Məhkəmə qərarları › İş №2(010)-4030/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4030/2025

04.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4030/2025 04.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X2 iclas katibliyi, Ərizəçi, tərcüməçi X5 iştirakları ilə Ərizəçi (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2007-ci il təvəllüdlü X3 oğludur. O, oğlu ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Oğlu uzun müddətdir ki, uşaq autizmi xəstəliyindən əziyyət çəkir, onun kənar şəxsin qulluğuna və idarəsinə ehtiyacı var. Oğlu hal-hazırda İİ qrup əlildir və buna görə pensiya alır. Müəyyən hüquqi sənədləşmə işləri aparmaq üçün, yəni pensiya kartını almaq və gələcəkdə lazım olacaq digər sənədləşmə işləri aparmaq məqsədi ilə ona oğlunun qəyyumu təyin edilməsi vacibdir. O, hər dəfə sənəd işləri və ya pensiya kartını almaq lazım olduqda çox çətinliklə oğlunu lazım olan qurumalara aparır. Odur ki, oğluna qəyyum təyin edilib sənəd işləri ilə özü məşğul olmaq istəyir. Oğlu psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən onun üzərində qəyyum təyin olunmağı məqsədi ilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişdir. Lakin, ona məhkəmə qaydasında oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin zəruri olduğu bildirilmişdir. Odur ki, oğlu xx.xx.2007ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi məhkəmə tərəfindən müəyyən edilməklə, onun üzərində qəyyum təyin olunmağı zərurəti yaranmışdır. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən və məhkəmə icraatının aparıldığı dili bilməyən ərizəçi tərcüməçinin iştirakı ilə ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar xx.xx.2013-cü il tarixli, AZ-İİİ seriyalı, 120043 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 (atası X9, anası Ərizəçi) xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan müəyyən olunur ki, ərizəçiyə qanunvericiliyin tələbləri izah edilmiş və şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizə ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. AR ƏƏSMN Tibb-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2024-cü il tarixli elektron çıxarışdan müəyyən olunur ki, xx.xx.2007ci il təvəllüdlü X6 sağlamlıq vəziyyəti xx.xx.2023-cü il tarixdə komissiyanın ekspertləri tərəfindən qiymətləndirilmiş, uşağa “Uşaq autizmi kanner sindromu, yüngül kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları ilə İQ-52” diaqnozu ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 3230 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasına dair ekspert rəyindən müəyyən olunur ki, X7 “Uşaq autizmi, orta dərəcəli əqli geriliklə” müəyyən olunur. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırkı psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə erkən psixofiziki inkişafda yaşıdlara nəzərən geri qalması, üç yaşından başlayaraq xəstəlik biruzə verməsi, nitqi inkişaf etməməklə, sonradan nitqin zəif inkişaf etməklə qeyri-aydın olması, autik şəxs kimi Bakı şəhər X4 müalicələrdə olması, sonradan isə yaşayış yeri üzrə psixiatrik qeydiyyata düşməsi, ona müvafiq müalicələr təyin edilməsi, əqli geriliyi, narahatlığı, aqressivliyi, bir yerdə qərar tutmaması, yerinə düşməyən hərəkətlər etməsi, özünü vurması, danışmaması, fizioloji ifrazatları ilə natəmiz olması, AR ƏƏSMN TSEK tərəfindən xx.xx.2023-cü il tarixdə müayinə edilərək “Uşaq autizmi kanner sindromu, yüngül – kəmağıllıq qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları ilə İQ-52” diaqnozu ilə ona müddətsiz İİ dərəcə əlillik təyin edilməsi, səslər çıxarması və psixi pozuntularla əlaqədar hər hansı işi müstəqil yerinə yetirə bilməməsi ilə əlaqədar daimi kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırkı müayinə zamanı mimikasında laqeydlik biruzə verməsi, verbal kontakta praktiki olaraq daxil olmaması və s.) sübut edir. X8 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də, X8 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X7 müəyyən edilən “Uşaq autizmi, orta dərəcəli əqli geriliklə” əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin izahatını dinləyib, işin faktiki hallarını və iş materiallarını araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İşin faktiki hallarından görünür ki, ərizəçi Stukalina X1 Daniil Vadimoviçin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmiş, bu barədə ərizəni oğlunun psixi vəziyyəti ilə əsaslandırmışdır. Məhkəmə nəzərə çatdırır ki, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslərin məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi imkanı nəzərdə tutulmuş və bu qaydada ərizələrin təmin edilməsi imkanı qanunvericiliklə bir sıra imperativ şərtlərdən asılı edilmişdir. Şəxslərin fəaliyyət qabiliyyətinin əsası və həcmi məhz həmin şəxslərin anlaqlılıq səviyyəsinə görə müəyyən edilir. Anlaqlılıq fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır. Mülki qanunvericiliyə görə fiziki şəxslərin anlaqlılığına təsir edən başlıca iki faktor mövcuddur. Bunlar azyaşlılıq və şəxsin psixi (əqli) sağlamlıq vəziyyətidir. Fiziki şəxslər anlaqlılıq səviyyələrinə uyğun olaraq tam fəaliyyət qabiliyyətlilər, məhdud fəaliyyət qabiliyyətlilər və fəaliyyət qabiliyyətsizlər şəklində ümumi qruplara ayrılmışdır. Şəxsin öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərini idarə edə bilməməsi (şəxsin fəaliyyət qabiliyyətinə malik olmaması) xüsusi hal olmaqla, yalnız məhkəmə tərəfindən təsdiq edildiyi halda müəyyən hüquqi nəticələr yaradır. Belə ki, bu kateqoriyadan olan şəxslər psixi pozuntu nəticəsində özü-özlüyündə öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinə müstəqil rəhbərlik edə bilmir, lakin şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında ərizələrin verilməsi isə yalnız bu kimi halların məhkəmə tərəfindən təsdiq edilməsi və hüquqi nəticələrə səbəb olması məqsədini güdür. Məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğulmuş X8 “Uşaq autizmi, orta dərəcəli əqli geriliklə” diaqnozu ilə xəstədir. Belə ki, xx.xx.2025-ci il tarixli, 3230 nömrəli məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə təsdiq olunur ki, X7 “Uşaq autizmi, orta dərəcəli əqli geriliklə” müəyyən edilir, o, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil və buna görə də X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göründüyü kimi mülki qanunvericiliyin tələbinə görə ağıl zəifliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayıla bilər. Əgər həmin şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayılarsa, onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı tərəfindən həmin şəxsə qəyyum və ya himayəçi təyin edilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2007-ci il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 100 (yüz manat) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar