Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3775/2024 12.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 35 saylı Notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 35 saylı Notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 35 saylı Notariat ofisi tərəfindən Cavabdeh1 verilmiş № 2V-10 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli ( V-7/2021 № vərəsəlikişi) qanun üzrə “vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilərək, ləğv edilməsi və ********************3 №-li kart hesabındakı 6462.37 manat pul vəsaitinin miras əmlaklar arasından çıxarılmaqla onun adına tam pay şəklində yeni vərəsəlik şəhadətnaməsinin verilməsi və həmin pul vəsaiti üzərində onun tam mülkiyyət hüququnun müəyyən edilməsi və həmin pul vəsaitinin 1/2 hissəsinin Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 108. Dövlət rüsumu 108.1. Mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir. 108.1.1. iddia ərizəsi verildikdə. Maddə 150. İddia ərizəsinə əlavə edilən sənədlər 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd. Maddə 151. İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu
Maddə 2. Dövlət rüsumunun tutulduğu hallar 2.0. Dövlət rüsumu aşağıdakı hallarda tutulur: 2.0.1. məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur.
Məhkəmənin mövqeyi
4. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.
5. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçının tələbi bir neçə hissədən ibarətdir: iddiaçı həm qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilərək, ləğv edilməsi, həm də ********************3 №-li kart hesabındakı 6462.37 manat pul vəsaitinin miras əmlaklar arasından çıxarılmaqla onun adına tam pay şəklində yeni vərəsəlik şəhadətnaməsinin verilməsi və həmin pul vəsaiti üzərində onun tam mülkiyyət hüququnun müəyyən edilməsi və həmin pul vəsaitinin 1/2 hissəsinin Cavabdeh1 tutularaq ona ödənilməsindən ibarətdir. Bu baxımdan iddia tələbi 1-ci hissədə qiymətləndirməyən, pul vəsaitinə dair hissədə isə qiymətləndiriləndir. Məlum olduğu kimi qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İddiaçı isə hazırki dövlət rüsumu iddia tələbinin qiymətləndirilən hissəsinə mütənasib olaraq 86 manat ödəmişdir. Məhkəmə qeyd edir ki, iddia tələblərindən biri qiymətləndirilməyən, digər hissə isə qiymətləndirilən olduqda, qiymətləndirilməyən hissə qiymətləndirilən hissəni əhatə edirsə və ya tərsinə, qiymətləndirilən hissə qiymətləndirilməyən hissəni əhatə edirsə, buna müvafiq olaraq daha yuxarı olan məbləğ əsas götürülür. Göründüyü kimi iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilməli olduğu halda, 86 manat, yəni 14 manat az ödəniş edilmişdir.
Məhkəmənin gəldiyi nəticə
6. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 35 saylı Notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır.
7. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə,
qərara aldı :
İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 35 saylı Notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.