Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-387/2025 30.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına "xxxx" ASC tərəfındən qanunsuz olaraq yazılmış 715 manat qalmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri.
2. ünvan 2 ünvanında yaşayır. "xxxx" ASC yaşadığı ünvana qanunsuz olaraq borc yazmışdır. Həmin borc onun sərfiyyat üçün smart karta etdiyi ödənişlərdən çıxılır. O, bir neçə dəfə yaşadığı ünvana yazılmış borcun silinməsini tələb etməsinə baxmayaraq, oranın nümayəndəsi bu işin məhkəmə qaydasında baxılmalı olduğunu bildirmişdir.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 bildirdi ki, göstərilən borc məbləği Bakı Elektrik Şəbəkəsinin dövründə olan borcdur. Hazırda həmin borc dondurulmuş borclar qrafasına daxil edilmişdir. Həmin borc "xxxx" ASC-dən əvvəlki qurumun dövründə yarandığından və tələb müddəti də keçdiyindən tələb edilmir.
İş materialları.
5. Abunə haqqından görünür ki, abonent İddiaçı istifadə etdiyi elektrik enerjisinə görə müəyyən edilmiş dövrlər ərzində sayğac göstəriciləri üzrə ödənişlər etmişdir və onun hesabına 2002-ci il tarixədək 678 manat borc məbləği hesablanmışdır.
İşin faktiki halları.
6. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçının yaşadığı evin abonent hesabına 2002-ci ilədək 678 manat borc yazılmışdır. İddiaçı qeyd edir ki, istifadə etdiyi elektrik enerjisinin dəyərini mütəmadi olaraq ödəmişdir. Qeyd olunan hesablanmış borc məbləği əsassızdır və silinməlidir. Cavabdeh qurumun nümayəndəsi bildirir ki, qeyd olunan borc əvəlki qurumun dövrünə aiddir və hazırda dondurulmuş borclar qrafasına daxil edilmişdir.
Tətbiq edilən hüquq.
7. “Elektrik Enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 №-li qərarı.
1.1-ci bəndinə əsasən, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. 1.3. Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.4. enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.16. istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.
8. AR Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi
21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
9. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarı Həmin Qərarda qeyd edilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
10. AR Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Məhkəmənin mövqeyi.
11. Məhkəmə iş materiallarını hərtərəfli araşdırıb, tərəflərin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir.
12. Məhkəmə qeyd edir ki, işin araşdırılan hallarından müəyyən edildi ki, iddiaçının yaşadığı fərdi yaşayış evinin abonent hesabına qeyd olunan tarixləri əhatə edən dövr üçün istifadə olunmuş elektrik enerjisinə görə ödənilməmiş ümumilikdə 678 manat borc məbləği hesablanmışdır. Qeyd olunan hal hazırki iş materiallarında olan Abunə haqqından aydın olur. Məhkəmə iclasında cavabdeh qurumun nümayəndəsi bildirdi ki, göstərilən borc məbləği Bakı Elektrik Şəbəkəsinin dövründə olan borcdur. Hazırda həmin borc dondurulmuş borclar qrafasına daxil edilmişdir. Həmin borc "xxxx" ASC-dən əvvəlki qurumun dövründə yarandığından və tələb müddəti də keçdiyindən tələb edilmir. Deməli, cavabdeh tərəfin izahatından aydın olur ki, mübahisəli borc məbləğinin yaranma səbəbini araşdırmaq mümkün deyildir və eyni zamanda həmin borc ödənilməsi məcburi olmayan borclar kateqoriyasına aid edilmişdir. İddiaçı yaranmış borc məbləğinə belə aydınlıq gətirir ki, o daimi olaraq istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəmişdir və hər hansı qalıq borc məbləği mövcud deyildir. Yazılan məbləğin ona aidiyyatı yoxdur. Məhkəmə qeyd edir ki, mübahisəli borc məbləğinin hansı əsaslarla yazıldığını isbat edilmir. Abunə haqqından görünür ki, istehlakçı ümumilikdə aylar üzrə mütəmadi ödənişlər həyata keçirmişdir. Məhkəmə hesab edir ki, borcun yaranma əsası şübhə doğurduğundan və bunun əksini sübut etmə vəzifəsi cavabdehin üzərinə düşdüyündən, cavabdeh isə həmin hallara dair hər hansı sübut təqdim etmədiyindən hesablanmış borc məbləği əsassızdır. Məhkəmə qeyd edir ki, iddiaçı tələbində onun abonent hesabına 715 manat borc məbləğinin yazıldığını qeyd etsə də, lakin abuna haqqından göründüyü kimi cəmi 678 manat borc məbləği hesablanmışdır. Belə olan halda, iddia qismən təmin edilməklə iddiaçının abonent hesabına yazılmış 678 manat borc silinməlidir.
Məhkəmə xərcləri.
13. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
14. AR Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
15. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən və iddiaçı iş üzrə dövlət rüsumu ödənilməsindən azad olduğundan iş üzrə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
16. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1 ünvanında İddiaçı abonent hesabına (abunə kodu **********00050) hesablanmış 678 manat borc silinməli və iş üzrə ödənilməli olan 30 manat pul vəsaiti cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
17. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1 ünvanında İddiaçı abonent hesabına (abunə kodu **********00050) hesablanmış 678 manat borc silinsin. İş üzrə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.