Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3746/2021 12.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Ərizəçi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 18.11.1996-cı il təvəllüdlü, birinci qrup əlil X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi barəsində icraat aparılacaq 18.11.1996cı il təvəllüdlü X1 doğma anasıdır.Qızına birinci qrup əlillik dərəcəsi verilmişdir. Həmçinin onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. Ərizəçi, övladı X1 üzərində qəyyum təyin edilməsinə dair Suraxanı rayon icra hakimiyyətinə müraciət etmiş, onun müraciətinə baxılaraq 24.05.2021-ci il tarixli, V-19-099 saylı məktubla şəxsin Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət etməyini məqsədə müvafiq saymışlar. Odur ki, 18.11.1996-cı il təvəllüdlü, birinci qrup əlil X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ekspert rəyi ilə razı olduğunu və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi vəkili Vəkil ekspert rəyi ilə tam razı olduğunu və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı Suraxanı rayon İcra Hakimiyyəti məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən AZ-İİ seriyalı 545191 nömrəli, 04.12.1996-cı il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, X4 18.11.1996-cı il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 04 dekabr 1996-cı il tarixdə 237 sayla qeyd edilmişdir. Ata qrafasında X5, ana qrafasında Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan 137 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən 07.06.2021-ci il tarixli verilmiş arayışa əsasən, X6 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 24.05.2021-ci il tarixli məktuba əsasən, 18.11.1996-cı il təvəllüdlü övladı X8 üzərində qəyyum təyin edilməyi haqqında ərizəyə Suraxanı RİH yanında Qəyyumluq və Himayə Komissiyasında baxılmışdır. Bildirilir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317-ci və 321-ci maddələrinə əsasən qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilir. Qeyd edilənləri nəzərə alaraq, aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məqsədəuyğun hesab edilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən verilən arayışa əsasən X4 müddətsiz İ qrup əlillik dərəcəsi verilmiş, kənar şəxsin qulluğuna ehtiyacı vardır. İş materiallarında olan Şəhər uşaq ruhi-əsəb dispanseri tərəfindən verilmiş epikrizə əsasən, X7 müayinə olunmuş və orta dərəcəli əqli gerilik (ağır debillik dərəcəsində) nitq və davranış pozuntuları diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin 09 iyul 2021-ci il tarixli, 1503 saylı ambulator məhkəməpsixiatrik ekspertizasının rəyinə əsasən, X2 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində). nitq və davranış pozuntuları ilə (f72) qeyd olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulub, ilkin psixofiziki inkişafı həmyaşıdlarından geri qalması, nitqinin qüsurlu inkişaf etməsi, əqli genliklə əlaqədar olaraq təhsil ala bilməməsi, xəstəliyi ilə əlaqədar olaraq İ qrup əlil olması) həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualların əksəriyyətini anlamaması, anlaşılmaz sözlər deməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə-psixratrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrık ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandır. 1-ci sual: X4 öz hərəkətlərinin mənasını anlaya bilirmi və ya öz hərəkətlərini idarə edə bilirmi? Cavab: 18.11.1996-cı il tarixdə anadan olmuş X2 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) müəyyən edilir. 2-ci sual X4 öz hərəkətlərinin mənasını anlaya bilirmi və ya öz hərəkətlərini idarə edə bilirmi? Cavab: X4 öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. 3-cü sual: X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilə bilərmi? Cavab: X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikası MPM-nin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Beləliklə məhkəmə hesab edir ki, vətəndaş X1 psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və hərəkətlərinə rəhbərlik edə bilməməsi faktı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. 18 noyabr 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X4 üzərində qəyyum təyin edilməsi həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-3746/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3746/2021
12.10.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver