Məhkəmə qərarları › İş №2(010)-3861/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3861/2025

01.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3861/2025 01.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X2 iclas katibliyi, ərizəçinin nümayəndəsi X5 iştirakı ilə Ərizəçi (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1967-ci il təvəllüdlü X3n fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1967-ci ildə anadan olmuş X4 onun atasıdır. Atasına “Multi infarkt nəticəsində ağır dərəcəli demansiya” diaqnozu qoyulmuşdur. Hazırda atası özünü idarə edə bilmir, daim kənar şəxslərin köməyinə ehtiyacı yaranır, sərbəst şəkildə harasa gedə bilmir və hərəkətlərinin mənasını başa düşə bilmir. O, atasının üzərində qəyyum təyin olunmaq üçün icra hakimiyyətinə müraciət etmiş, lakin icra hakimiyyəti ona şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. X10 psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, ona görə də öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən ərizəçinin nümayəndəsi X7 ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar AZE seriyalı, 17886077 nömrəli Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 xx.xx.1967-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan müəyyən olunur ki, xx.xx.1967-ci il təvəllüdlü X3n sağlamlıq vəziyyəti müayinə edilmiş və müayinə nəticəsində sonuncuya “multi infarkt nəticəsində ağır dərəcəli demensiya, kənar şəxslərin qulluq və nəzarətinə ehtiyacı var” diaqnozu təyin edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən ərizəçinin nümayəndəsi X6 ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, ərizəçiyə qanunvericiliyin tələbləri izah edilmiş və şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizə ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 1092 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasına dair ekspert rəyindən müəyyən olunur ki, yoxlanılan şəxs – X1 “İşemik insultdan sonrakı damar mənşəli demensiya (ağıl zəifliyi) (F01)” qeyd olunur. Bunu anamnestik məlumatlar, təqdim olunmuş tibbi sənədlər və hal-hazırkı psixiatrik müayinənin nəticələri (insult keçirdikdən sonra psixi vəziyyətin dəyişməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında “Multiinfarkt demensiyası, Multiinfarkt nəticəsində ağır dərəcəli demensiya, Kənar şəxslərin qulluq və nəzarətinə ehtiyacı var” diaqnozu ilə birinci dərəcəli əlil hesab edilməsi), həmçinin hazırkı müayinə zamanı psixi funksiyalarının total zəifləməsinin müəyyən edilməsi və s. sübut edir. xx.xx.1967-ci il təvəllüdlü X1 işemik insultdan sonrakı damar mənşəli demensiya (ağıl zəifliyi) müəyyən edilir. xx.xx.1967-ci il təvəllüdlü X4 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə kifayət qədər əsaslar var. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçinin nümayəndəsi tərəfindən xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını və iş materiallarını araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İşin faktiki hallarından görünür ki, Ərizəçi atası X3n fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmiş, bu barədə ərizəni atasının psixi vəziyyəti ilə əsaslandırmışdır. Məhkəmə nəzərə çatdırır ki, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslərin məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi imkanı nəzərdə tutulmuş və bu qaydada ərizələrin təmin edilməsi imkanı qanunvericiliklə bir sıra imperativ şərtlərdən asılı edilmişdir. Şəxslərin fəaliyyət qabiliyyətinin əsası və həcmi məhz həmin şəxslərin anlaqlılıq səviyyəsinə görə müəyyən edilir. Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Mülki qanunvericiliyə görə fiziki şəxslərin anlaqlılığına təsir edən başlıca iki faktor mövcuddur. Bunlar azyaşlılıq və şəxsin psixi (əqli) sağlamlıq vəziyyətidir. Fiziki şəxslər anlaqlılıq səviyyələrinə uyğun olaraq tam fəaliyyət qabiliyyətlilər, məhdud fəaliyyət qabiliyyətlilər və fəaliyyət qabiliyyətsizlər şəklində ümumi qruplara ayrılmışdır. Şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərini idarə edə bilməməsi (şəxsin fəaliyyət qabiliyyətinə malik olmaması) xüsusi hal olmaqla, yalnız məhkəmə tərəfindən təsdiq edildiyi halda müəyyən hüquqi nəticələr yaradır. Belə ki, bu kateqoriyadan olan şəxslər psixi pozuntu nəticəsində özü-özlüyündə öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinə müstəqil rəhbərlik edə bilmir, lakin şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında ərizələrin verilməsi isə yalnız bu kimi halların məhkəmə tərəfindən təsdiq edilməsi və hüquqi nəticələrə səbəb olması məqsədini güdür. Məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, xx.xx.1967-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 “Multiinfarkt demensiyası, Multiinfarkt nəticəsində ağır dərəcəli demensiya, Kənar şəxslərin qulluq və nəzarətinə ehtiyacı var” diaqnozu ilə xəstədir. xx.xx.2025-ci il tarixli 1092 nömrəli məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən müəyyən olunmuşdur ki, X1 işemik insultdan sonraki damar mənşəli demensiya (ağıl zəifliyi) müəyyən edilir, o, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil və buna görə də X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göründüyü kimi mülki qanunvericiliyin tələbinə görə ağıl zəifliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayıla bilər. Əgər həmin şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayılarsa, onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı tərəfindən həmin şəxsə qəyyum və ya himayəçi təyin edilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1967-ci il tarixdə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1967-ci il tarixdə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar