Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3817/2021 23.07.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın və əsassız hesablanmış cərimənin silinməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın və əsassız hesablanmış cərimənin silinməsi tələbi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən akta əsasən hesablanmış 216 manat məbləğində cərimənin qanunsuz hesab edilərək silinməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fevral 2020-ci ildə o, mənzili Abdullayev Məhərrəmdən almış, amma indiyə kimi abonentliyi öz adına keşirməmişdir. 21.01.2021-ci il tarixdə Azəriqaz əmkdaşları heç bir məlumat vermədən mənzilə verilən qaz sayğacını dəyişdirmişlər və yeni mexaniki sayğac quraşdırmışlar. Bundan sonra verilən qaz bildirişlərində çox böyük fərqlər yaranmışdır. Araşdırmalar nəticəsində müəyyən olundu ki, köhnə qaz sayğacının çıxış plastik borusunda deşik vardır və buna görə də 216 manat həcmində cərimə Akt-ı yazıldı. Cavabdeh bunu sayğaca kənardan müdaxilə kimi qəbul edib cərimə Aktı tərtib etmişdilər. Qaz sayğacı və onun köməkçi hissələri binanın blokunda Azəriqaz işçiləri tərəfindən quraşdırılır və sökülür. Əgər sayğacın çıxışındakı plastik boruda deşik var idisə qaz sızması olmalı və blokda qaz iyi gəlməli və ya qəza olmalı idi. Azəriqaz əməkdaşlarının tərtib etdiyi bu akt düzgün deyildir. Ona görə də hesab edir ki, hesablanmış borc məbləği silinməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən əsaslıdır, ona görə də iddia qismən təmin edilməlidir. İşə əlavə edilmiş Çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 40 42, 1,mənzil 3 mülkiyyət hüququ ilə X2 məxsusdur. İş materiallarına əlavə edilmiş ******* saylı, 07.11.2020–ci il tarixli “Akt” dan görünür ki, istehlakçı X1 istifadəsində olan qaz sayğacı çıxarılaraq yenisi ilə əvəzlənmişdir. Əvəzləmənin səbəbi kimi istismar müddətinin bitməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 29.01.2021-ci il tarixli “Akt”dan görünür ki, abonent kodu **********00030 olan qaz sayğacının labaratoriya yoxlanışı zamanı sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar edilmişdir. İşdə olan “İtirilmiş təbii qazın dəyərinin hesablanması komisiyasının 29.01.2021-cu il tarixli aktından görünür ki, istehlakçı kimi X1 göstərildiyi **********00030 saylı abonent kodu üzrə qaz sayğacına kənar müdaxilənin nəticəsi kimi itirilmiş qazın dəyəri cəmi 2160 m3 hesablanmışdır. İşdə olan Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 08.07.2021-ci il tarixli müqavilədən görünür ki, “Azəriqaz”İB ilə X4 arasında Qaraçuxur 40-42-50/60 ev 1 mənzil 3 ünvanına qazın verilişi ilə bağlı müqavilə bağlanmışdır. İşə əlavə edilmiş abonentin saldosundan görünür ki, **********00030 nömrəli kodu olan Bakı şəhəri, Qara Çuxur 40-42-50/60 ünvanına 216 manat cari borc yazılmışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından aydın olur ki, yuxarıda göstərilən yaşayış sahəsi iddiaçının oğluna məxsusdur, lakin həmin mənzildə iddiaçı yaşayır və qeyd edilən qaz sayğacının istifadəçisi iddiaçıdır. Cavabdeh tərəfindən iddiaçının istifadəsində olan sayğaca cərimənin yazılmasının səbəbi yoxlama zamanı sayğacda zədənin aşkar edilməsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Hazırkı işdə sayğacın sayğacın zədələnməsinin səbəbkarı kimi iddiaçının olması müəyyən edilmir. Ona görə də, sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddiaçının ünvanı üzrə hesablanmış cərimə borcu silinməlidir. Məhkəmə iddia tələbini cərimə aktının silinməsi hissəsini əsassız hesab edir. Belə ki, tələb bu hissədə qeyri-müəyyəndir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "Azəriqaz" İB tərəfindən iddiaçı Kazımov Rafı̇ q İzaməddı̇ n oğlunun yaşadığı ünvan 2 ünvandakı evə (abunə kodu **********00030) hesablanmış 216 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh "Azəriqaz" İB-dən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-3817/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3817/2021
23.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver