Məhkəmə qərarları › İş №2(010)-398/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-398/2021

31.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-398/2021 31.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, Cavabdeh Zəkəriyyə qızının nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh Zəkəriyyə qızına qarşı bağışlama müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh Zəkəriyyə qızına qarşı bağışlama müqavilələrinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Zəkəriyyə qızı ilə arasında bağlanmış, ünvan 1 mənzil 21 ünvandakı mənzilə və ünvan 2 evinə dair bağışlanma müqavilələrinin etibarsız hesab olunması, həmin əmlakların əvvəlki hüquqi vəziyyətinə, yəni onun mülkiyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 mənzil 21 ünvandakı mənzil ona məxsus özəl əmlakı olmuşdur. Keçmiş həyat yoldaşı X6 2005-ci ildə ildə vəfat etmişdir. X1 və onun vəfatından sonra həmin evdə o və oğlanları yaşamışdır. Oğlu Nazimin vəfatından sonra da o və digər oğlu Maraqlı şəxs birgə təsərüfat aparmaqla qeyd olunan ünvanda daimi qeydiyyatda olmaqla yaşamışlar. Bundan sonra o, Cavabdeh Zəkəriyyə qızı ilə 2005-ci ilin sonlarında faktiki nikaha daxil olaraq el adəti qaydasında nikahımızı rəsmləşdirmədən ailə qurmuş və cavabdehlə həmin mənzildə yaşamışlar. Maraqlı şəxs keçmiş həyat yoldaşı X7 Cavabdeh Zəkəriyyə qızının bacısı qızıdır. O, Cavabdeh Zəkəriyyə qızı ailə qurduğdan sonra cavabdehin bacısı qızı Bəsti ilə oğlu evlənib. Maraqlı şəxs X7 ilə nikahı Suraxanı rayon Məhkəməsinin qətnaməsi ilə ləğv olunmuşdur. 2018-ci il tarixdən başlayaraq maraqlı şəxs Pənahov X2 ilə, Cavabdeh Zəkəriyyə qızı ilə nikahın pozulması, əmlak tələbi, Kamranın həmin evə istifadə hüququnun itrilməsi və sair tələblərlə bir-birinə qarşı məhkəmə prosesləri olmuş və hazırdada davam edir. Bundan sonra o, cavabdeh tərəfindən məcbur edilərək, iradəsinə zidd olaraq, cavabdeh onunla rəsmi nikaha daxil olduğdan dərhal sonra aldadılaraq, oğlunun onlarla mübahisəsi olduğundan sui istifadə edərək keçmiş həyat yoldaşı ilə birgə nikah vaxtı əldə etdiyi, uzun müddət ailəsinin istifadəsində olan ünvan 1 mənzil 21- ünvandakı evi və Xəzər rayonu Şüvəlan qəsəbəsindəki 369V saylı bağ evini iddiaçını məcbur etmək və hədə qorxu gəlməklə öz adına bağışlanma adı ilə rəsmləşdirmişdir. Halbuki, o, ahıl yaşındadır, latın əlifbası ilə oxuya bilmir. Cavabdeh ona bildirmişdir ki, həmin evə qeydiyyata düşmək üçün onu notariusa aparır. Lakin sonradan məhkəmə qaydasında maraqlı şəxs həmin ünvana köçürülərkən ona məlum olmuşdur ki, cavabdeh onunla bağışlanma müqaviləsi imzalayıb. Bu müqavilələr onun iradəsinə zidd bağlanmış əqdlərdir. Hal hazırda onun və Maraqlı şəxs mübahisəli əmlaklar üzərində hüquqları pozulmuş, cavabdeh tərəfindən mənzilə və bağa buraxılmırlar. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Zəkəriyyə qızının nümayəndəsi və vəkili X8 iddianı qəbul etməyərək məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, bağışlama müqavilələrinin etibarsızlığına dəlalət edən hər hansı bir hal mövcud deyildir, iddiaçının dəlilləri formal mülahizələrə əsaslanır və ona görə də, iddia təmin edilməməlidir. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında iddiaçı tərəfdən tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs izahat verərək göstərmişdir ki, 2005-ci ildə atası İddiaçı Cavabdeh Zəkəriyyə qızı ilə evlənib, o da cavabdehin bacısı qızı ilə evlənmişdir. Ayrıldıqdan sonra hər ikisi onu qeydiyyatdan çıxartmışlar. Sonra o, şikayət vermiş və iddiası təmin olunmuşdur. Suraxanıda yerləşən ev və bağ evi atası ilə anasının birgə nikah dövründə əldə edilmişdir. Hesab edir ki, onun da pay hüququ var. Bağışlama zamanı onun da razılığı tələb olunmalı idi. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında cavabdeh tərəfindən üçüncü şəxs kimi cəlb edilmiş 5 saylı ASAN Xidmət Mərkəzi Notariat ofisinin vəkili X4 iddianın əsassız olduğunu qeyd edərək göstərmişdir ki, İddiaçı notariusda müqavilə bağlayan zaman fəaliyyət qabiliyyətli olub, ona görə də müqavilələr əsaslıdır və bu səbəbdən də iddia rədd edilməlidir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı xəstəliyi ilə əlaqədar və vəkillə hüquqi yardımla bağlı müqavilə bağlayacağına görə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, cavabdeh tərəfindən üçüncü şəxs kimi cəlb edilmiş Bakı şəhər 11 saylı Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının işin təxirə salınması barədə ərizəsini əsassız sayır. Belə ki, iddiaçının xəstə olması ilə bağlı hər hansı sənəd ərizəyə əlavə edilməmiş, eyni zamanda vəkillə müqavilə bağlamaq üçün də iddiaçının kifayət qədər vaxtı olmuşdur. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş notariat işlərində olan xx xxxxxx 2018-ci il tarixli AZ İİ №244881 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Zəkəriyyə qızı ilə İddiaçı xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsində 09 saylı nikah qeydi ilə rəsmi şəkildə ailə qurmuşlar. Bakı şəhəri 11 saylı X10 tərəfindən verilmiş 4Ə/22 nömrəli notarial işindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən № ******* saylı, reyestr nömrəsi **********24-11301 olan çıxarışla Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi, 0,04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 1 otaqlı, 11,5 kv.m yaşayış sahəsi, 38,2 kv.m olan köməkçi sahədən ibarət 369V nömrəli bağ evi İddiaçı mülkiyyətindədir. xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə görə İddiaçı Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi, 369V ünvanında yerləşən yaşayış sahəsi 11,5 kv.m, köməkçi sahəsi 33,2 kv.m olan bağ evi və həmin ünvanda yerləşən mülkiyyətində olan 0,04 ha torpaq sahəsini Cavabdeh Zəkəriyyə qızına bağışlamışdır. İş materiallarında olan seriya RX ******* № li, xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 369V saylı bağ evi xüsusi mülkiyyət üzrə tam payda Cavabdeh Zəkəriyyə qızına məxsusdur. İş materiallarında olan Bakı şəhəri 5 saylı X10 tərəfindən verilmiş 4Ə/2112 nömrəli notarial işindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən № ******* saylı, reyestr nömrəsi **********15-05101-093003 olan çıxarışla ünvan 1, mənzil 21 İddiaçı mülkiyyətindədir. xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə görə İddiaçı ünvan 1 mənzil, 21 ünvandakı mənzili Cavabdeh Zəkəriyyə qızına bağışlamışdır. İş materiallarında olan seriya RX ******* № li, xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, ev 13, mənzil 21 xüsusi mülkiyyət üzrə tam payda Cavabdeh Zəkəriyyə qızına məxsusdur. -AZ-İ 371435 № li nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh Zəkəriyyə qızının nikahı Suraxanı Rayon Məhkəməsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin surətinə əsasən iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia üzrə iddiaçı Maraqlı şəxs iddiası qismən təmin olunmuş, Maraqlı şəxs Bakı şəhəri, Suraxanı rayonu, Y/Suraxanı qəsəbəsi, 14 iyul küçəsi 13 nömrəli evin 21 saylı mənzilinə köçürülmüşdür. Qarşılıqlı iddia üzrə İddiaçı Maraqlı şəxs qarşı istifadə hüququnun itirilməsinin müəyyən olunması tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı cavabdehin keçmiş həyat yoldaşıdır, onlar nikahda olduqları müddətdə iddiaçı özünə mülkiyyət hüquqları ilə məxsus bağ evini və mənzili cavabdehə bağışlamış, cavabdeh həmin əmlaklarla bağlı mülkiyyət hüququ əldə etmişdir. Həmin ərəfələrdə qeyd edilən mənzillə bağlı iddiaçı ilə hazırkı işdə üçüncü şəxs olan oğlu İddiaçı arasında məhkəmə mübahisələri olmuşdur və məhkəmələr İddiaçı həmin mənzilə istifadə hüquqlarının olduğuna görə köçürülməsini qət etmişlər. İddiaçı tələbində ona əsaslanır ki, mübahisələndirilən bağışlama müqavilələri bağlanarkən cavabdeh onun yaşlı olmasından, latın qrafikasında oxuyub yaza bilməməsindən istifadə etmiş və onu aldatmışdır. Cavabdeh tərəfin etirazı ondan ibarətdir ki, müqavilələr notarial qaydada bağlanıb və bağlanan zaman da iddiaçıya məsələnin mahiyyəti aydın olub. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-cı maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Bu Məcəlləsinin 670.1-cı maddəsinə əsasən bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1-ci maddəsinə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyyə alan bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Mülki Məcəllənin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Şərh edilən normaları rəhbər tutan məhkəmə qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında səlahiyyətli şəxslərin iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hazırkı işdə mübahisələndirilən müqavilələr bağlanarkən qeyd edilən imperativ şərtlərə əməl edilmişdir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, İddiaçı öz iradəsi ilə ünvan 5 mənzil 21 ünvandakı mənzili xx.xx.2018-ci il tarixdə və Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi, 369V ünvanında yerləşən yaşayış sahəsi 11,5 kv.m, köməkçi sahəsi 33,2 kv.m olan bağ evi və həmin ünvanda yerləşən 0,04 ha torpaq sahəsini xx.xx.2018-ci Cavabdeh Zəkəriyyə qızına bağışlamışdır. Məhkəmənin gəldiyi qənaətə görə İddiaçı ilə Cavabdeh Zəkəriyyə qızı arasında xx.xx.2018-ci il tarixdə və xx.xx.2018-ci il tarixdə yəni təxminən iki ildən artıq müddətdə bağlanmış bağışlama müqavilələrinin etibarsız sayılması üçün əsas yoxdur və buna görə də iddia təmin edilə bilməz. Məhkəmə xüsusi olaraq vurğulayır ki, əqdin anlayışından göründüyü kimi, əqdin əsasında mülki hüquq subyektlərinin iradəsi və həmin iradənin ifadəsi dayanır. İradə insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq qabiliyyətində özünü göstərən insan psixikasının xüsusiyyətidir. İnsanın daxili aləmində əmələ gəlmiş istəyə əsaslanan iradə həmin istəyin gercəkləşdirilməsi üçün ifadə edilməlidir. Mülki hüquq münasibətlərin əmələ gəlməsi, dəyişdirilməsi və xitamı üçün bir tərəfin iradə ifadəsi yetərli olduqda birtərəfli əqdlər, iki tərəfin iradə ifadəsi tələb olunduqda ikitərəfli əqdlər, ikidən cox tərəfin iradə ifadəsi zəruri olduqda isə çoxtərəfləri əqdlər meydana gəlir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə İddiaçı Cavabdeh Zəkəriyyə qızına qarşı bağışlama müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin qeyd edilən maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı bağışlama müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar