Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3765/2024 04.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçinin tələbi.
1. Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1967-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tələbin dəlilləri.
2. xx.xx.1967-ci il təvəllüdlü X3 onun anasıdır. Sonradan əmələ gəlmiş psixi xəstədir. Atası anasının israrla xəstəxana şəraitində yaşamasını istəməmişdir. Atası vəfat etdikdən sonra anasının himayəsində olması üçün müvafiq qərar verilməsini maraqlı şəxsdən xahiş etmiş və ona qeyd olunan cavab verilmişdir - ananız xx.xx.1967-ci il təvəllüdlü X3 üzərində qəyyum təyin edilməyiniz ilə bağlı ərizənizə Suraxanı RİH yanında qəyyumluq və Himayəçilik Komissiyasında baxılmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 317-ci və 321-ci maddələrinə əsasən qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilir. Qeyd edilənləri nəzərə alaraq, aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məqsədəuyğun hesab edilir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizədə qeyd olunanlara uyğun izahat verib onun təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında maraqlı şəxs Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə üzrə nümayəndəsi X8 hazırki ərizənin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buradığını bildirdi.
İş materialları.
5. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında X5, ana qrafasında X3 qeyd olunmuşdur.
6. İş materiallarında olan AZE seriyalı, 17211451 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1967-ci il tarixdə anadan olmuşdur.
7. 1 saylı Respublika Psixiatriya Xəstəxanasının “Ambulator, X7 kartasından Çıxarış”dan görünür ki, X3 “Şizofreniya, paranoid forma fasiləsiz gedişli” diaqnozu ilə stasionar müalicəyə xx.xx.2012-ci il tarixdə daxil olmuş və xx.xx.2012-ci il tarixdə çıxmışdır.
8. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının Ərizəçi ünvanlanan xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi AR MPM-nin 317-ci və 321-ci maddələrinə əsasən qəyyumun psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilməsi və bu səbəbdən aidiyyəti üzrə məhkəməyə müraciət etməsinin məqsədəmüvafiq olması bildirilmişdir.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2024-cü il tarixli, 2715 №-li ekspert rəyində qeyd olunmuşdur ki, X2 Şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənədlər və yoxlanılan şəxsin hal-hazırki psixi vəziyyəti (anamnestik məlumatlara görə ilk dəfə psixi vəziyyətində 2007-ci ildə biruzə verməsi, ilk dövrlərdə özünə qapanması, qorxu hissləri, şübhələr, həmçinin qavrama aldanmaları, yuxu pozuntusu, qeyri-adektav hərəkətləri biruzə vermiş, psixi vəziyyəti ilə əlaqədar AR SN-nin Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixə kimi “Şizofreniya paranoid forma, fasiləsiz gedişli” diaqnozu ilə stasionar müalicədə olması, hazırda həkim-psixiatr tərəfindən təyin edilmiş dərmanları mütəmadi qəbul etməsi, buna baxmayaraq psixi vəziyyəti ilə əlaqədar öz-özünə danışması, evdə passiv, fikirli olması, çaşqınlıq halları keçirməsi, davranışında qeyri-adekvatlıq ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər - ünsiyyətə formal daxil olması, təfəkkürünün paroloji olması, autikliyi, öz hiss və həyəcanlarına qapılması, emosional-iradi sferasının enməsi, şəxsiyyətin qüsur əlamətləri biruzə verməsi, öz psixi vəziyyətinə qarşı tənqidinin olmaması və s.) sübut edir. X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsaslar vardır. X3 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarında deyildir. X1 psixi vəziyyəti məhkəmədə iştirak etməsinə imkan vermir.
İşin faktiki halları.
10. Barəsində ərizə verilən X3 ərizəçinin anasıdır. İş materiallarında olan sənədlərə və rəyə əsasən xx.xx.1967-ci il təvəllüdlü X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı işin mübahisəsiz hallarıdır. Bu hal iş üzrə təyin edilmiş ekspertiza ilə də öz təsdiqini tapır.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 28. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 317. Ərizənin verilməsi 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 321. Məhkəmənin ərizə üzrə qətnaməsi 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
13. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
14. Belə ki, proses iştirakçılarının izahatından və iş materiallarından müəyyən olunur ki, xx.xx.1967-ci il təvəllüdlü X3 psixi qüsurlarına görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında deyil. Qanunvericiliyin tələblərinə görə bu hal şəxsin fəaliyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsasdır.
Məhkəmə xərcləri.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. Məhkəmə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
17. Beləliklə, məhkəmə ərizəçini dinləyib, məhkəmə psixitarik ekspertizasının rəyini nəzərdən keçirib, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1967-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi:
Ərizə təmin edilsin. xx.xx.1967-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.