Məhkəmə qərarları › İş №2(010)-3881/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3881/2021

03.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3881/2021 03.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, miras əmlak üzərində miras qoyanın arvadının ümumi birgə mülkiyyət hüququnun tanınması, miras əmlaka vərəsəlik hüququnun tanınması, əmlak üzərində iddiaçının payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh 06.05.2021-ci il tarixində Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən verilmiş 2V - 215 və 2V - 216 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, İddiaçı ban nömrəsi CU2W 0010657, mühərrikin nömrəsi GC4677 və buraxılış ili 2002-ci il olan MİTSUBİSHİ AİRTREK minik markalı ** NJ *** qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə və Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisi ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə ikidə bir (1/2) hissədə ümumi birgə mülkiyyət hüququnun tanınması; həmin əmlakların qalan ikidə bir hissəsi (1/2) üzərində İddiaçı vərəsəlik hüququnun tanınması və onun həmin miras əmlak üzərində ikidə bir (1/2) hissədə (ümumi əmlakın dörddə üç 3/4 hissəsində) payının müəyyən edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi. İddia tələbinin dəlilləri Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən 06 may 2021-ci il tarixində Cavabdeh reyestrdə 2V - 215 və 2V - 216 nömrələri ilə qeyd edilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr verilmiş və müvafiq olaraq şəhadətnamələrdə qeyd edilmişdir ki, Cavabdeh AR DİN BDYPİ tərəfindən verilmiş 05.06.2018-ci il tarixli AD252218 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi CU2W 0010657, mühərrikin nömrəsi GC4677 və buraxılış ili 2002-ci il olan MİTSUBİSHİ AİRTREK minik markalı ** NJ *** qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsindən və Bakı şəhər, DTXK tərəfindən 04.10.2002-ci il tarixində X6 verilmiş seriya nömrəsi JN 4065D, Kod: 00600026 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisi ünvanında yerləşən ümumi sahəsi 0.04 ha olan torpaq sahəsindən tam hissədə pay almalıdır. Sözügedən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən verilməsi zamanı İddiaçı payı ümumiyyətlə nəzərə alınmamışdır. Belə ki, İddiaçı və mərhum X10 10.06.1989-cu il tarixində SSRİ-nin Tomsk vilayətində nikaha daxil olmuşlar və miras qoyan X10 vəfat edənədək nikah münasibətlərində olmuşlar. Hər iki miras əmlak İddiaçı və X4 nikahda olduğu dövrdə əldə edildiyindən Ailə Məcəlləsinin 32.1-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı həm torpaq sahəsi, həm də nəqliyyat vasitəsi üzərində birgə mülkiyyət hüququ mövcuddur. Ailə Məcəlləsinin 37.1-ci maddəsinin tələbinə uyğun olaraq miras əmlak üzərində İddiaçı 1/2 (ikidə bir) payı var. Digər tərəfdən, Mülki Məcəllənin 1159-cu və 1274-cü maddələrinin tələblərinə əsasən, İddiaçı miras əmlakın qalan 1/2 (ikidə bir) hissəsinə münasibətdə Cavabdeh ilə bərabər payı var. Əmlaklar düzgün bölüşdürülmədiyindən qanun üzrə vərəsəlik şəhadətnamələri etibarsız hesab edilməlidir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, izahatında iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh və cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Bakı şəhəri 14 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxsin nümayəndəsi üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 02.09.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, iddiaçı onun mərhum oğlunu uzun illər öncə tərk edib getmiş, oğlu ilə iddiaçı uzun müddət əvvəl faktiki olaraq ayrılmışlar, ona görə də cavabdehin oğlunun heç bir əmlakı üzərində hüququ yoxdur. Ona görə də, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri 14 saylı Notariat ofisinin 10.06.2021-ci il tarixli İddiaçı ünvanladığı məktubundan müəyyən olunur ki, miras qoyanın anası Cavabdeh etibarnamə üzrə nümayəndəsi olan X11, X1 miras qalmış, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən küçəsində yerləşən, 0.04 ha torpaq sahəsinə və 90- NJ-765 dövlət qeydiyyat nişanlı, MİTSUBİSHİ AİRTREK minik markalı avtomobilə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsilə bağlı 3 may 2021-ci il tarixdə, Bakı şəhəri 14 saylı notariat ofisinə ərizə ilə müraciət etmişdir. Vərəsələrin dairəsini müəyyən etmək məqsədilə, eletron notariat avtomatlaşdırılmış informasiya sistemindən, miras qoyanın daimi qeydiyyatda olduğu Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən, 14A saylı evdə kimlərin daimi qeydiyyatda olmasına dair arayış və miras qoyanın ailə vəziyyətini müəyyət etmək məqsədilə, X2nın AQİS-dən çıxarış çap edilmişdir. Lakin əldə edilən arayışlarda iddiaçı barəsində heç bir qeydiyyat olmadığından, iddiaçını vərəsə kimi müəyyən etmək mümkün olmamışdır. Cavabdeh etibarnamə üzrə nümayəndəsi olan X11, X1 miras qalmış əmlaklara dair, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsilə bağlı, Bakı şəhəri 14 saylı notariat ofisinə təqdim etmiş ərizəsində də, cavabdehdən başqa digər vərəsənin olmadığını qeyd etmişdir. İddiaçı da vərəsə olaraq qanunvericiliyin tələbinə əsasən, X1 miras qalmış əmlakların qəbul edilməsi və miras qoyanın adına vərəsəlik işinin açılması ilə bağlı, Bakı şəhəri üzrə hec bir notariat ofisinə ərizə ilə müraciət etməmişdir. Bu səbəbdən də, 6 may 2021-ci il tarixdə, 2V- 215 və 2V- 216 reyestr nömrəsilə qeydə alınaraq, miras qoyandan qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə tam hissədə, Cavabdeh adına verilmişdir. İzah edilmişdir ki, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 342-ci və «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 41-ci maddələrinə əsasən notariusun fəaliyyət göstərdiyi yerin məhkəməsinə şikavət verə bilər. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 28.08.2021-ci il tarixdə verilmiş 254- 05/75 saylı nikah haqqında arayışdan görünür ki, X10 ilə X7 arasında nikah 10.06.1989-cu il tarixdə bağlanmışdır, nikahdan sonra ərə Hünbətov, arvada Hünbətova soyadı verilmişdir. Toms vilayəti VVAQ şöbəsi tərəfindən 10.06.1989-cu il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən müəyyən olunur ki, Hünbətov Vaqif İlyas oğlu ilə X9 arasında nikah 10.06.1989-cu ildə bağlanmışdır. Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzə nümayəndəliyinin 06.05.2021-ci il tarixli arayışından müəyyən olunur ki, 30.10.2020-ci il tarixdə vəfat etmiş mərhum X10 həqiqətən də ölən günə kimi Qaraçuxur qəsəbəsi, Y.Əliyev küçəsi, ev 14 A ünvanında qeydiyyatda olmuşdur. İddiaçı mərhumun həyat yolmaşı olmuş və onunla birlikdə yaşamışdır. DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS üzrə Məlumat Şöbəsinin 018/39-282 saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, X4 01.03.2002-ci il tarixdən 07.01.2016-cı il tarixədək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 3-cü Sahil küçəsi, ev 5 V, mənzil 31-də qeydiyyatda olmuş, 07.01.2016-cı il tarixdə qeydiyyatdan çıxarılmışdır. 04.07.2017-ci il tarixdən 30.10.2020-ci il tarixədək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi,Y.Əİiyev küçəsi, ev 14 A-da qeydiyyatda olmuşdur. 30.10.2020-ci il tarixdə vəfat etmişdir. Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 07.06.2021-ci il tarixli məktubundan görünür ki, X4 adına Azərbaycan Respublikası üzrə hazırda qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. 06.05.2021-ci il tarixli, 2V-215 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, 30.10.2020-ci il tarixdə vəfat etmiş - X4 vərəsəsi: Kəlbəcər rayonu, Çəpli Ərazi Dairəsi, Çəpli Kəndi ünvanında qeydiyyatda olan Cavabdeh və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – AR DİN BDYP Qİİ tərəfindən verilmiş 05.06.2018-ci il tarixli AD252218 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi CU2W 0010657, mühərrikin nömrəsi GC4677 və buraxılış ili 2002-ci il olan MİTSUBİSHİ AİRTREK minik markalı 90NJ765 qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. 06.05.2021-ci il tarixli 2V-216 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən olunur ki, 30.10.2020-ci il tarixdə vəfat etmiş - X4 vərəsəsi: Kəlbəcər rayonu, Çəpli Ərazi Dairəsi, Çəpli Kəndi ünvanında qeydiyyatda olan Cavabdeh və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - Bakı şəhər DTXK tərəfindən 04.10.2002 tarixdə X6 verilmiş seriya nömrəsi JN:4065D, KOD: 00600026 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisi ünvanında yerləşən ümumi sahəsi 0.04 ha olan torpaq sahəsindən ibarətdir. JN-4065D (Kod ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən müəyyən olunur ki, Bakı şəhəri 24 saylı Dövlət Notariat Kontorunun 28.08.2002-ci il tarixli 4Ə/6-687 saylı alqı-satqı müqaviləsi ilə 0.04 hektar fərdi yaşayış evi tikintisi üçün X5 mülkiyyətinə verilmişdir. AD №-li 252213 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, 90NJ765 dövlət qeydiyyat nişanlı MİTSUBİSHİ AİRREK minik markalı avtomaşının mülkiyyətçisi X8r, qeydiyyat üçün əsas 05.06.2018-ci il tarixli BDYP-də imzalanmış alqı-satqı müqaviləsi olmuşdur. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 17.11.2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X10 30.10.2020-ci il tarixdə ölmüşdür. Kəlbəcər rayon VVAQ şöbəsi tərəfindən 20.09.1999-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X12 03.04.1993-cü il tarixdə ölmüşdür. Kəlbəcər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Azərbaycan Respublikasının vətəndaşı 18.08.1960-cı ildə Kəlbəcər rayonu Çəpli kəndində. anadan olmuş X4 ailə vəzivvətinin müəyyən edilməsi məqsədi ilə.30.10.2020-ci il tarixədək ''X2' avtomatlaşdırıİrmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün X2 üzrə yoxlama aparılmış və Hünmətov Vaqif İlyas oğlunun nikah haqqında akt qeydi aşkar edilməmişdir. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə, miras qoyanın ölümündən sonra doğulmuş uşaqlar ola bilərlər. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. 1159.1 maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər) valideynlər (övladlığa götürülənlər) birinci növbə vərəsələr sayılırlar. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir; 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1164-cü maddəsinə əsasən, əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. “Notariat haqqında” Azərbaycan Respublikası qanununun 59-cu maddəsinə əsasən, Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Həmin qanunun 62-ci maddəsinə əsasən, Ər-arvaddan biri öldükdə ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir. Şəhadətnamə ümumi əmlakın yarısına verilə bilər. Mülkiyyət hüququ haqqında şəhadətnamədə mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsinə əsasən sağ qalmış ərin (arvadın) razılığı ilə, ölmüş ərin (arvadın) ümumi əmlakdan payı da müəyyən edilə bilər. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.09.2000-ci il tarixli qərarının 13cü maddəsinin 8-ci bəndinə əsasən, notariat hərəkətinin aparılması zamanı X2nın qeydiyyatına (doğumun, nikahın, nikahın pozulmasının, ölümün qeydə alınması və s.) dair məlumatların yoxlanılmasına zərurət olduqda, notarius bu məlumatları “X2” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Məhkəmənin mövqeyi Maddi hüquq normalarının tələblərindən göründüyü kimi, miras əmlak dedikdə ölən şəxsin öldüyü məqamda şəxsən özünə məxsus olan əmlak toplusu daxildir. Əgər əmlak paylı mülkiyyətdədirsə həmin əmlakın mərhuma aid pay hissəsi miras əmlaka daxil edilir. Digər mülkiyyətçilərin əmlakları hesabına, həmçinin sağ qalan ərə (arvada) birgə nikah dövründə qazanılması əsasıyla məxsus olan əmlak payının hesabına ölən ərin (arvadın) miras əmlakının artırılması vərəsəlik münasibətlərini tənzimləyən hüquq normalarının tələblərinə ziddir. Başqa sözlə, qanunvericiliyin tələbinə görə ölən şəxsə məxsus miras əmlak heç bir halda digər şəxslərin əmlakı hesabına artırıla bilməz. Ona görə də, məhkəmə hesab edir ki, notariat orqanı tərəfindən verilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməlidir. Belə ki, Cavabdeh adına Vərəsəlik Şəhadətnamələri verilən zamanı, mərhum X4 digər vərəsəsinin (arvadı İddiaçı) olması nəzərə alınmamış, nəticədə paylar düzgün müəyyən edilməyərək, qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmaqla “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Məhkəmə Cavabdeh iddiaçı ilə miras qoyanın uzun müddətdir faktiki nikah münasibətlərində olmaması barədə dəlillərinə qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, mülki qanunvericiliyin tələblərindən göründüyü kimi əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Cavabdeh hazırda mülki Məcəllənin qeyd edilən müddəasına əsasən iddianın təmin edilməməsini xahiş etsə də, miras qoyanla iddiaçının azı üç il əvvəl faktiki nikah münasibətlərinə xitam verilməsi səbəbindən iddiaçının qanun üzrə vərəsəlik hüququndan məhrum edilməsi barədə məhkəmə qətnaməsinin olması iş materialları ilə müəyyən edilmir. Hazırkı iş üzrə isə keçirilmiş məhkəmə iclaslarında qeyd edilən halla bağlı cavabdeh heç bir sübut təqdim etməmiş və həmin halın mübahisələndirilməsi üçün hər hansı bir iddia tələbi ilə müraciət etməmişdir. Əlavə olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh məhkəmə iclasında vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün notariat ofisinə müraciət etdiyi zaman iddiaçının miras qoyanla nikah münasibətlərində olduğunu bildiyini və bu halı notariat orqanına bildirmədiyini qəbul etmiş, əlavə olaraq notariat orqanına verdiyi ərizəsi ilə bu halı gizlətmişdir. Bu isə əsassız olaraq iddiaçının qanun üzrə vərəsə olaraq miras əmlakdan pay almaq hüququndan məhrum olmasına gətirib çıxarmışdır. Göründüyü kimi notariat hərəkətinin aparılması zamanı X2nın qeydiyyatına (doğumun, nikahın, nikahın pozulmasının, ölümün qeydə alınması və s.) dair məlumatların yoxlanılmasına zərurət olduqda, notarius bu məlumatları “X2” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edir. Notariat orqanı tərəfindən bu məlumatlar əldə edilmiş və mərhuma dair nikah akt qeydi aşkar edilmədiyi məlum olmuşdur. Lakin cavabdeh mərhumun rəsmi olaraq nikahda olduğunu bildiyi halda bu barədə məlumatı gizlətmişdir. Məhkəmə hesab edir ki, cavabdeh notarius tərəfindən vərəsələrin dairəsi elektron qaydada yoxlanılan zaman bu halı bildirməli olmasına baxmayaraq, iddiaçı bu halı gizlətməklə əsassız olaraq mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhatənamələri almasına və yeganə vərəsə olması barədə faktı təsdiqlətməsinə səbəb olmuşdur. Məhkəmə iddia tələbininin ölmüş şəxs (miras qoyan) X4 qanun üzrə vərəsələrini və miras əmlaka daxil olan MİTSUBİSHİ AİRTREK minik markalı ** NJ *** qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə və Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisi ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə dair vərəsələrin paylarının müəyyən edilməsi və həmin əmlakların birgə nikah dövründə əldə edilməsinin müəyyən edilməsi hissəsində əsassız hesab edir. Belə ki, mülki qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi miras açıldığı zaman miras əmlaklara dair payları müəyyən etmək noariusun vəzifələrinə aiddir və gələcəkdə bu barədə mübahisə yarandıqda iddiaçı məhkəməyə müraciət edə bilər. Lakin hazırkı mərhələdə belə bir mübahisə mövcud deyildir. Ona görə də, məhkəmə hesab edir ki, miras əmlakların birgə nikah dövründə əldə edilərək birgə mülkiyyət sayılması və onları üzərində payların müəyyən edilməsi vərəsəlik şəhadətnamələri etibarsız hesab edildikdən sonra notariat orqanında həll edilməlidir. Ona görə də, mirasın məhkəmə tərəfindən bölgüsünə zərurət yoxdur. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri 14 saylı Notariat ofisi tərəfindən 06.05.2021-ci il tarixli 2V-215 reyestr nömrəli, 2V-216 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilsin. X1 miras qalmış MİTSUBİSHİ AİRTREK minik markalı ** NJ *** qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə və Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1-ci Mədən ərazisi ünvanında yerləşən 0.04 ha torpaq sahəsinə dair miras əmlakların yenidən bölgüsü Bakı şəhəri 14 saylı Notariat ofisinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar