Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-40/2023 14.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "qonşu təsirinin aradan qaldırılması və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Cavabdeh qarşı "qonşu təsirinin aradan qaldırılması və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus evin divarının və hasarının ətrafında qazıntı işlərinin aparılmasının qadağan edilməsi, evinin divarına bitişik tikdiyi meydançanı oradan söküb götürməsi, qaz xəttinin onun divarından uzaqlaşdırması, evinin divarına bitişik tikdiyi meydança nəticəsində orada nəmişlik yaratması ilə əlaqədar divarda yaranmış çatın bərpa olunması üçün vurduğu maddi ziyana görə 5000 manat pulun alınıb iddiaçıya verilməsi və ya öz hesabına evi tam təmir etməsi. İddia tələbinin dəlilləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx/xx/2020-ci il tarixli çıxarışına əsasən Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən həyət evi və bu evin yerləşdiyi 0,01 ha torpaq sahəsi şəxsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı ilə Cavabdeh 14 ildir ki, qonşuluqda yaşayır. Bu müddət ərzində cavabdeh daimi ona qonşuluq münasibətlərində ziyanlar vurmuşdur. Belə ki, cavabdeh iddiaçının evinin divarı hesabına özünə şərait yaratmış, qaz borusunu divarından çəkmiş, burada özü sonradan inşa etdiyi pilləkan və pilləkanın sonunda üstünə çıxmaq üçün iddiaçının evinin divarına bitişik meydança tikmişdir. Həmin qurğular iddiaçının evinin divarına bitişik inşa edildiyindən evində nəmişlik və pis iyi gəlməyə başlamışdır. Bundan başqa, cavabeh özünə məxsus evin həyətində üzüm tənəkləri əkmiş və bu tənəklər iddiaçının damının üstünə çıxmışdır. İddiaçı buna etiraz etdikdən sonra o, bu tənəkləri buradan kəsib götürmüşdir. Bütün bu işlərdən başqa cavabdeh iddiaçının şəxsi mülkiyyətində olan evinin divarının yaxınlığında çalalar qazmış, çölə çıxan divardan kanalizasiya xətti keçirmək üçün deşik açaraq kanalizasiya xətti çəkmək istəmişdir. Lakin iddiaçı buna öz narazılığını bildirdikdən və sahə müvəkilli bu işə qarışdıqdan sonra o, özünün hərəkətlərini dayandırmış və qazdığı çalaları doldurmuşdur. Cavabdehin iddiaçının evinin divarına bitişik meydança inşa etməsi nəticəsində evin divannında çatlar yaranmış və təmir olunması tələb edilir. Cavabdeh özünün bu hərəkətləri nəticəsində iddiaçıya ziyanlar vurmuşdur. İddiaçı cavabdehə onun divarına bitişik qaz turbasını buradan götürməsini, evinin divarına bitişik meydançanın divardan aralamasını, divarının ətrafında qazıntı işlərinin aparmamasını nəzərinə çatdırsa da o, özünün bu əməllərində əl çəkməmişdir. İddiaçı bununla bağlı cavabdehin cinayət məsuliyyətinə cəlb olunması üçün Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə müraciət etmiş, Suraxanı RPİ-nin 31-ci Polis Bölməsi özünün 098-7360-1221 saylı, xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçıya cavab verərək bildirmişdir ki, məsələ ilə bağlı məhkəməyə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və hesab edir ki, cavabdehə iddiaçıya məxsus divarın ətrafında qazıntı işlərinin aparılması qadağan edilməli, evinin divarına bitişik tikdiyi meydançanı buradan söküb götürməli, qaz xəttini iddiaçının divarından uzaqlaşdırmalı, evinin divarına bitişik tikdiyi meydança nəticəsində burada nəmişlik yaratması ilə əlaqədar divarda yaranmış çatın bərpa olunması üçün vurduğu maddi ziyana görə pul ödəməli və ya öz hesabına təmir işləri aparmalıdır. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş, əlavə olaraq hazırda qaz xəttinin yerinin cavabdeh tərəfindən dəyişdirildiyini bildirmişdir. Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçının qeyd etdiyi pilləkən meydançası şəxsən özünə aid torpaq sahəsinin sərhədləri daxilində və iddiaçının evinin tikintisindən xeyli əvvəl inşa edilmişdir. Əksinə, iddiaçının evinin tikintisi qüvvədə olan tikinti qaydalarına, eyni zamanda qonşuluq hüququna zidd olaraq aparılmışdır. Çünki iddiaçı evinin arxa divarını hördürərkən özünün torpaq sahəsi ilə heç bir ara məsafəsi qoyulmadan özünə aid pilləkən meydançasına birləşdirilərək aralarında sərhəd kimi mövcud olmuş iki qat mişar daşından ibarət təxminən 40 sm hündürlüyündə hasarın ona aid bir qatı üzərində hörülmüşdür. İddiaçının evinin arxa divarında əmələ gəlmiş cüzi çatın isə iddiaçıya aid pilləkən meydançası ilə heç bir əlaqəsi yoxdur. Əslində çat iddiaçının evinin bünövrəsinin olmaması və divarın tək qat mişar daşından hörülməsi üzündən baş vermişdir. İddiaçının ona aid torpaq sahəsində evinin arxa divarını möhkəmlətmək üçün əlavə divar inşa etmək istəyinə ona görə razılıq verməmişdir ki, iddiaçı evi tikdirərkən divarları eyni vaxtda iki qat daşdan öz torpaq sahəsində inşa etdirə bilərdi. Hazırkı vəziyyətdə evin arxa divarına ikinci qat hörülərsə, ikinci qat heç bir halda birinci qatla birləşməyəcəkdir. Bu isə hörüləcək ikinci qatın uçub-tökülmək təhlükəsini yaradacaqdır ki, bu da özünün həyat və sağlamlığı üçün hər an təhlükə mənbəyinə çeviriləcəkdir. İddiaçı onun tərəfindən hər hansı qanunsuz təsirə və maddi ziyana məruz qalmamışdır. İddiaçının həyətindəki tikilələr mülkiyyət hüququ üzrə iddiaçıya aid torpaq sahəsində və iddiaçının evinin inşasından xeyli əvvəl tikilmiş və o, torpaq sahəsinə və onun üzərindəki tikililərə hələ xx.xx.2017-ci il tarixdə mülkiyyət hüququ əldə etmişdir. Həmin dövrdə isə iddiaçının evi başqa şəxsin istifadə və sahibliyində olmuşdur. İddiaçı isə özünün qeyd etdiyi kimi cəmi 100 kv.metr torpaq sahəsinə malikdir ki, aralarında olan sərhəddən ara məsafəsi qoymadan həmin torpaq sahəsinin hamısında tikinti işlər aparmış, torpaq sahəsinə və qeyd etdiyi evə yalnız xx.xx.2020-ci ildə, yəni ondan 3 il, 8 ay sonra mülkiyyət hüququ əldə etmişdir. Odur ki, iddiaçının ona qarşı irəli sürdüyü tələbi tamamilə əsassız sayır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh evi alandan iki il sonra iddiaçının evi tikilib. İş üzrə keçirilmiş ekspertizalardan birinci və sonuncu rəylə razı deyil və tamamilə səhvdir. Mütəxəssis düzgün rəy versə də, ekspert ölçünü aparmamış, qərəzli rəy vermişdir. Torpaq sahəsinin ölçüsündən evin həcmi böyükdür. Verilən rəydə ziddiyət var. İş materialları Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 529 nömrəli reyestr kitabının 49870 nömrəli vərəqində qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Bakı şəhəri, ünvan 2-nin texniki pasportu xx.xx.2020-ci il tarixdə tərtib edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 5 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 358 nömrəli reyestr kitabının 33447 nömrəli vərəqində qeydiyyata alınmışdır. JN-10007D saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Bakı şəhəri 24 saylı Dövlət Notariat Kontorunun xx.xx.2008-ci il tarixli 4Ə/7-918 saylı alqı-satqı müqaviləsi ilə satılmış 0,02 hektar torpaq sahəsi Cavabdeh fərdi yaşayış evi tikintisi üçün verilmişdir. Fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Yuxarı Mədən küçəsi, 1-ci Döngə ev 7A-nın texniki pasportu xx.xx.2017-ci il tarixdə tərtib edilmişdir. Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin xx.xx.2021-ci il tarixli İddiaçı ünvanladığı məktubundan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsinə ünvanladığı müraciəti əsasında tərəflərindən araşdırma aparılmışdır. Araşdırmanın nəticəsi olaraq bildirilmişdir ki, şikayətinin mülki xarekterli olmasını nəzərə alaraq aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunur. Müraciəti ilə bağlı aparılmış araşdırmada cinayət və inzibati xətanın tərkibi müəyyən edilmədiyindən, toplanmış materialın Suraxanı RPİ 31-ci PB-nin dəftərxanasında işə tikilməsi məqsədəmüvafiq sayılmışdır. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/5062 saylı rəyindən görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən evin divarlarında çatlar olduğu müəyyən edilmişdir. Lakin əmələ gəlmiş çatların nə səbəbdən yaranmasının və qonşunun tikdirdiyi meydançanın nəmişlik yaratması səbəbindən yaranıb-yaranmamasını müəyyənləşdirmək üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin mütəxəssis rəyi təqdim edilməsi barədə xx.xx.2021-ci il tarixli, 10/5062 saylı vəsatət verilmişdir. Sözügedən mütəxəssis rəyi bu günədək təqdim edilmədiyindən fərdi yaşayış evində yaranmış çatların və həmin çatların hansı səbəbdən yaranmasını müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən evində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1150,0 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Şəhərsatma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5-ci bəndinin tələbləri nəzərə alınmaqla, qonşu həmin divardan 2,1 metr (3,5m x 0,6) məsafədə müxtəlif tikinti işləri (tikinti təmir qaz xətlərinin çəkilməsi və s.) görə bilər. xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinin kəllə otağında (texniki pasportda 4-cü otaq) arxa boyuna divarda daxili eninə divarla birləşmə yerinə yaxın kiçik ölçülü şaquli çat (eni təxminən 0,20-0,30 mm) müşahidə olundu. Çatın yeri daxili tərəfdən təzahür edilir, xarici tərəfdən isə cavabdehin pilləkən və terrasından kənar, arxa divarın sərbəst sahəsindən keçir. Yaranmış çat təhlükəli xarakter daşımır. Həmin otağın qonşu tərəfdəki və digər divarlarında da nəmlik və rəng qatında aşınma mövcuddur. Müşahidə olunan mövcud çatın əsasən aşağıdakı səbəblərdən yarandığı qəbul edilir: Bütün yükdaşıyan divarların, o cümlədən çat yaranmış divarın qalınlığı 20 sm yerinə yetirilib ki, bu da tikinti norma və qaydaların tələblərinə cavab vermir. Cavabdehə məxsus pilləkən və terras sahəsinin iddiaçının evinin arxa divarına söykənməsi nəticəsində təzyiq yaranır ki, bu da yolverilməzdir. İddiaçı ilə cavabdehin tikililəri arasında ara məsafə saxlanılmamışdır ki, bu da tikinti məcəlləsinin tələblərinə ziddir. Tikililər və əraziyə baxış zamanı mütəxəssis tərəfindən iş üçün əhəmiyyətli olan, lakin haqqında sual qoyulmayan hallar müəyyən edildiyindən və yaşayış üçün təhlükəsizliyin təmin olunması məqsədi ilə bu barədə mütəxəssis mülahizələrimi öz rəyimə daxil etməyi məqsədəuyğun hesab etmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin (Maddə 69. Yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri) tələbləri yerinə yetirilməmişdir. Belə ki, qonşular arasında ara məsafəsi saxlanılmamışdır. İddiaçının evinin arxa divarı və cavabdehin pilləkən və terras sahəsi sərhəd xəttində inşa edilmişdir. Həmçinin, həmin Məcəllənin 73-cü maddəsinin tələblərinə də (Maddə 73. Hasarların tikintisinə dair tələblər) əməl olunmamışdır. Belə ki, qonşular arasında hasarın hündürlüyü 3,0+4,6 m-dir. Texniki normalara (h= 2,20 m və ya çöx olduqda xüsusi şərtlər daxilində) cavab verməyən bu hasar istinad divarı funksiyasını da yerinə yetirir. Atmosfer yağıntılarından yaranan suların sahənin relyef mürəkkəbliyi ilə əlaqədar qonşu ərazilərdən keçməklə kənarlaşdırılması təmin olunmamışdır. Bununla yanaşı, istər iddiaçı ilə cavabdehin, istərsə də iddiaçı ilə yuxarıdakı digər qonşunun evləri arasında sərt relyef mövcuddur. Texniki cəhətdən qənaətbəxş olmayan adı çəkilən hasarın və digər qonşu arasında olan hasarın da bir tərəfi ağır qrunt kütləsinin təsirinə məruz qalmışdır. Ona görə də təhlükəsizliyin təmin olunması məqsədi ilə hasarlarda möhkəmləndirmə tədbirlərinin yerinə yetirilməsi zəruri hesab edilir. Əlavə məhkəmə tikinti-texniki ekspertizasının 10/7302 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası FHN Tikintidə X2 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə X1 mütəxəssisləri tərəfindən tədqiqat obyektinə vizual texniki baxış keçirilmiş və tərtib edilmiş 23 iyun 2022- ci il tarixli mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunmuşdur: İddiaçı məxsus fərdi yaşayış evinin kəllə otağında (texniki pasportda 4-cü otaq) arxa boyuna divarda daxili eninə divarla birləşmə yerinə yaxın kiçik ölçülü şaquli çat (eni təxminən 0,20-0,30 mm) müşahidə olundu. Çatın yeri daxili tərəfdən təzahür edilir, xarici tərəfdən isə cavabdehin pilləkən və terrasından kənar, arxa divarın sərbəst sahəsindən keçir. Yaranmış çat təhlükəli xarakter daşımır. Həmin otağın qonşu tərəfdəki və digər divarlarında da nəmlik və rəng qatında aşınma mövcuddur. Müşahidə olunan mövcud çatın əsasən aşağıdakı səbəblərdən yarandığı qəbul edilir: Bütün yükdaşıyan divarların, o cümlədən çat yaranmış divarın qalınlığı 20 sm yerinə yetirilib ki, bu da tikinti norma və qaydaların tələblərinə cavab vermir. Cavabdehə məxsus pilləkən və terras sahəsinin iddiaçının evinin arxa divarına söykənməsi nəticəsində təzyiq yaranır ki, bu da yolverilməzdir. İddiaçı ilə cavabdehin tikililəri arasında ara məsafə saxlanılmamışdır ki, bu da tikinti məcəlləsinin tələblərinə ziddir. Əlavə məhkəmə tikinti-texniki ekspertizasının 10/1772 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, iddiaçı X3 mülkiyyətində olan Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin faktiki ölçüləri və planı iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş “torpaq sahəsinin və tikintinin planı və ölçüsü”ndəki sxemlə və planla uyğun olduğu müəyyən edilmişdir. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin faktiki ölçüləri və planı cavabdehə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş “torpaq sahəsinin və tikintinin planı və ölçüsü”ndəki sxemlə və planla uyğun olmadığı, belə ki, Cavabdeh tərəfindən İddiaçı məxsus fərdi yaşayış evinə bitişik uzunluğu 6,5 metr, eni 2,3 metr, hündürlüyü 1,3 metr olan əlavə meydança inşa edildiyi müəyyən edilmişdir. İnşa edilmiş əlavə meydança tikilisinin yerləşmə vəziyyəti rəyə əlavə edilmiş sxemdə ətraflı göstərilmişdir. İşin faktiki halları İddiaçı Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir. Cavabdeh Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyəçisi olmaqla iddiaçı ilə qonşuluqda yaşayır. Hazırda iddiaçı ona məxsus fərdi yaşayış evinin divarının və hasarının ətrafında qazıntı işlərinin aparılmasının cavabdehə qadağan edilməsini, evinin divarına bitişik tikdiyi meydançanı oradan söküb götürməsini, qaz xəttinin onun divarından uzaqlaşdırmasını, evinin divarına bitişik tikdiyi meydança nəticəsində burada nəmişlik yaratması ilə əlaqədar divarda yaranmış çatın bərpa olunması üçün vurduğu maddi ziyana görə 5000 manat pulun alınıb iddiaçıya verilməsini və ya öz hesabına evi tam təmir etməsini tələb edir. Cavabdeh iddia tələbini qəbul etməyərək, onun həmin mənzili iddiaçıdan əvvəl alması, mülkiyyətində olan torpaq sahəsində istədiyi tikinti işlərini aparmaqda sərbəst olması və onun tərəfindən iddiaçıya hər hansı bir ziyan vurulmaması ilə əsaslandırır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər
Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, hazırda iddiaçı ona məxsus fərdi yaşayış evinin divarının və hasarının ətrafında qazıntı işlərinin aparılmasının cavabdehə qadağan edilməsini, evinin divarına bitişik tikdiyi meydançanı oradan söküb götürməsini, qaz xəttinin onun divarından uzaqlaşdırmasını, evinin divarına bitişik tikdiyi meydança nəticəsində burada nəmişlik yaratması ilə əlaqədar divarda yaranmış çatın bərpa olunması üçün vurduğu maddi ziyana görə 5000 manat pulun alınıb iddiaçıya verilməsini və ya öz hesabına evi tam təmir etməsini tələb edir və iddia tələbini onunla əsaslandırır ki, cavabdeh ona məxsus fərdi yaşayış evinin divarına bitişik ərazidə qazıntı işləri aparır, qaz xətti çəkir, meydança inşa edir və bunun nəticəsində ona maddi ziyan vurulur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırda yaşadığı evin mülkiyyətçisi olmaqla hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, iddia tələbinə iki istiqamətdə qiymət verilməlidir. Belə ki, əvvəla cavabdeh tərəfindən aparılmış tikinti və qazıntı işlərinin qanunsuz olub-olmaması, ikinci isə həmin hərəkətlər nəticəsində iddiaçıya maddi ziyanın vurulub-vurulmaması. İşin məhkəmə tərəfindən araşdırılmış halları, həmçinin aparılmış ekspertiza tədqiqatları nəticəsində müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi reyestr xidməti tərəfindən ona verilmiş ölçü və plan əsasında inşa edilmişdir. Sadəcə olaraq evin çat vermiş divarı 20 sm qalınlığında olmaqla texniki normalarına cavab vermir. Həmçinin eyni ekspertiza rəyləri ilə müəyyən edilmişdir ki, cavabdehin fərdi yaşayış evi və həyətində olan tikililər ona reyestr xidməti tərəfindən verilmiş plan və ölçüdə nəzərdə tutulmuş qaydada inşa edilməmiş, iddiaçının divarına bitişik inşa etdiyi meydança mənzil məcəlləsinin tələblərinin pozulması ilə aparılmışdır. Bu isə həmin tikilinin (meydançanın) texniki normalara riayət edilmədən tikilməsini və bununla da iddiaçının mülkiyyət hüquqlarının pozulmasını təsdiq edir. Məhkəmə iş üzrə verilmiş ekspert rəylərini mötəbər sübut kimi qəbul edir və həmin rəylərin işin digər araşdırılan halları ilə üst-üstə düşməklə cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulması nəticəsində tikili inşa etməsini, qazıntı işləri aparmasını təsdiq edir. Məhkəmə iddia tələbinin qaz xəttinin sökülməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə iclasında tərəflərin izahatları ilə qaz xəttinin cavabdeh tərəfindən sökülməsinin müəyyən olunduğunu, bununla da qeyd edilən hissədə tərəflər arasında məhkəmə mübahisəsinin qalmadığını müəyyən etmişdir. Məhkəmə iddia tələbinin 5000 manat məbləğində maddi ziyanla bağlı hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iddiaçı ona vurulmuş zərərin əvəzinin 5000 manat məbləğində olduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmiş, keçirilmiş ekspertiza nəticəsində təmir işləri üçün 1150 manat məbləğində xərcin tələb olunduğu bildirilmişdir. Məhkəmə qeyd edir ki, təmir üçün tələb olunan məbləğ 1150 manat olsa da, həmin məbləğin yarısı, yəni 575 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, verilmiş ekspertiza rəyləri əsasında divara zərər vurulmasında hər iki tərəfin təqsirinin olması müəyyən edildiyindən məhkəmə hesab edir ki, təmir üçün tələb olunan məbləğin yarısı cavabdehdən tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehə Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus evin divarının və hasarının ətrafında qazıntı işlərinin aparılması qadağan edilməli, iddiaçının evinin divarına bitişik tikdiyi meydançanın oradan sökülüb götürülməsi cavabdehə həvalə edilməli, cavabdehdən vurulmuş maddi ziyana görə 575 manat məbləğində pul tutulub iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun yarısı olan 15 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qismən təmin edildiyi üçün aparılmış ekspertiza tədqiqatının dəyərinin yarısı olan 50 manat məbləğində pul vəsaiti də Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən əmin edilsin. Cavabdeh Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus evin divarının və hasarının ətrafında qazıntı işlərinin aparılması qadağan edilsin. İddiaçı məxsus Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin divarına bitişik tikdiyi meydançanın oradan sökülüb götürülməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Cavabdeh vurulmuş maddi ziyana görə 575 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun yarısı olan 15 (on beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyərinin yarısı olan 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova