Məhkəmə qərarları › İş №2(010)-3735/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3735/2025

19.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3735/2025 19.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.

1. Ərizəçi (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə) “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən oğlu xx.xx.2002-ci il təvəllüdlü Məhərləmzadə Ramin Rasim oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, hal-hazırda ünvan 1 ünvanda yerləşən evdə yaşayan Məhərləmzadə Ramin Rasim oğlu onun oğludur. Oğlu İ dərəcə əlildir. Məhərləmzadə Ramin Rasim oğlu tamamilə hərəkət qabiliyyətini itirmişdir. Oğlu daim onun himayəsində yaşayır. Onun daim kənar şəxsin yardımına ehtiyacı var, çünki ağır yataq xəstəsidir. Oğlu onun köməyi olmadan həkimə müraciət edə bilmir, müstəqil olaraq nəqliyyat vasitələrindən istifadə edə bilmir. Ona görə də onun üzərində qəyyum təyin edilməsi zərurəti vardır. Suraxanı rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına xəstə oğluna qəyyum olmaq barədə müraciət etmiş, lakin komissiya tərəfindən müraciətin onlar tərəfindən həll edilməsinin mümkünsüz olduğu, xəstə oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə məhkəmə qətnaməsi olduğu təqdirdə müraciətə yenidən baxılmasının mümkün olduğu bildirilmişdir. Ona görə də ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

5. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 887544 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və X3 arasında xx.xx.2000-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 183 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Məhərləmova soyadı verilmişdir.

6. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 183495 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Məhərləmzadə Ramin Rasim oğlu (atası Ərizəçi, anası X2) xx.xx.2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2002-ci il tarixdə 560 nömrə ilə qeyd edilmişdir.

7. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, ərizəçiyə qanunvericiliyin tələbləri izah edilmiş və şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mərkəzləşdirilmiş elektron informasiya sistemindən elektron çıxarışdan (Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə) görünür ki, xx.xx.2002-ci il təvəllüdlü Məhərləmzadə Ramin Rasim oğlunun sağlamlıq vəziyyəti xx.xx.2020-ci il tarixdə müayinə edilmiş, sonuncuya “Dəqiqləşdirilməmiş ensefalit, mielit və ya ensefalomielit, keçirilmiş ensafalitin davamlı qalıq əlamətləri, Spastik tetraplegiya oynaqlarda kontrakturalarla çanaq orqanlarının funksiyasının pozulması” diaqnozu ilə müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3234 nömrəli ekspert rəyindən görünür ki, Məhərləmzadə Ramin Rasim oğlunda “Keçirilmiş ensefalitdən sonra meydana gələn ağır dərəcəli əqli gerilik” müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırkı psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə yoxlanılan şəxs körpəlik dövründə ensefalit keçirməsi, üç yaşından başlayaraq qıcolma tutmaları biruzə verməsi, erkən psixofiziki inkişafda yaşıdlarına nəzərən geri qalması, nitqi inkişaf etməsi, əqli geriliklə əlaqədar məktəbdə oxumaması, əvvəllər nevropatoloqun müalicəsini qəbul etməsi, Bakı Uşaq Nevroloji Xəstəxanasında, X7 müalicələrdə olması, xəstəliyi ilə əlaqədar yeriməməsi, fizioloji ifrazatları ilə natəmiz olması, hər hansı bir işi müstəqil yerinə yetirə bilməməsi, AR ƏƏSMN TSEK tərəfindən xx.xx.2020-ci il tarixdə müayinə edilərək “Dəqiqləşdirilməmiş ensefalit, mielit və ya ensefalomielit, keçirilmiş ensafalitin davamlı qalıq əlamətləri, Spastik tetraplegiya oynaqlarda kontrakturalarla çanaq orqanlarının funksiyasının pozulması” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, göstərilənlərlə əlaqədar hal-hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla evdə sakitləşdirici müalicəni qəbul etməsi, daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırkı müayinə zamanı yoxlanılan şəxsin dərin dərəcəli əqli geriliyinin müəyyən edilməsi və s.) sübut edir. Məhərləmzadə Ramin Rasim oğlu öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək iqtidarında deyil. Buna görə də Məhərləmzadə Ramin Rasim oğlu tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Məhərləmzadə Ramin Rasim oğlunda müəyyən edilən “Keçirilmiş ensefalitdən sonra meydana gələn ağır dərəcəli əqli gerilik” ilə əlaqədr səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. İşin faktiki halları.

10. xx.xx.2002-ci il təvəllüdlü Məhərləmzadə Ramin Rasim oğlu Ərizəçi oğludur.

11. Məhərləmzadə Ramin Rasim oğluna “Dəqiqləşdirilməmiş ensefalit, mielit və ya ensefalomielit, keçirilmiş ensafalitin davamlı qalıq əlamətləri, Spastik tetraplegiya oynaqlarda kontrakturalarla çanaq orqanlarının funksiyasının pozulması” diaqnozu qoyulmuş, İ qrup əlilliyə görə sosial müavinət təyin edilmişdir.

Tətbiq edilən hüquq.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti. 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. Maddə 317. Ərizənin verilməsi. 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 321. Məhkəmənin ərizə üzrə qətnaməsi. 321.1. Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

Məhkəmənin mövqeyi.

14. Psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmayan Məhərləmzadə Ramin Rasim oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş onun atasının ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi vəziyyətini müəyyən etmək üçün keçirilmiş psixiatrik ekspertiza nəticəsində fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilməsi üşün əsaslar olduğuna dair müvafiq rəy verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır.

Məhkəmənin gəldiyi nəticə.

15. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2002-ci il təvəllüdlü Məhərləmzadə Ramin Rasim oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

16. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 335-338, 227, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.2002-ci il təvəllüdlü Məhərləmzadə Ramin Rasim oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar