Məhkəmə qərarları › İş №2(010)-3763/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3763/2021

07.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3763/2021 07.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi Nümayəndə Murtuz oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (üçüncü şəxs 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat Kontoru) qarşı “müqavilənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.04.2018-ci ildə ünvan 1 ünvanda 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat kontorunda iddiaçı ilə cavabdehlər arasında bağlanmış “Miras payın bağışlanma müqaviləsi”nin və həmin müqavilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20.04.2018-ci ildə ünvan 1 ünvanda 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat kontorunda “Miras payın bağışlanma müqaviləsi” imzalanmışdır. Həmin müqavilə imzalanan zaman iddiaçı müqavilənin nə barədə olduğunu bilməmişdir. Belə ki, müqavilə latın qrafikası ilə yazıldığından iddiaçı mətni oxuya bilməmiş, notariusda mətn iddiaçı üçün oxunmamış və həmin müqavilənin hüquqi nəticələri ona izah edilməmişdir. Müqavilənin predmeti ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən ibarət miras payın bağışlanmasından ibarət olmuşdur, müqavilədə isə onun miras payının Cavabdeh3 bağışlanması göstərilmişdir. Bütün bunları iddiaçı həmin torpağın satılacağı barədə məlumatları eşitdikdən sonra müqavilə tərəfləri ilə əlaqə yaratdıqda onlardan eşitmiş və bilmişdir ki, imzaladığı sənəd “Miras payın bağışlanma müqaviləsi” olmuşdur. İddiaçının mirasda olan payını bağışlamaq niyyəti olmamışdır, həmin müqavilə onun iradə ifadəsini əks etdirmir və iradə ifadəsinə ziddir. İddiaçının torpaqda olan miras payını bağışlamaq niyyəti olmamışdır, müqavilə onun yanılması nəticəsində onun tərəfindən imzalanmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə Murtuz oğlu göstərdi ki, Cavabdeh1 iddiaçının və digər cavabdehlərin anasıdır. Cavabdeh1 nümayəndəsi Nümayəndə Murtuz oğlu bildirdi ki, anaları tərəflər arasında bağlanmış müqavilə ilə payını digər Cavabdeh3 bağışlamışdır. İş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər və üçüncü şəxsin nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, 21.04.2018-ci il tarixdə İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında miras payın bağışlanma müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsi 3-cü mədən küçəsi 103 nömrəli evin qarşısı ünvanda yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən ibarət miras payı Cavabdeh3 bağışlamışlar. Məhkəmə müəyyən edir ki, iddiaçı 20.04.2018-ci il tarixli “Miras payın bağışlanma müqaviləsi”nin etibarsız hesab edilməsini məhkəmə xahiş etmiş və iddiasını aşağıdakı dəlillərlə əsaslandırmışdır:

1. Müqavilə latın qrafikası ilə yazıldığından mətni oxuya bilməməsi, notariusda mətnin ona oxunmaması, həmin müqavilənin hüquqi nəticələrinin ona izah edilməməsi.

2. Mirasda olan payını bağışlamaq niyyətinin olmaması, həmin müqavilənin onun iradə ifadəsini əks etdirməməsi və iradə ifadəsinə zidd olması. Məhkəmə qeyd edir ki, iddiaçının istinad etdiyi və onun mövqeyinə əsasən hüquqlarını pozan və iddia ərizəsinə əsasən müqavilənin etibarsızlığını şərtləndirən hal (Müqavilə latın qrafikası ilə yazıldığından mətni oxuya bilməməsi, notariusda mətnin ona oxunmaması, həmin müqavilənin hüquqi nəticələrinin ona izah edilməməsi) ona müqavilə bağlandığı anda artıq məlum olmuşdur. Lakin iddiaçı hüquqlarının təmin edilməsi məqsədi ilə iddia tələbini qeyd olunmuş halın ona məlum olmasından 2 ildən artıq müddət keçəndən sonra irəli sürmüşdür. Belə olan halda, iddiaçı əqdin etibarsız sayılmasına əsas verən halı bildiyi gündən 1 il ərzində əqdi mübahisələndirməmiş, qanunda nəzərdə tutulmuş kəsici müddəti ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən həmin həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 sentyabr 2021-ci il tarixli Qərarında irəli sürülən mövqeyi vurğulamağı zəruri hesab edir. Həmin Qərarda qeyd olunur ki: “Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. Qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir (B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2021-ci il 2 aprel tarixli Qərarlar).” Bundan əlavə məhkəmə müəyyən edir ki, iddiaçı iddia tələbinin dəlili kimi həmçinin “mirasda olan payını bağışlamaq niyyətinin olmaması, həmin müqavilənin onun iradə ifadəsini əks etdirməməsi və iradə ifadəsinə zidd olması”nı göstərmişdir. Azərbaycan respublikası Mülki məcəlləsinin 347.1-ci maddəsinə görə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 347.2-ci maddəsinə görə vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Hazırki iddia tələbi ilə bağlı nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia tələbində göstərdiklərini heç bir sübutla təsdiq edə bilməmişdir. İddiaçı öz sərbəst iradəsi ilə onun üçün öhdəliklər yaradan əqdi notariusun iştirakı ilə imzalamışdır. İddiaçı razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istədiyi, ümumiyyətlə müqaviləyə imza atmaqla hansı əqdi bağlamaq arzusunda olması ilə bağlı məhkəməyə hər hansı bir tutarlı sübut təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, maraqlı şəxs vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edə bilər. İddiaçı müqaviləni vacib əhəmiyyətli yanılmanın təsiri altında bağladığının ona bir ay ərzində məlum olduğuna dair də hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı irəli sürdüyü bu əsasla da iddia tələbi irəli sürərək əqdin etibarsızlığını mübahisələndirməsi üçün qanunda nəzərdə tutulmuş kəsici müddəti ötürmüşdür. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçını mübabisələndirdiyi əqdi bağlamağa məcburetmə, yəni zorakılıq və ya hədələmə halları da məhkəmə tərəfindən müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiası rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 21.04.2018-ci il tarixli “Miras payın bağışlanma müqaviləsi”nin və həmin müqavilənin hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar