Məhkəmə qərarları › İş №2(010)-385/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-385/2024

11.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-385/2024 11.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı İddiaçı cаvаbdeh Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ******* nömrəli aktının əsassız və qanunazidd olduğu üçün etibarsız hesab edilməsi və həmin akta görə hesablanmış 1555 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Bildirirəm ki, xx.xx.2023-cü il tarixdə tərtib olunmuş ******* saylı akt əsasında mənim adıma hesablanmış 1555 manat məbləğində cərimə əsassızdır. Mən sayğacın çıxarıldığı tarixdə - xx.xx.2022-ci il tarixdə bu ünvanda yaşamamışam. Bu ünvan mənim anama məxsus ev olub və o illər həmin ünvanda tək yaşayıb. Mən 2014-cü ildə ailə həyatı qurub yoldaşımın ünvanında yaşayıram. Bu mülk mənim anama məxsus olub. Bizim burda yaşamadığımızı ərizəyə əlavə edilmiş sənədlərə və ətrafımızda yaşayan qonşuların şəxsiyyət vəsiqəsi və imzaları ilə təsdiq edirəm. Mənim anam illərdir bu ünvanda tək yaşayıb və xx.xx.2021-ci ildə dünyasını dəyişib. O dünyasını dəyişəndən bəri ev boş qalıb. Bundan əlavə, anam yaşlı olduğundan bu ünvanda çox yaşamamış, bizimlə birlikdə yaşamışdır. xx.xx.2022-ci il tarixdə sayğac çıxarılan gün ünvanda heç kim olmamış, bildiriş təqdim edilmədən, qaz sayğacı heç kimin nəzarətində olmadan çıxarılıb aparılmışdır. Sonradan laboratoriyada müayinə vaxtı bizi dəvət ediblər. Bunu Cavabdeh Bakı regional idarəsində şöbə rəisi Emin bəy araşdırdı və laboratoriya vaxtı bizə bildiriş göndərilmədiyini özü təsdiq edib. Ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, qaz sayğacı neçə dəfələrlə yoxlanılmış və müdaxilə olmamışdır. Bundan əlavə illərdir sərf edilən 1 nəfər üçün qaz sərfiyyatı sənədlərdən görünür ki, dəyişməyib və illər boyu eyni sərfiyyat olub. Əgər yaşlı qadın tərəfindən sayğaca müdaxilə edilibsə abonent saldosunda bu sərfiyyat gözə çarpacaq qədər artıq görünməli idi. 60 kv.m-lik ev üçün nə qədər qaz sərfiyyatı ola bilər ki? Evdə kombi sistemi də yoxdur havalar soyuyan zaman anamı öz yanıma gətirirdim. Cavabdeh hansı əsasla sayğacda müdaxilə olduğu qənaətinə gəlmişdir. Bir halda ki, mən bu ünvanda yaşamamışam və anam dünyadan köçəndən sonra da həmin ünvanda yaşayış olmamışdır. Sadəcə həftə sonları və yaxud övladlarımın məktəb tətili olan zaman həmin ünvana gedirik. Bunu qonşuların imzaları ilə də təsdiq edirəm. 2 saylı Bakı “ASAN xidmət” mərkəzində sayğacı o səbəblə öz adıma keçirdim ki, sayğacımız boş qalmasın və ehtiyac yaranan zaman evi təbii qazla təmin edə bilim. Mən asma xəstəsiyəm və maddi imkanım zəifdir. Əsassız olaraq hesablanmış 1555 manat məbləğində borcun silinməsini xahiş edirəm”.

İddia tələbinin həcminin azaldılması.

3. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək məhkəmədən iddia tələbinin aktın etibarsız hesab edilməsi hissəsində nəzərə alınmamasını xahiş etmişdir.

İddia tələbinə etiraz.

4. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək İddiaçı Cavabdeh İB-yə qarşı 1555.2 manat borcun silinməsi barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinə etirazın əsaslandırıldığı hallar.

5. İddia tələbinə etiraz onunla əsaslandırılmışdır ki: “Məhkəmənin nəzərinə çatdırmaq istərdim ki, iddiaçının ünvanında quraşdırılmış G-4 markalı, 1202AQ**********4 saylı sayğac çıxarılaraq sənaye və məişət qaz sayğaclarını kalibirləmə laboratoriyasına göndərilmiş, xx.xx.2023-cü il tarixli, MSK 29/1710-04921-1 saylı aktla “Sayğacın çıxış plastmas borusu deşikdir” şəklində rəy verilmişdir. “Məişət tipli qaz sayğaclarının yoxlanması nəticəsində aşkar ediləcək qüsurların icrası barədə” Cavabdeh İB-nin direktoru tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş təlimatda yuxarıda qeyd edilən qüsur müdaxilə kimi qiymətləndirilmişdir. Rəy əsasında “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə dəymiş zərərin məbləği 1555.2 manat hesablanaraq abonentin saldosuna daxil edilmişdir”.

Tərəflərin izahatları.

6. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

İş materialları.

8. Cavabdeh İB (Paylayıcı) və İddiaçı (İstehlakçı) arasında bağlanmış “Qaz paylaycısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli, AKX-04826xx/xx-2022 nömrəli müqavilədən görünür ki, Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq, İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

9. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, ünvan 2 ünvanında 1202AQ**********4 nömrəli sayğac **********153 nömrəli sayğacla əvəz olundu.

10. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı İddiaçı abonent olduğu Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Göyüşov küçəsi, ev 68 ünvanında yerləşən sayğaca Cavabdeh İBnin əməkdaşları tərəfindən baxış keçirilmiş, 20/2-2023-cü il tarixli dövlət yoxlamasına əsasən 1202AQ**********4 saylı sayğacın çıxış plastmas borusunun deşildiyi, yivli birləşmələrində korroziya izinin mövcud olduğu, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olduğu aşkar edilmişdir.

11. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı İddiaçı istehlakçı olduğu ünvan 3 sayğacda olan qüsura görə 12960 m3 həcmində dəymiş zərər hesablanmışdır.

12. **********00000 kodlu abonentin saldosundan görünür ki, ünvan 3 ünvanda bir ədəd 4 gözlü qaz plitəsi (PQ-4) qeydə alınmışdır. Abonentə 2023-cü ilin fevral ayında “qalıq və aktlar”a əsasən 1555.2 manat məbləğində borc hesablanmışdır.

İşin faktiki halları.

13. Cavabdeh İstehsal Birliyinin əməkdaşları tərəfindən İddiaçı abonent olduğu ünvanda (ünvan 4ca laboratoriyada baxış keçirilmiş, sayğacda bir sıra nöqsanlar (sayğacın çıxış plastmas borusunun deşilməsi, yivli birləşmələrində korroziya izinin mövcud olması, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olması) aşkar edilmişdir.

14. Bundan sonra cavabdeh orqanın əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş, dəymiş zərərin (12960 m3 itirilmiş qazın) ödənilməsi müəyyən edilmişdir. Akt istehlakçı (iddiaçı) tərəfindən imzalanmamışdır.

Tətbiq edilən hüquq.

15. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu.

Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”.

4. Qaz sayğaclarının quraşdırılması və istismarı. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.5.2. istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

20. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu.

Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar.

Məhkəmənin mövqeyi.

21. İşin faktiki hаllаrındаn göründüyü kimi, Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktla iddiaçıya məxsus sayğacda bir sıra qüsurlar olduğu müəyyən edilmiş, sayğacdakı bu qüsurlar abonentin (iddiaçının) təqsiri kimi qiymətləndirilərək vurulmuş ziyan xx.xx.2023-cü il tarixli akta əsasən borc kimi (1555.2 manat) abonentin saldosuna yazılmışdır.

22. Halbuki yuxarıda istinad edilmiş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndində qeyd edilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir...

23. Göründüyü kimi, yalnız sayğaca müdaxilə, yaxud qanunsuz qoşulma hallarının aşkar edilməsi qaz paylayıcısına vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ vermir. Cavabdeh qaz paylayıcısının təbii qazdan istifadə qaydalarının pozulmasına dair akta əsasən dəymiş zərər kimi iddiaçı istehlakçıdan pul tələb edə bilməsi üçün istehlakçının qazın talanmasında təqsirli olması yuxarıda qeyd edilmiş qərarlar əsasında müəyyən edilməlidir. Hazırkı işdə isə məhkəməyə iddiaçının təqsirinı təsdiq edən belə bir sübut təqdim edilməmişdir.

24. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına dair akta əsasən dəymiş zərər kimi hesablanmış 1555 manat (1555.2 manat məbləğində hesablansa da, iddia tələbi yalnız 1555 manat məbləğində hissənin silinməsi ilə bağlı olduğundan məhkəmə iddia tələbindən kənara çıxmır) məbləğində borc iddiaçının hesabından silinməlidir.

Məhkəmənin gəldiyi nəticə.

25. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli akta əsasən dəymiş zərər kimi İddiaçı hesablanmış 1555 manat məbləğində borc silinməlidir.

26. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli akta əsasən dəymiş zərər kimi İddiaçı hesablanmış 1555 (min beş yüz əlli beş) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar