sonradan mirasdan imtina barədə ərizə vermələrinin səbəbi o olmuşdur ki, əmlakın kiçik bacıları Fəridəyə qalmasını istəmişlər. Lakin qarşı tərəf buna imkan verməmişdir. Bu səbəbdən onlar hazırda həmin imtina ərizələrinin ləğvini tələb edirlər.
4. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edərək bildirdi ki, o, 1997-ci ildə ailə qurduqdan sonra köçüb getmişdir. Lakin elə ilk vaxtlardan tez-tez evə gedib-gəlmiş, xəstə bacı-qardaşlarına qulluq etmişdir. Bağ evinə isə yaydan-yaya gedib qalmışlar. Bu səbəblərdən hesab edir ki, mirası qəbul etmişdir. Lakin onlar öz miras paylarından bacıları Fəridənin xeyrinə imtina etmişlər. Buna baxmayaraq, iş üzrə üçüncü şəxs Kamran buna mane olmuşdur. Bu səbəbdən hazırda həmin imtinanın ləğv edilməsini istəyirlər. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında üçüncü şəxs X11 və vəkili Vəkil1 iddianı qəbul etməyərək bildirmişlər ki, iddiaçılar miras əmlakı nə faktiki, nə də notariusa müraciət etməklə qəbul etməmişlər. Onlar məhkəmə iclasında əmlakdan istifadə etdiklərini, ona sahiblik etdiklərini iddia etsələr də bu iddialarını təsdiq edəcək mötəbər dəlilləri məhkəməyə təqdim etməmişlər. Əksinə, onlar miras əmlakdan imtina etmələrinə dair ərizə ilə notariusa müraciət etmişlər. Həmin ərizələrdə də etiraf etmişlər ki, onlar mirası qəbul etməmişlər və bundan sonra da qəbul etməyəcəklər. Hansı ki, nə artıq qüvvədən düşmüş Mülki Məcəllədə, nə də hazırda qüvvədə olan Mülki Məcəllədə mirasın qəbulundan imtinadan sonradan imtina etmək nəzərdə tutulmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
7. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 620957 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1996-cı il tarixdə “ürəyin işemik xəstəliyi” səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1996-cı il tarixdə 39 nömrə ilə qeyd edilmişdir.
8. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 985665 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2018-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 2400 nömrə ilə qeyd edilmişdir.
9. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 709095 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1993-cü il tarixdə “kəskin yoluxucu ciyər xəstəliyi” səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1993-cü il tarixdə 138 nömrə ilə qeyd edilmişdir.
10. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 882320 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə “qəfləti ölüm” səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 191 nömrə ilə qeyd edilmişdir.
11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)- 571/2019 nömrəli qətnaməsindən görünür ki, iddia qismən edilmiş, xx.xx.1996-cı il tarixdə vəfat etmiş X15 tərəfindən miras qalmış İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən 0.11 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsindəki 14 saylı fərdi yaşayış evinin miras əmlak kimi X11 tərəfindən qəbul edilmiş hesab edilməs, X2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2016-cı il tarixli və xx.xx.2013-cü il tarixli şəhadətnamələr və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən X2 adına verilmiş RX seriyalı, ******* saylı və ******* saylı çıxarışların ləğv olunması qət edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-9709/2019 nömrəli qətnaməsindən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər İddiaçı2 və İddiaçı1 apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 2(010)-571/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə - “xx.xx.1996-cı ildə vəfat etmiş X15 tərəfindən miras qalmış İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən 0.11 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evi və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsindəki 14 saylı fərdi yaşayış evi miras əmlak kimi X11 tərəfindən qəbul edilmiş hesab olunsun” hissəsində ləğv edilməsi qət edilmişdir.
13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən 0.11 ha torpaq sahəsində tikilmiş, ümumi sahəsi 21.1 kv.metr olan fərdi yaşayış evi X2 mülkiyyətindədir və həmin fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ X2 adına xx.xx.2014-cü il tarixdə ********* nömrə ilə qeydiyyata alınmışdır.
14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 174.9 kv.metr olan fərdi yaşayış evi X2 mülkiyyətindədir və həmin fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ X2 adına xx.xx.2016-cı il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.
15. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı ünvan 4 ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi mərhum X9 adına qeydiyyata alınmışdır və hazırda adındadır.
16. Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2023-cü il tarixli, İddiaçı3, İddiaçı2 və X3 vərəsəsi İddiaçı4 ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktublarının surətindən görünür ki, xx.xx.1996-cı il tarixdə vəfat etmiş – X5 miras qalmış əmlaka dair X4 xx.xx.2016-cı il tarixdə vərəsəlik şəhadətnaməsi verilmiş və sənədlərin araşdırılması zamanı müəyyən edilmişdir ki, AR Mülki Məcəlləsinin 1268-ci maddəsinə əsasən qanunvericiliyin tələblərinə əsasən miras əmlakdan imtina etmişdir və ona görə də miras əmlakdan imtina edildiyi üçün onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. İşin faktiki halları.
17. İddiaçıların atası X15 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. Ondan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi, İsmayıllı rayonu, Ərəgit kəndi ünvanında yerləşən 0.11 ha torpaq və onun üzərində yerləşən, sahəsi 21.1 m2 olan fərdi yaşayış evi miras qalmışdır.
18. X17 vərəsələri (uşaqları) İddiaçı3, İddiaçı2 və X7 (xx.xx.2017-ci il tarixdə vəfat etmişdir) xx.xx.2013-cü il tarixdə, İddiaçı1 isə xx.xx.2013-cü il tarixdə Bakı şəhəri 35 saylı dövlət notariat ofisinə ərizə ilə müraciət edərək bildirmişlər ki, onlar mərhum atalarından miras qalmış əmlakı nə faktiki, nə də notariusa müraciət etməklə qəbul etməmişlər, həmçinin bildirmişlər ki, onlar gələcəkdə mirasın qəbul edilməsi müddətinin uzadılmasına dair ərizə ilə məhkəməyə müraciət etməyəcəklər.
19. Atasından miras qalmış əmlaka vərəsə olması barədə Rəfiyeva (Dadaşova) Fəridə Həmid qızına Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən 2013 və 2016-cı illərdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş, sonradan Rəfiyeva (Dadaşova) Fəridə Həmid qızı bu şəhadətnamələr əsasında hər iki daşınmaz əmlak üzərində mülkiyyət hüququ əldə etmiş, müvafiq çıxarışlar verilmişdir. Lakin sonradan Fəridə Rəfiyeva adına verilmiş bu şəhadətnamə və çıxarışlar X14 (X17 nəvəsi) tərəfindən mübahisələndirilmiş, məhkəmə qətnaməsi ilə həm çıxarışlar, həm də şəhadətnamələr ləğv edilmişdir.
Tətbiq edilən hüquq.
20. Azərbaycan SSR Mülki Məcəlləsi (xx.xx.1965-ci il tarixdə qüvvəyə minmiş, xx.xx.1999-cu il tarixdə qüvvədən düşmüşdür).
Maddə 528. Vərəsəliyin açılması. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Maddə 552. Mirasın qəbulu. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Maddə 556. Mirasdan imtina. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimin xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
22. İşin faktiki hallarından göründüyü kimi, iddiaçılardan üçü - İddiaçı1, İddiaçı2 və İddiaçı3 - xx.xx.1996-cı il tarixdə vəfat etmiş X9 uşaqlarıdır. Hazırkı mübahisə də mərhumdan miras qalmış iki daşınmaz əmlakla bağlıdır. Belə ki, həmin iddiaçılar 2013-cü ildə atalarından miras qalmış əmlakı nə faktiki, nə də notariusa ərizə verməklə qəbul etmədikləri və sonradan da bununla bağlı məhkəməyə müraciət etməyəcəklərinə dair notariat ofisinə ərizə ilə müraciət etmişlər. Digər iddiaçılar – İddiaçı4 və İddiaçı5 isə mərhumun digər övladı – Rəfiqə Məlikovanın uşaqlarıdır. Hansı ki, Rəfiqə Məlikova da 2013-cü ildə digər bacı-qardaşları kimi mirası qəbul etməməsinə dair eyniməzmunlu ərizə ilə notariusa müraciət etmiş, 2017-ci ildə isə vəfat etmişdir. Hazırda iddiaçılar tələb edir ki, mirası qəbul etməkdən imtina etmələri barədə tərəflərindən notariusa təqdim edilmiş ərizələr ləğv edilsin və mərhum Həmid Dadaşovdan miras qalmış əmlak onlar arasında paylar üzrə bölünsün.
23. Məhkəmə, ilk növbədə qeyd edir ki, iddia ərizəsində cavabdeh kimi Cavabdeh1 göstərilsə də, işin hallarından görünür ki, Cavabdeh1 bu iddiaya cavab verməli olan şəxs deyil. Belə ki, Cavabdeh1 atasından miras qalmış əmlak üzərində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mülkiyyət hüququ əldə etsə də, həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr sonradan məhkəmə qətnaməsi ilə ləğv edilmişdir. Yəni Cavabdeh1 hazırda həmin əmlakın mülkiyyətçisi deyil. Bu baxımdan o, hazırkı iddiaya cavab verməli olan şəxs hesab edilmir.
24. Məhkəmə tərəfindən cavabdehin əsl cavabdehlə əvəz edilməsi iş üzrə iddiaçılara təklif edilsə də, yalnız İddiaçı1 vəkili tərəfindən cavabdehin əsl cavabdeh Bakı şəhəri 35 saylı notariat ofisi ilə əvəz edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edilmişdir. Bu baxımdan məhkəmə, digər iddiaçılara münasibətdə iddianın əsl olmayan cavabdehə qarşı qaldırıldığı nəticəsinə gəlir və hesab edir ki, onların iddiası rədd edilməlidir. Belə ki, yuxarıda da əsaslandırıldığı kimi, Cavabdeh1 bu iddiaya cavab verməli şəxs deyil.
25. İddiaçı1 iddiasına gəldikdə isə qeyd edilməlidir ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 556-cı maddəsində mirasdan imtina ilə bağlı münasibətlər tənzimlənmişdir. Lakin həmin maddə mirasdan imtinanın sonradan geri götürülməsi, yaxud sonradan məhkəmə qaydasında ləğv edilməsi ilə bağlı münasibətləri tənzimləmir. Müqayisə üçün qeyd edilməlidir ki, hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268.1-ci maddəsində vərəsənin mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməməsi imperativ şəkildə müəyyən edilmişdir.
26. Digər tərəfdən, hazırkı işin hallarına nəzər saldıqda görünür ki, iş üzrə İddiaçı1 mirası qəbul etməkdən imtina etməsinə dair ərizə verməsinə səbəb həmin mirasın bacısı Cavabdeh1 keçməsi istəyi olmuşdur. Belə ki, məhkəmə iclasında iştirak edən iddiaçılar dəfələrlə bildirmişlər ki, onlar mirasdan bacıları Fəridənin xeyrinə imtina etmişlər. Mirasdan imtina barədə ərizədə bu imtinanın konkret olaraq hansı vərəsənin xeyrinə edilməsi göstərilməsə də, işin halları əsasında müəyyən olunur ki, iddiaçı mirasdan imtina edərkən iradə ifadəsi həqiqətən mirasın qəbulundan imtinaya yönəlmişdir. Təsadüfi deyil ki, imtina ərizəsində də mirasın nə faktiki, nə də rəsmi müraciətlə qəbul edilmədiyi etiraf edilmişdir. Hazırkı iş üzrə məhkəmə iclasında iştirak edən iddiaçı mirası qəbul etməyə yönələn müəyyən hərəkətlər etdiyini (müəyyən təmir-tikinti işləri aparması və s.) iddia etsə də, bu iddiasını təsdiq edəcək mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. Bu baxımdan mirasdan imtina barədə verilən ərizənin iddiaçının həqiqi iradə ifadəsinə uyğun olduğu, bu imtinanın etibarlılığını şübhə altına olan hansısa halın olmadığı nəticəsinə gəlinir.
27. Belə olan halda məhkəmə hesab edir ki, həm imtina ərizələrinin ləğv edilməsi, həm də miras əmlakdan payların müəyyən edilməsinə dair iddia təmin edilə bilməz.
Məhkəmə xərcləri.
28. İş materiallarından görünür ki, İddiaçı1 hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsi üçün ödənilməli dövlət rüsumu məbləğinə uyğun olmuşdur. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu, rüsumu ödəmiş tərəfə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
29. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh1 qarşı (üçüncü şəxslər Bakı şəhəri 35 saylı notariat ofisi və X11) “miras paydan imtina ərizələrinin ləğv edilməsi, miras əmlakda payların müəyyən edilməsi və bölünməsi” tələbinə dair iddia təmin edilməməlidir.
30. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh1 qarşı (üçüncü şəxslər Bakı şəhəri 35 saylı notariat ofisi və X11) “miras paydan imtina ərizələrinin ləğv edilməsi, miras əmlakda payların müəyyən edilməsi və bölünməsi” tələbinə dair iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva