Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3868/2020 09.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 5400 manat məbləğində kompensasiya ödənilməklə onun ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kompensasiya verilmədən Suraxanı rayonu, Hövsan qəsəbəsi, F.Bayramov prospekti, ev 22, mənzil 21 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı izahat verərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Adı çəkilən evə dair xx.xx.2012-ci il tarixində DƏDRX tərəfindən çıxarış verilmişdir. Hazırda cavabdehlərdən olan qardaşı Cavabdeh1 onun xüsusi mülkiyyəti olan evdə yaşayaraq, onun (iddiaçının) öz mülkiyyətindən maneəsiz istifadə etməsinə maneələr yaradır və mənzildə istifadə qaydalarını pozur. Vəziyyət o yerə gəlib çatmışdır ki, artıq ona (iddiaçıya) məxsus olan evindən normal və sakit istifadə edə bilmir. Cavabdeh tərəfindən qərəzli şəkildə tez-tez yaradılan mübahisələr onun yaşayışını dözülməz etmişdir. Cavabdeh alkoqollu içki alüdəçisidir və onun bu cür həyat tərzi sürməsi demək olar ki, bütün yaşayışını pis vəziyyətə gətirmişdir. Yaşadığı evdə söyüş, təhqir eşitməkdən artıq bezmişdir və öz evində rahat yaşaya bilmir. Evində onunla yaşayan qızının yanında cavabdeh tərəfindən hər dəfə təhqir, söyüş dolu ifadələr işlətməsindən də əsəb, stress keçirir.Digər cavabdehlər Cavabdeh2 isə onun bacısıdır və o 20 ildən artıqdır ki, ona məxsus olan evdə yaşamır. Onun öz ailəsi vardır və ona məxsus olan evə gəlmirlər. Cavabdeh1 5400 (beş min dörd yüz) manat kompensasiya verilməklə ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsi ilə yanaşı çıxarılması, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş xx.xx.2012-ci il tarixdə bağlanmış bağışlama müqaviləsinin surətindən müəyyən olunur ki, X1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, F.Bayramov prospekti, 22 saylı evin, 21 saylı mənzilini İddiaçı bağışlamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2012-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışın təstiq olunmuş surətindən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisi İddiaçıdır. İş materiallarına əlavə edilmiş ASAN2 tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2020ci il tarixli arayışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzilində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatdadırlar. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Cavabdeh1 iddiaçının qardaşıdır, ünvan 1 ünvanında yerləşən mənzilində qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır. Məhkəmə araşdırması zamanı mülkiyyətçi cavabdehin həmin mənzilə istifadə hüququnu tanıdığını, sonuncunun mövcud olan hüququna kompensasiya vermək yolu ilə xitam olunmasını xahiş etmişdir. Qeyd edilməlidir ki, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması məhkəmə araşdırılması zamanı mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququnun mövcudluğunu qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2007-ci il tarixli qərarında göstərilir ki, «Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin». Məhkəmə hesab edir ki, istifadə hüququnun xitamı zamanı, elə bir əvəzləşdirmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdehlər iddiaçının ailə üzvü olduğundan onların həmin mənzilə istifadə hüququ yaranmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, mülkiyyətçi İddiaçı tərəfindən təklif olunan 5400 manat kompensasiya müqabilində cavabdeh davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə edə bilməz. Məhkəmə işin faktiki hallarını və tərəflər arasında olan hazırkı mövcud qarşılıqlı münasibəti nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən təklif edilən 5400 manat məbləğində vəsait cavabdehə davamlı surətdə yaşaması üçün kifayət etmədiyindən İddiaçı Cavabdeh1 qarşı kompensasiya ödənilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması tələbinə dairiddiası təmin edilməməlidir. Məhkəmə iddia tələbinin digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi hissəsinə münasibətdə müəyyən etmişdir ki, cavabdehlər iddiaçının bacısı və onun oğludur. İddiaçı onların həmin mənzildə hansı vaxtdan yaşamaması, daimi yaşamaq üçün başqa ünvana köçməsi və həmin ünvandan istifadə hüquqlarını itirməsi barədə sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi hissəsində təmin oluna bilməz. Odur ki, məhkəmə iddiaçının öz iddiasında gətirdiyi dəlilləri əsassız sayır və iddianın bütövlüklə rədd edilməsi qənaətinə gəlir. İddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 qarşı 5400 manat kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3868/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3868/2020
09.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver