Məhkəmə qərarları › İş №2(010)-3929/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3929/2022

14.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3929/2022 14.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçı və Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı İddiaçı cаvаbdeh Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh tərəfindən ona təbii qaza görə əsassız hesablanmış 875.5 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Bildirirəm ki, mən ünvan 1 ünvanında ailəmlə birlikdə yaşayıram. Həmin evi mən 2021-ci ilin dekabr ayında notariat qaydasında etibarnamə ilə satın almışam və 2022-ci ilin yanvar ayının 11-də oraya qeydiyyat düşmüşəm. Mənə gələn qaz bildirişində 875.5 manat borcun yazıldığını gördükdə cavabdehin Suraxanı rayonu ərazisində yerləşən bölməsinə müraciət etdim. Orada mənə bildirildi ki, qaz borcu 2021-ci ilin noyabr ayında tərtib edilmiş akt əsasında yazılmışdır. Həmin akt mənə təqdim edildikdə gördüm ki, aktda mənim adım deyil, evin əvvəlki sahibinin adı – X5 göstərilmişdir. Həmin şəxs məndən əvvəl evin sakini olmuş, etibarnamə ilə evi mənə satmış X3 cavabdeh tərəfindən 875.5 manat qaz borcu yazılmış, həmin şəxs evi mənə satdıqdan sonra cavabdeh nəyə görəsə həmin borcu mənim üzərimə keçirərək mənə yazmışdır. Halbuki mən X2 öhdəliklərinə görə cavabdeh deyiləm. Ona görə məsuliyyət daşımıram. Bununla bağlı heç bir müqavilə də yoxdur. X1 cavabdehə borcu varsa cavabdeh məhkəmə yolu ilə borcu ondan almalıdır. Cavabdehlə mənim aramda bağlanmış xx.xx.2021-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilədə də X3 yazılmış borca görə mənim məsuliyyət daşımağım nəzərdə tutulmamışdır. Mənim özümlə bağlı isə heç bir akt tərtib edilməmiş, mənim tərəfimdən heç bir pozuntuya yol verilməmişdir. Təbii qazdan sırf sayğac vasitəsi ilə istifadə edirəm. Eyni zamanda onu da bildirim ki, cavabdehin mənə təqdim etdiyi fotoşəkillərdəki guya qazdan sayğacdankənar istifadə edilən evin darvazası da mənim darvazam deyil. Belə ki, fotoşəkillərdəki darvaza bütöv metaldandır. Mənim evimin darvazasının üst tərəfi qəfəs şəklindədir. Lazım gələrsə məhkəmə yerində müayinə keçirərək bunun şahidi ola bilər. Cavabdeh isə öz növbəsində hesablamalarının hüquqi əsaslarını mənə bildirməmiş və sübuta yetirməmişdir. Beləliklə, cavabdehin hesablamaları heç bir normativ hüquqi akta əsaslanmamışdır. Hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh sübut etsin ki, onun hesabladığı 885 manat məbləğində qazı mən istehlak etmişəm, ümumiyyətlə mən hesabladığı qədər qaz istifadə etmişəm. Cavadeh təşkilat özü mənə yazılmış 875.5 manat qaz borcumun olmasını sübuta yetirməlidir”.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdeh orqan xx.xx.2021-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulmasına dair akta əsasən ona cərimə hesablamışdır. Halbuki həmin aktda evin əvvəlki sahibi X2 adı qeyd olunmuşdur. Gülağa Abbasov həmin evi etibarnamə əsasında ona satmışdır. Həmin etibarnamədən görünür ki, etibarnamə xx.xx.2021-ci il tarixdə verilmişdir. Yəni onun həmin vaxtdan əvvəl həmin evlə heç bir əlaqəsi olmamışdır. Elə bu səbəbdən də müvafiq akt onun yox, evin əvvəlki sahibinin adına tərtib edilmişdir. Buna baxmayaraq, bu akt əsasında yazılmış borc ondan tələb edilir. O isə bununla qəti şəkildə razı deyil. Heç bir təqsiri olmadığı halda əvvəlki ev sahibinə yazılmış cərimə ondan tələb edilə bilməz. Həmçinin qeyd etdi ki, evi alarkən onun bu cərimədən məlumatı olmamışdır. Belə ki, “ASAN xidmət” mərkəzindən evlə bağlı sənəd aldığı zaman orada kommunal borcların olmadığı qeyd edilmişdi. Onun bu cərimədən evi aldıqdan aylar sonra məlumatı olmuşdur. Hər bir halda əgər təbii qazdan sayğacdankənar istifadə olmuşdursa, cavabdeh orqan müvafiq cəriməni birbaşa pozuntunu törədən şəxsdən tələb edə bilər. Bu cərimənin ondan tələb edilməsi qanunsuzdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək bildirdi ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə evdəki qaz sayğacına baxış keçirilən zaman sayğacdankənar təbii qazdan qeyri-qanuni istifadə aşkarlanmış və akt tərtib olunmuşdur. Akt tərtib edildiyi zaman iddiaçı ilə aralarında müqavilə olmamış və yeni abonent kodu təyin edilməmişdir. İddiaçı ilə Cavabdeh İB arasında xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmış və həmin ünvana ikinci abonent kodu açılmışdır. Cavabdeh İB hesab edir ki, nəzərdə tutulan borc iddiaçıdan tutulmalıdır. Belə ki, ev satılan zaman əvvəlki abonent kodu passiv olur. Əvvəlki abonentin borcu yeni abonentin hesabına keçir. Bu baxımdan müvafiq pozuntu iddiaçı tərəfindən törədilməmiş olsa belə borcu iddiaçı ödəməlidir. Çünki əvvəlki ev sahibinin həmin evlə bağlı bütün kommunal öhdəlikləri yeni ev sahibi kimi iddiaçıya keçmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.

İş materialları.

5. Cavabdeh İB və İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AKX-0361xx/xx- 2021 nömrəli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” müqavilədən görünür ki, Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

6. **********01733 kodlu abonentin (X5) saldosundan görünür ki, abonentə 2021-ci ilin noyabr ayında “qalıq və aktlar”ə əsasən 875.52 manat məbləğində borc hesablanmışdır.

7. **********03356 kodlu abonentin (İddiaçı) saldosundan görünür ki, abonentə 2022ci il üçün “qeyri ödəniş” qrafasında “-875.5” yazılmışdır.

8. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* №-li aktdan görünür ki, istehlakçı X3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi ünvanında yerləşən sayğaca Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, sayğacdankənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur.

9. xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Abbasov Gülağaya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi ünvanında yerləşən fərdi evində sayğacdankənar təbii qazdan qeyri-qanuni istifadə edildiyinə görə 8208 m3 həcmində dəymiş zərər hesablanmışdır.

10. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır.

11. AR-İİ seriyalı, 523291 nömrəli etibarnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X5 istifadəsində olan ünvan 2 ünvanında yerləşən (Azərişıq kodu **********00020 və Azəriqaz kodu **********03356) torpaq sahəsini və yaşayış evini qanunvericilikdə nəzərdə tutulmuş qaydada özəlləşdirilməsi ilə bağlı zəruri sənədləri toplamağı, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etməyi, bununla bağlı adından ərizə verməyi, mülkiyyət hüququnun dövlət qeydiyyatına dair sənədləri almağı, həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd əsasında göstərilən torpaq sahəsinin 190 m2 torpaq sahəsini satmağı, alqı-satqı müqaviləsini imzalamağı, müqavilə üzrə məbləği müəyyən etməyi, ona çatası pulu almağı, məbləğ depozit hesabı vasitəsilə ödənildikdə, onu bankda təmsil etməyi, əmlak və torpaq vergi borcunu ödəməyi və bu tağşırığın yerinə yetirilməsi ilə əlaqədar olan digər hərəkətləri etməyi İddiaçı etibar edir.

12. Cavabdeh İB tərəfindən verilmiş bildiriş-xəbərdarlıqdan görünür ki, ünvan 3 ünvanında yaşayan abonent İddiaçı xx.xx.2022-ci il tarixə yekun borcu 66.72 manat təşkil edir.

13. Cavabdeh İB tərəfindən verilmiş bildiriş-xəbərdarlıqdan görünür ki, ünvan 3 ünvanında yaşayan abonent İddiaçı xx.xx.2022-ci il tarixə yekun borcu 8.84 manat təşkil edir.

14. Cavabdeh İB tərəfindən verilmiş bildiriş-xəbərdarlıqdan görünür ki, ünvan 3 ünvanında yaşayan abonent İddiaçı xx.xx.2022-ci il tarixə yekun borcu 879.16 manat təşkil edir.

İşin faktiki halları.

15. Cavabdeh İstehsal Birliyinin əməkdaşları tərəfindən hazırda İddiaçı faktiki sahibliyində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi ünvanında yerləşən fərdi yaşayış evindəki qaz sayğacına baxış keçirilmiş, sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuş, bununla bağlı xx.xx.2021ci il tarixli akt tərtib olunmuşdur. Lakin aktda istehlakçının nümayəndəsi kimi X2 adı qeyd edilmiş, qarşısında “imtina etdi” yazılmışdır. Bundan sonra həmin akta əsasən itirilmiş qazın həcmi hesablanmış, buna uyğun olaraq İddiaçı “qalıq və aktlar”a əsasən 875.52 manat məbləğində borc hesablanmışdır. Hazırda İddiaçı sayğaca heç vaxt müdaxilə etmədiyini, təbii qazdan istifadə qaydalarının pozulmasına dair aktın evin əvvəlki sahibinin adına tərtib olunduğunu, özünün isə həmin evi akt tərtib edildikdən bir ay sonra – xx.xx.2021-ci il tarixdə aldığını, dolayısı ilə həmin akt əsasında yazılmış borca görə heç bir məsuliyyət daşımadığını iddia etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi isə iddianı qəbul etməmiş, təbii qazdan istifadə qaydalarını pozan iddiaçı yox, evin əvvəlki sahibi olsa belə iddiaçı evi aldığından evlə bağlı bütün kommunal öhdəlikləri, eləcə də müvafiq akta əsasən hesablanan borcu iddiaçının ödəməli olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

17. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

18. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 6. Qaz qurğularına ziyan vuran dəyişmələr.

2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”.

6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

21. "Dövlət rüsumu" haqqında Azərbaycan Respublikasının Qanunu.

Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.5. istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar.

Məhkəmənin mövqeyi.

22. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hаllаrındаn göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi ünvanında yerləşən sayğaca baxış keçirilmiş, sayğacdankənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunduğundan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Aktda istehlakçının nümayəndəsi qismində X2 adı qeyd edilmiş, qarşısına “imtina etdi” yazılmışdır. Hazırkı iş üzrə İddiaçı iddia edir ki, X5 həmin evin əvvəlki sahibidir və xx.xx.2021-ci il tarixində, yəni həmin akt tərtib edildikdən sonra Gülağa Abbasov evi etibarnamə əsasında ona satmışdır.

23. İş materiallarında olan etibarnamədən görünür ki, həqiqətən xx.xx.2021-ci il tarixdə X5 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağça küçəsi ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi üzərindəki hüquqlarını İddiaçı etibar etmişdir. Elə həmin tarixdə Cavabdeh İB ilə İddiaçı arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır.

24. Beləliklə, iş materialları əsasında müəyyən olunur ki, İddiaçı özünün iddia etdiyi kimi xx.xx.2021-ci il tarixindən həmin evə sahiblik etməyə, dolayısı ilə kommunal xidmətlərdən istifadə etməyə başlamışdır. Həmin tarixə qədər isə ev X5 adlı başqa bir şəxsin sahibliyində olmuş, bütün kommunal xidmətlərdən həmin şəxs istifadə etmişdir.

25. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi də bu halı mübahisələndirməmiş, hazırkı iş üzrə iddiaçının akt tərtib ediliyi dövrdə həmin evlə heç bir əlaqəsi olmadığını, evi sonradan aldığını qəbul etmiş, bununla belə müvafiq akta əsasən hesablanmış cəriməni iddiaçının ödəməli olduğunu iddia etmişdir. Cavabdehin nümayəndəsinə görə əgər iddiaçı həmin evi almışdırsa, evlə bağlı bütün öhdəliklər kimi kommunal xidmətlə bağlı öhdəliklər də iddiaçıya keçmişdir və bu səbəbdən iddiaçı həmin borcu ödəməlidir.

26. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, xx.xx.2021-ci il tarixində hazırkı iş üzrə tərəflər arasında heç bir müqavilə bağlanmadığından hansısa öhdəlik münasibətlərinin mövcudluğundan söhbət gedə bilməz. Tərəflər arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə xx.xx.2021-ci il tarixdə bağlanmışdır ki, həmin müqavilənin 2.2.4-cü bəndində “istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək” paylayıcının hüququ kimi; həmin müqavilənin 2.3.4-cü bəndində “təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək” istehlakçının vəzifəsi kimi göstərilmişdir.

27. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə istehlakçı tərəfindən qaz paylayıcısına vurulmuş istənilən zərərin deyil, məhz istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş zərərin ödənilməsi paylayıcının hüququ, istehlakçının vəzifəsi kimi göstərilmişdir.

28. Bundan başqa, mülki qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir.

29. Hazırkı işdə isə iddiaçının təbii qazdan istifadə qaydalarının pozulmasında hansısa təqsiri istisna edilir, çünki iş materiallarından göründüyü kimi həmin ev müvafiq pozuntunun aşkar edilməsindən bir ay sonra iddiaçının sahibliyinə keçmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin akta əsasən hesablanmış borcun hazırkı iş üzrə iddiaçıdan tutulması yolverilməzdir. Bu səbəbdən həmin borc silinməlidir.

30. Bu hissədə məhkəmə qeyd edir ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, 2021-ci ilin noyabr ayı üçün “qalıq və aktlar”a əsasən 875.52 manat məbləğində borc hesablanmışdır. Lakin iddiaçı bu borcun 875.5 manat hissəsinin silinməsini xahiş etmişdir. Belə olan halda iddia tələbindən kənara çıxmayan məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 875.5 manat məbləğində borc onun hesabından silinməlidir.

Məhkəmənin gəldiyi nəticə.

31. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı hesablanmış 875.5 manat (səkkiz yüz yetmiş beş manat əlli qəpik) məbləğində borc silinməlidir.

32. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli akt əsasında İddiaçı hesablanmış 875.5 manat (səkkiz yüz yetmiş beş manat əlli qəpik) məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar