Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-3962/2020 30.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh «Cavabdeh» İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «Cavabdeh» İstehsalat Birliyi tərəfindən qaz sərfiyyatına görə tələb olunan 1900,16 manat məbləğində debitor borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır. Qeyd edilən yaşayış evinə cavabdeh «Cavabdeh» İstehsalat Birliyi tərəfindən qaz xətti çəkilmiş və həmin ünvanda Smart-kart tipli sayğac quraşdırılmışdır. O, hər ay mütəmadi olaraq işlətdiyi qazın dəyərini ödəmiş, cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu qalmamışdır. «Cavabdeh» İstehsalat Birliyinin əməkdaşları tərəfindən həmin sayğac çıxardılaraq, (Smart kart tipli sayğac çıxarılan zaman həmin sayğaca vurulan plomblar yerində olmuşdur) yerinə yeni Smart kart tipli sayğac quraşdırılmışdır. Sayğacın çıxarılaraq yenidən əvəz edilməsinə səbəb isə sayğac dəyişməsi ilə bağlı olmuşdur. «Cavabdeh» İstehsalat Birliyinin əməkdaşları sayğacın hara aparılması barədə ona hər hansı bir məlumat verilməmişlər. Lakin ona məxsus köhnə sayğac aparılandan sonra «Cavabdeh» İstehsalat Birliyinin əməkdaşları onun ünvanına gələrək, həmin sayğacda zədənin aşkar (Alarım 1) qeyd edilməsini bildirmiş və cavabdeh tərəfindən əlavə qaz sərfi hesablanmışdır. Cavabdeh tərəfindən ondan əsassız olaraq pul tələb etməsi onu məhkəməyə müraciət etməyə vadar etmişdir. Belə ki, sayğac dəyişilərkən akt tərtib edilmiş və kiminsə tərəfindən imza edilmişdir, həmin imzadan onun xəbəri olmayıb. Bundan sonra ona bildirilmişdir ki, güya o, köhnə sayğaca müdaxilə etmişdir. Cavabdehin tələbinin əsassız olmasına baxmayaraq, hal-hazırda bu məsələylə bağlı problem yaşayır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə Qaydalarının 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin qaydaların 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Göründüyü kimi qeyd edilən qaydaya əsasən cavabdeh ona məxsus qaz sayğacını dəyişdirmək istəyirsə bunu öz vəsaiti hesabına etməli idi. Lakin həmin dəyişdirməni onun vəsaiti hesabına etmək üçün qaz sayğacında onun təqsiri üzündən baş vermiş zədə aşkar etməli idi. Cavabdeh də ona məxsus sayğacı çıxarıb apararaq, məlum olmayan vəziyyətdə üzərində müdaxilə aşkar etmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, sözügedən ünvanda sayğaca müdaxilə olunmuşdur. Belə ki, sayğac laboratoriya göndərilmiş və sayğacda keçən qazın həcmini qeyd Laboratoriya rəyinə əsasən sayğacda (Alarım 1) rejimi aşkar olunmuşdur. Abonentə 4 dəfə cərimə hesablanmış və 2013-cü ildə 453.60 manat, 2016-cı ildə 194.40 manat, 2017-ci ildə 658.80 manat, 2020-ci ildə isə 216 manat aktlara əsasən borc hesablanmışdır, qalan borc isə abonentin saygacdan istifadəsi nəticəsində yaranmışdır. Həmin aktların hamısı saygaca müdaxiləyə görə tərtib olunmuşdur. Bu səbəbdən hesablanmış borc iddiaçı tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən laboratoriyanın xx.xx.2020-ci il tarixli 29/1710-00591-1 nömrəli Aktına əsasən G-4 markalı 1802AZ**********39 saylı sayğacda (Alarım 1) rejimi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinin 6cı bəndinə əsasən Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 5ci bəndinə əsasən Qazın idxalı və ixracı müqavilələr əsasında həyata keçirilir. İdxal və ixrac da daxil olmaqla qaz nəqli xidmətləri ilə qazın nəql edilməsi üzrə üçüncü tərəflə sazişlər ancaq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə qüvvəyə minir. Bu razılıq həmin sazişlərin energetika müqavilələrinə və mövcud qanunvericiliyə uyğun olduğu hallarda vəhədlərdə verilir. Əgər müvafiq icra hakimiyyəti orqanı razılıq almaq üçün ona verilən yazılı sifarişə bir ay müddətində rədd cavabı vermirsə, həmin razılıq verilmiş sayılır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 6cı bəndinə əsasən Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı məxsus ünvan 1-da qaz sayğacının işlək vəziyyətdə olmaması “Cavabdeh” əməkdaşları tərəfindən aşkar edilmişdir. Sayğac çıxarılaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin laboratoriyasına göndərilmişdir. AR Dövlət Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin aktına əsasən qaz sayğacda (Alarım 1) rejimi aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli “Qazdan” istifadə Qaydalarının” təsdiq edilməsi haqqında 80 saylı qərarının 4.6.-cı bəndinə əsasən Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə iclasında tərəflərin izahatları, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, sayğacın hesablama mexanizimində keçən qazın həcmini qeyd etmədiyi üçün sayğacda (Alarım 1) rejimi aşkar olunmuşdur. Sayğacda qeyd olunan (Alarım 1) rejiminə görə hesablanmış 2160 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Qalan aktlar da saygaca müdaxiləyə əsasən hesablanmış və istehlakçıdan tələb olunmuşdur. Məhkəmə hesab edir ki, ünvan 1-da yaşayan abonent (kod **********00100) İddiaçı əsassız olaraq 1522.80 manat borc hesablanmışdır. Göründüyü kimi iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız və qanunsuz tələb irəli sürmüşdür. Ona görə də məhkəmə iddia ərizəsini əsaslı hesab edib qismən təmin edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ünvan 1-da yaşayan abonent (kod **********00100) İddiaçı hesablanmış qaz sərfiyyatına görə tələb etdiyi 1522,80 manat «Cavabdeh» İstehsalat Birliyi tərəfindən silinməlidir. «Cavabdeh» İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. ünvan 1-da yaşayan abonent (kod **********00100) İddiaçı qaz sərfiyyatına görə tələb olunan 1522,80 manat «Cavabdeh» İstehsalat Birliyi tərəfindən silinsin. İddia qalan hissədə təmin olunmasın. «Cavabdeh» İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-3962/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-3962/2020
30.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver