Məhkəmə qərarları › İş №2(010)-3835/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3835/2022

05.12.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3835/2022 05.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X6 Məmmədovun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qardaşı xx.xx.1952-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o və qardaşı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, E.Həsənov küçəsi, ev 11-də birlikdə yaşayırlar. Qardaşı xx.xx.1952-ci il təvəllüdlü X8 1991-ci ildən birinci dərəcəli əlildir, əmək qabiliyyəti yoxdur. İflic xəstəliyindən əziyyət çəkir, gəzə bilmir, ona özü qulluq edir, özünün sanitariya ehtiyaclarını da ödəyə bilmir. O, qardaşının üzərində qəyyum təyin edilməsi ilə bağlı Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etmiş və ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Doğum haqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1952-ci ildə anadan olmuşdur. X2, anası X1r. - Doğum haqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci ildə anadan olmuşdur. X2, anası X1r. - 15 nömrəli BŞX-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.1952-ci il təvəllüdlü X8 MSS-üzvi xəstəliyi (doğuş travması) əqli gerilik F02.8 diaqnozu ilə psixiatriya kabinetində dispanser qeydiyyatındadır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 2809 saylı rəyindən görünür ki, X4 X12 Gerilik (F72) aşkar olunur. Bunu anamnestik məlumatlar – körpəlikdən kobud nevroloji əlamətlərin qeyd edilməsi, psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının psixiatrik kabinetində qeydiyyatda olması, xəstəliyi ilə əlaqədar İ qrup əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan məlumatlar – ünsiyyətə çətin daxil olması, təfəkkürünün konkret olması, maraq dairəsinin məhdudluğu, iradə və motivasiyalarının zəifləməsi, yaddaş və intellektinin aşağı olması, bilik ehtiyatının kasadlığı, öz vəziyyətinə qarşı tənqidinin olmaması sübut edir. Belə nəticəyə gəlinir ki, X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Bu səbəbdən də onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Hazırki psixi vəziyyət onun məhkəmədə iştirak etməsinə imkan vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, işə əlavə edilən sənədlərlə müəyyən edilir ki, X3 fəaliyyət qabiliyyəti yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli və xx.xx.1952-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. xx.xx.1952-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar