Məhkəmə qərarları › İş №2(010)-3684/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3684/2023

04.08.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3684/2023 04.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hаkimi Miriyeva Səlimə Miri qızı, Ərizəçi tərəfindən verilmiş “əri üzərində qəyyum təyin edilməsi”nə dair ərizə və ona əlavə edilmiş sənədlərə bаxаrаq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “əri üzərində qəyyum təyin edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən yataq xəstəsi olan əri üzərində qəyyum təyin edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, ərizənin məzmunundan görünür ki, Ərizəçi əri Eldar Məmmədovun beyin xərçəngi xəstəsi olduğunu, hərəkət qabiliyyətini itirdiyini, gözlərinin görmədiyini, qulaqlarının eşitmədiyini, yataq xəstəsi olduğunu, ona arvadı kimi özünün qulluq etdiyini bildirərək əri üzərində qəyyum təyin edilməsini xahiş etmişdir. Məhkəmə, ilk növbədə qeyd edir ki, şəxs üzərində qəyyum təyin etmək məhkəmələrin səlahiyyətində deyil. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi məhkəməyə müraciət etməzdən əvvəl Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasına müraciət etmiş, əri üzərində qəyyum təyin edilməsini xahiş etmişdir. Komissiya tərəfindən ona izah edilmişdir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edə, müvafiq məhkəmə qətnaməsi əsasında Komissiya tərəfindən əri üzərində qəyyum təyin edilə bilər. Lakin ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə yox, şəxs üzərində qəyyum təyin edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir ki, bu ərizəyə məhkəmə qaydasında baxılması mümkün deyil. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, ərizənin məzmunundan göründüyü qədərilə Ərizəçi əri Eldar Məmmədovun xəstəliyi ilə əlaqədar görmə, eşitmə, eləcə də hərəkət qabiliyyətini itirdiyini, yataq xəstəsi olduğunu iddia edir və məhz bu əsasla əri üzərində qəyyum təyin edilməsini xahiş edir. Məhkəmə ərizəçinin nəzərinə çatdırır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Göründüyü kimi, məhkəmələr yalnız şəxsin ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində fəaliyyət qabiliyyətini itirməsi hallarında fəaliyyət qabiliyyəti olmayan hesab edilməyə dair işlərə baxır. Şəxsin hərəkət, eləcə də görmə-eşitmə qabiliyyətini itirməsi kimi fiziki sağlamlığın məhdudlaşması hallarına görə şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilmir və üzərində qəyyum təyin olunmur. Belə ki, bu kimi hallar üçün qanunvericiliklə fəaliyyət qabiliyyətli fiziki şəxs üzərində patronaj təyin edilməsi nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 39.1-ci maddəsinə əsasən sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin xahişi ilə onun üzərində patronaj təyin edilə bilər. Patronaj təyin edilməsi fiziki şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb olmur. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin patronu (köməkçisi) həmin fiziki şəxsin razılığı ilə qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin edilir. Beləliklə, məhkəmə ərizəni icraata qəbul etməkdən imtina edərkən ərizəçiyə izah edir ki, ərinin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi əsasında qəyyumluq və himayə orqanı tərəfindən əri üzərində qəyyum təyin edilə bilər. Lakin məhkəmə yalnız ağıl zəifliyi və ya ruhi xəstəliklə bağlı hallarda şəxsi fəaliyyət qabiliyyəti olmayan hesab edə bilər. Sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxs üzərində həmin şəxsin xahişi ilə patronaj təyin edilə bilər ki, bu da qəyyumluq və himayəçilik orqanının səlahiyyətindədir. Odur ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə 153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ərizəyə əlavə edilmiş bütün sənədlər ərizə ilə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Məhkəmə onu da qeyd edir ki, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, bu ərizə ilə məhkəməyə müraciət etmək üçün ərizəçinin ödədiyi 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 153-cü və 267-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D I: Ərizəçi tərəfindən verilmiş “əri üzərində qəyyum təyin edilməsi”nə dair ərizə icraata qəbul edilməsin və ərizəyə əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (tarix: xx.xx.2023, qəbzin nömrəsi: 4419) dövlət büdcəsindən Ərizəçi (FİN xxxxxxx) qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar