Məhkəmə qərarları › İş №2(010)-3680/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3680/2021

15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3680/2021 15.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı Lizinq Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Gasan Guseinovun, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "Union lizinq” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 sentyabr 2014-cü il tarixli AL-1674 №-li X13 müqaviləsinin ləğv edilməsi, Cavabdeh 02 sentyabr 2014-cü il tarixli AL-1674 №-li X13 müqaviləsi üzrə, lizinq obyektinin tam yararsız vəziyyətə düşdüyü 20 yanvar 2016-cı il tarixə 8929,66 manat əsas, 722,56 manat mükafat vəhəmin günə hesablanmış 283,79 manat dəbbə pulu, cəmi 9936,01 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-907/2019 nömrəli iş üzrə qəbul etdiyi 13.03.2019-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 8929,66 (səkkiz min doqquz yüz iyirmi doqquz manat 66 qəpik) manat əsas borc, 722,56 (yeddi yüz iyirmi iki manat 56 qəpik) manat lizinq mükafatı, 283,79 (iki yüz səksən üç manat 79 qəpik ) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla – cəmi 9966,01 (doqquz min doqquz yüz altmış altı manat 01 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 iyun 2021ci il tarixli qərardadı ilə 2(010)-907/2019 nömrəli iş üzrə 13.03.2019-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi barədə Cavabdeh vəkili və nümayəndəsi Vəkil ərizəsi təmin olunmuş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-907/2019 nömrəli iş üzrə qəbul etdiyi 13.03.2019-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş və iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Gasan Guseinov iddia tələbini müdafiə edib, iddia ərizəsində ərizədə yazılanlara uyğun izahat verərək bildirdi ki, İddiaçı ASC ilə X9 arasında bağlanmış 02 sentyabr 2014-cü il tarixli AL- 1674 №-li X8 əsasən X1 ilə “Samand Soren” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil 10200 manat məbləğində İddiaçı ASC-nin mülkiyyətinə alınmış və sifarişçisinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 10 iyun 2015-ci ildə X9, Cavabdeh və İddiaçı ASC arasında AL-16741(1) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və 02 sentyabr 2014-cü il tarixli AL-1674 №-li X11 üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüş və lizinq obyekti olan avtomobili sahibliyə qəbul etmişdir. Lizinq Şirkəti ilə Cavabdeh arasında imzalanmış yeni ödəniş cədvəlinə əsasən o, illik 17 faiz hesablanmaqla, 39 ay müddətinə hər ay 305,60 manat ödəniş etmək öhdəliyi götürmüşdür. İddiaçı ASC-yə məxsus olan Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Samand Soren” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil 20 yanvar 2016-cı ildə istifadəyə yararsız vəziyyətdə lizinq şirkətinin müvəqqəti duracağına gətirilmiş və servis mərkəzi tərəfindən tətrib olunmuş zərərin qiymətləndirilməsinə dair akta əsasən lizinq obyekti tam yararsız vəziyyətdədri. Cavabdeh lizinq şirkətinə sonuncu ödənişi 13 iyul 2015-ci il tarixdə 306 manat məbləğində etmişdir. Həmin tarixdən sonra Cavabdeh həmin müqavilə ilə götürdüyü öhdəlikləri müvafiq qaydada yerinə yetirməmiş, yazılı və şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq, ödəniş qrafikinə riayət etməyərək, ödənişləri müqavilə üzrə şərtləşdirilmiş qaydada və vaxtında ödəməmişdir. 24 dekabr 2019-cu il tarixli UNİ-3338 №-li X11 ilə lizinq verən İddiaçı ASC ilə lizinq alan X3 arasında bağlanmış müqaviləyə əsasən “Samand Soren” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 24 ay müddətinə lizinqə verilmişdir. Cavabdeh öhdəliyi lazımi qaydada yerinə yetirmədiyindən iddiaçı hazırda iddia tələbinin tam olaraq təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi qismində izahat verən onun vəkili Vəkil iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, 20 yanvar 2016-cı il tarixində iddiaçı tərəfindən Cavabdeh istifadəsinə müvəqqəti verilmiş "Samand Soren" markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil istifadəyə yararsız vəziyyətdə lizinq şirkətinin müvəqqəti duracağına gətirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş zərərin qiymətləndirilməsinə dair akta əsasən lizinq obyekti olan avtomobil tam yararsız hesab edilmişdir. Bununla belə həmin aktda avtomobilin hansı səbəbdən yararsız hesab edilməsi qeyd edilməmişdir. Bu hal isə ona şübhə etməyə əsas verir ki, iddiaçı maşının yararsız hala düşşməsi ilə əlaqədar sığorta şirkətindən vəsait almışdır. Avtomobilin tam yararsız hala düşməsi Cavabdeh təqsiri ucbatından baş verməmişdir. Həmçinin avtomobil iddiaçı tərəfindən sığortalanmasına baxmayaraq Cavabdeh də tələb edildi ki, maşını sığortalasın və sonuncu "Atəşgah" sığortada məcburi sığorta etdirmişdir. 30 iyun 2015-ci il tarixində Türkan yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "Hunday Sonata" markalı avtomobil cavbadehin istifadəsində olan ilzinğ predmeti olan avtomaşını vurmuş və hadisə yerinə gəlmiş yol polisi əməkdaşları cavabdehə bildirmişlər ki, hadisədə onun heç bir təqsiri yoxdur. Həmçinin həmin maşını idarə edən şəxs içkilidir. Yol polisi cavabdehin sənədlərini özünə qaytarmış, cavabdeh isə iddiaçının sığorta şirkətinə zəng edərək hadisə barəsində məlumat vermişdir. Həmin şirkətin nümayəndəsi baxış keçirəndən sonra maşını evakuatora yükləyib aparmışlar. Səhərisi gün cavabdeh servisə əetmiş, lakin ona bildirmişlər ki, avtomobil tam yararsız vəziyyətdədir. Cavabdehə iddiaçının nümayəndəsi tərəfindən maşının yararsız vəziyyətdə olması ilə əlaqədar bir ay müddətinə yeni maşın veriləcəyi bildirilmiş və ödənişlərin davam etməsini tövsiyyə etmişlər. Cavabdeh növbəti ayın ödənişini həyata keçirsə də, kənar adamlar ona yeni maşın verilməyəcəyini, məqsədləri isə pulu almaq olduğunu bildirmişlər. Tərəflər arasında bağlanmış Müqavilənin 14.1.3 bəndinə əsasən lizinq alanın cavabdehlik daşımadığı hallarda lizinq obyekti istifadə üçün yararsız hala düşdükdə Müqavilə Lizinq alanın təşəbbüsü ilə ləğv edilməlidir. Müqavilənin 19.1 maddəsinə əsasən öhdəliyi üzərinə götürən tərəf onu icra etmədikdə, yaxud lazımı icra etmədikdə, öhdəliyin lazımi icra edilməsi qarşısı alınmaz qüvvənin təsiri üzündən mümkün olmadəığım sübut etdiyi halda məsuliyyətdən azad edilir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 02 sentyabr 2014-cü il tarixli AL-1674 №-li X7 müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, lizinq verən İddiaçı ASC ilə lizinq alan X9 arasında bağlanmış müqaviləyə əsasən “Samand Soren” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 39 ay müddətinə lizinqə verilmişdir. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, lizinqverən lizinq alanın sifariş etdiyi və bu Lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi oan 1 saylı Əlavədə göstərilən əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla Lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Həmin Müqavilənin 1.5-ci bəndinə əsasən,bu Lizinq müqaviləsinin məbləği 10.200 manat təşkil edir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən, Lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə Lizinq Alan bu Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Həmin Müqavilənin 13.1-ci bəndinə əsasən, Lizinq alanın təqsiri üzündən Lizinq obyektinin vaxtında qəbul edilməsi mümkün olmadıqda, o, Lizinq Verənə hər gecikdirilmiş gün üçün bu Müqavilənin ümumi məbləğini 0,1 % miqdarında dəbbə pulu ödəyir. Həmin Müqavilənin 13.10-cu bəndinə əsasən, gecikdirilən lizinq ödənişi məbləğinə cərimə kimi gündəlik 0,3 % hesablanır və Lizinq alan tərəfindən Lizinq verənə ödənilir. İş materiallarında olan 10 iyun 2015-ci il tarixli AL-1674 (1) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, X9, Cavabdeh və İddiaçı ASC arasında bağlanmış müqaviləyə əsasən 02 sentyabr 2014-cü il tarixli AL-1674 №-li X11 üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Həmin Müqavilənin 1.1.-ci bəndinə əsasən, İddiaçı ASC ilə “öhdəlikləri ötürən” arasında bağlanmış 02 sentyabr 2014-cü il tarixli AL-1674 №-li X11 üzrə “öhdəlikləri ötürən” İddiaçı ASC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”ə ötürür, “öhdəlikləri qəbul edən” isə öhdəlikləri “öhdəlikləri ötürən”ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. İşdə olan 20 yanvar 2016-cı il tarixli təhvil-təslim aktından görünür ki, həmin tarixdə İddiaçı ASC nümayəndələri tərəfindən həmin şirkətin mülkiyyətində olan və 02 sentyabr 2014-cü il tarixli AL-1674 № həmin müqavilənin obyekti - “Samand Soren” markalı **-AE- *** övlət qeydiyyat nişanlı avtomobili təhvil alınmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 13 mart 2019-cu il tarixli Arayışından görünür ki, Cavabdeh 02 sentyabr 2014-cü il tarixli AL-1674 №-li X11 üzrə Lizinq Şirkətinə 20 yanvar 2016-cı il tarixinə 8929,66 manat lizinq məbləği üzrə əsas borc, 722,56 manat mükafat borcu və 283,79 manat cərimə borcu olmaqla - cəmi 9936,01 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən təqdim olunmuş və iş materiallarına əlavə olunmuş 12.10.2021-ci il tarixli Arayışından görünür ki, Cavabdeh 02 sentyabr 2014-cü il tarixli AL-1674 №-li X11 üzrə Lizinq Şirkətinə 20 yanvar 2016-cı il tarixinə 1107,22 manat lizinq məbləği üzrə əsas borc, 722,56 manat mükafat borcu və 283,79 manat cərimə borcu olmaqla - cəmi 2113,57 manat məbləğində borcu mövcüd olmuşdur. İş materiallarından görünür ki, cavabdehə borcun vaxtında ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinə əsasən, cavabdeh lizinq alan Cavabdeh 02 sentyabr 2014-cü il il tarixli X13 müqaviləsi üzrə lizinq obyektindən istifadə hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında müəyyən edilmiş lizinq ödənişlərinin ödənilməsi vəzifəsinin daşıyıcısı olmuşdur. Cavabdeh lizinq obyektindən istifadə hüququndan istifadə etmiş, lakin ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu lizinq ödənişlərini vaxtında və lazımi qaydada icra etməmişdir. Bu səbəbdən, cavabdeh göstərilən ödənişləri iddiaçının xeyrinə ödəməyə borcludur. Başqa sözlə, cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Buna görə də, Cavabdeh lazımınca icra edilməmiş həmin öhdəlik üzrə pulun tutulması ilə bağlı iddia tələbini məhkəmə əsaslı hesab edir. Bununla belə iddia tələbini qismən əsaslı hesab edərək borcun məbləği ilə bağlı hissədə məhkəmə qeyd edir ki, yuxarıda təsvir olunanlara və Mülki Məcəllənin 747-1.3 maddəsinə əsasən lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən şəxsdir. Yəni lizinq müqaviləsinin mahiyyəti ondan ibarətdir ki, lizinq alan lizinq haqqını lizinq obyektindən istifadəyə görə ödəməlidir. Qanunvericiliyin müəyyən etdiyi həmin qaydalara uyğun olaraq hazırkı işdə cavabdehin borcu lizinq obyektini qaytardığı müddətə qədər hesablanmalıdır. Lizinq obyekti istifadə olunmursa və lizinq şirkətinə təhvil verilmişdirsə, lizinq alana borc hesablanmaqda davam edə bilməz. Belə olan halda işin mübahisəsiz halı ilə təsdiq edilir ki, lizinq obyekti 2016-cı ilin yanvar ayında geri qaytarılmışdır. Odur ki, idiaçıl tərəfindən təqdim olunan maliyyə arayışına əsasən lizinq alanın qeyd olunan tarixə iddiaçıya olan borc məbləği əsas borc üzrə 1107,22 manat, mükafat borcu üzrə 722,56 manat, cərimə borcu üzrə isə 283,79 manat olmaqla - cəmi 2113,57 manat məbləğində müəyyən edilir. Belə olan halda mübahisəli lizinq obyektinin yararsız halda onların sahibliyinə qaytarılması ilə bağlı iddiaçının dəlilini məhkəmə əsassız hesab edir və bununla bağlı qeyd edir ki, iddiaçı bu halın mövcüd olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən məhkəmə iclasında iddiaçı tərəfindən təqdim olunmuş 24.12.2019cu il tarixli X5 müəyyən olunur ki, Cavabdeh sahibliyindən alınmış lizinq obyekti - “Samand Soren” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil sonradan digər şəxsin istifadəsi və sahibliyinə verilmiş və bu zaman Müqavilədə həmin avtomobilin yararsız halda olması ilə bağlı hər hansı qeyd-şərt əks olunmamışdır. Bu baxımdan cavabdehin nümayəndəsi və vəkilinin tərəflər arasında bağlanmış Müqavilənin 14.1.3 bəndinə istinadən iddia tələbinin əsassız olmasına dair dəlillərə qiymət verən məhkəmə qeyd edir ki, Müqavilənin həmin bəndi ilə lizinq alanın cavabdehlik daşımadığı halı üçün lizinq obyektinin istifadə üçün yararsız hala düşdüyü zaman Lizinq alanın təşəbbüsü ilə müqavilənin ləğv edilməsi nəzərdə tutulsa da, cavabdeh və onu təmsil edən tərəfindən bu halı təsdiq edən (lizinq obyektinə vurulmuz zərərə görə cavabdeh olmadığını) sübutu məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 02 sentyabr 2014-cü il tarixli AL-1674 №-li X13 müqaviləsi üzrə, lizinq obyektinin tam yararsız vəziyyətə düşdüyü 20 yanvar 2016-cı il tarixə 1107,22 manat əsas, 722,56 manat mükafat, həmin günə hesablanmış 283,79 manat dəbbə pulu olmaqla, cəmi 2113,57 manat borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı Lizinq Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh 1107,22 (min yüz yeddi manat 22 qəpik) manat əsas borc, 722,56 (yeddi yüz iyirmi iki manat 56 qəpik) manat lizinq mükafatı, 283,79 (iki yüz səksən üç manat 79 qəpik ) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla – cəmi 2143,57 (iki min yüz qırx üç manat 57 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar