Məhkəmə qərarları › İş №2(010)-4017/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4017/2022

14.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4017/2022 14.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra mətndə "xxxx" ASC) qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən çıxarılmış AKT NDM № 029455 saylı xx.xx.2022-ci il tarixli aktın əsasında **********006/1 saylı abonentə - ona qanunsuz olaraq hesablanmış 1047 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları.

2. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, akt əsasında onun ünvanına cərimə yazılsa da, qətiyyən həmin cərimə ilə razı deyil. Belə ki, aktda sxemin səhv olduğu qeyd edilib, lakin sayğacın qapaq hissənin altında 2 giriş və 2 çıxış yeri var, qapaq üzərində isə blom var. Cərimənin yazılmasına səbəb olan həmin nasazlıq sxemdən irəli gəlir və onun təqsiri yoxdur. Buna görə də qeyd edilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

3. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə abonentin sayğacına baxış keçirilib və baxış zamanı sayğaca müdaxilə edildiyi aşkarlanıb. Belə ki, kənar mənbədən sayğaca sıfır verilməklə dövriyyədən kənarlaşdırılıb və sayğacın sistemdən keçən yükü qeyd etmədiyi müəyyən edilib. Bu barədə akt tərtib edilib və abonent evə olmadığı üçün iştirak edən olmayıb. Bu səbəbdən video çəkiliş aparılıb və akt tərtib edilib. Belə ki, limitə qədər 108 manat, sonra isə 0,13 qəpikdən hesablanaraq 939,21 manat olmaqla cəmi 1047,21 manat hesablanıb. Buna görə də qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.

İş materialları.

4. "xxxx" ASC-nin əməkdaşları Abdullayev B. və Məmmədov A. tərəfindən ünvan 1 ünvanına dair tərtib edilmiş NDM seriyalı 029455 nömrəli xx.xx.2022-ci il tarixli aktdan görünür ki, baxış keçirilən zaman məlum oldu ki, fərdi yaşayış evinin elektrik sayğacının qoşulma sxemi səhvdir. Kənar mənbədən 0- sıfır verməklə sayğac dövrədən kənarlaşdırılıb.

5. "xxxx" ASC-nin Akt komissiyası tərəfindən tərtib edilmiş “əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər” haqqında cədvəldən görünür ki, xx.xx.2022-ci il tarixdə NDM 029455 saylı akt tərtib edilmiş və itirilmiş enerjinin bərpası məqsədilə abonentə 1047,25 manat dəyərində əlavə sərfiyyat hesablanmışdır.

6. Videodiskdən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin elektrik sayğacının qoşulma sxeminin səhv olduğu və kənar mənbədən 0 - sıfır verməklə sayğacın dövrədən kənarlaşdırıldığı bildirilmişdir.

İşin faktiki halları.

7. İşin mübahisəsiz halı ondan ibarətdir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanına dair NDM seriyalı 029455 nömrəli xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş və akt əsasında abonentin ünvanına 1047,25 manat cərimə yazılmışdır.

Tətbiq edilən hüquq.

8. Azərbaycan Respublikası Konstitusiyası.

Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi. İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Maddə 57. Müraciət etmək hüququ. İ. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları” 1.1. Abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı; subabonent - elektrik qurğuları abonentinin (əsas istehlakçı) elektrik şəbəkələrinə qoşulmuş istehlakçı; məişət abonenti (əhali) isə yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. 1.4. Abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerjitəchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir. 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. 9.1. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır.. 9.19. İstehlakçının təqsirindən baş vermiş qəza nəticəsində enerjitəchizatı müəssisəsinə ziyan dəydikdə (elektrik qurğularının, avadanlıqların zədələnərək yararsız hala düşməsi və s.), istehlakçı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq enerjitəchizatı müəssisəsi qarşısında maddi məsuliyyət daşıyır.

Məhkəmənin mövqeyi.

10. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir.

11. Göründüyü kimi, qanunvericilik elektrik qurğularının saz vəziyyətdə saxlanmasına görə istehlakçı-abonentin məsuliyyət dairəsini dəqiq müəyyən edib. Videogörüntüdən də göründüyü kimi hazırkı işdə iddiaçıya aid hesablaşma elektrik sayğacı cavabdehə məxsus yaşayış evində deyil, yaşayış evinin hasarının xarici tərəfində quraşdırılıb və buna görə də, iddiaçı o halda məsuliyyətə cəlb edilə bilər ki, həmin sayğaca müdaxilədə onun təqsiri sübuta yetirilmiş olsun. Əks halda, yuxarıda qeyd edilən Qaydalar onun məsuliyyətini istisna edir.

Məhkəmə xərcləri.

12. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. 13.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.

14. Hazırki iddia üzrə ödənilməli olan dövlət rüsumu məbləği 30,47 manat təşkil edir.

15. Odur ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 30,47 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

16. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli NDM seriyalı 029455 nömrəli aktına əsasən ünvan 1 ünvanına (abonent kodu: **********006/1) hesablanmış 1047 manat məbləğində borc ləğv olunmalıdır.

17. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli NDM seriyalı 029455 nömrəli aktına əsasən ünvan 1 ünvanına (abonent kodu: **********006/1) hesablanmış 1047 (bir min qırx yeddi) manat məbləğində borc ləğv olunsun. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30,47 (otuz manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar