Məhkəmə qərarları › İş №2(010)-4038/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4038/2020

06.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4038/2020 06.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanmış Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, məhəllə 2345 ünvanında yerləşən yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsindəki ümumi sahəsi 120 m2 olan 3 otaqlı, 241 nömrəli yaşayış mənzilinə dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 2013-cü ildə Cavabdeh2 MTK-dan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, məhəllə 2345 ünvanında yerləşən yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 120 m2 olan 3 otaqlı, 241 nömrəli yaşayış mənzilini 90000 (doxsan min) AZN ödəyərək almışdır. Həmin mənzilin 80%-ni təmir etdirmiş, müəyyən vaxt keçdikdən sonra mənzili satmaq qərarına gəlmişdir. 2019-cu ildə o, ailə tanışları olan Cavabdeh1 həmin mənzili satmağa razılaşmışdır. Lakin cavabdeh həmin pul vəsaitini bir il ərzində hissə-hissə ödəyəcəyini bildirmişdir. Faktiki alğı-satqını reallaşdırmaqdan ötrü o, cavabdehə etibar edib xx.xx.2019-cu il tarixdə cavabdehin adına yeni müqavilənin tərtib edilməsinə etiraz etməməsi barədə notarial ərizə tərtib etmişdir. Beləliklə də cavabdehin adına yeni müqavilə tərtib olunmuşdur. Lakin, buna baxmayaraq cavabdeh həmin mənzilin qiymətindən heç bir məbləğ ödəməmişdir. Cavabdehin qanuna zidd hərəkəti ucbatından bir ildir ki, kirayədə qalmağa məcburdur. Hesab edir ki, cavabdehlə Cavabdeh2 MTK arasında bağlanmış müqavilə etibarsız hesab edilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçı, yaxud nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Digər Cavabdeh2 MTK-ya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Cavabdeh2 MTK tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 159 nömrəli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, məhəllə 2345 ünvanında yerləşən yaşayış binası “Cavabdeh2 MTK-ya məxsusdur. Bu binanın 4cü giriş, 8-ci mərtəbəsində, ümumi sahəsi 120 m2, 3 otaqlı, 241 saylı mənzilin pay dəyəri payçı İddiaçı qızı tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur. Cavabdeh2 MTK üzvlərinin kooperativ binada mənzil tikintisi haqqında xx.xx.2013-cü il tarixli, 24 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh2 MTK və İddiaçı qızı arasında bağlanmış müqaviləyə əsasən, İddiaçı qızı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, məhəllə 2345 ünvanında yerləşən Cavabdeh2 MTK-nın tikdiyi binada 4-cü giriş, 8-ci mərtəbəsində, ümumi sahəsi 120 m2, 3 otaqlı, 241 saylı mənzili 81600 (səksən bir min altı yüz) manat məbləğində pul ödəməklə götürür, Cavabdeh2 MTK isə mənzili İddiaçı qızına verir. Cavabdeh2 MTK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 708 nömrəli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, məhəllə 2345 ünvanında yerləşən yaşayış binası “Cavabdeh2 MTK-ya məxsusdur. Bu binanın 4cü giriş, 8-ci mərtəbəsində, ümumi sahəsi 120 m2, 3 otaqlı, 241 saylı mənzilin pay dəyəri payçı Seyidov tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur. Cavabdeh2 MTK üzvlərinin kooperativ binada mənzil tikintisi haqqında xx.xx.2019-cu il tarixli, 778 nömrəli müqavilənin surətindən görünür ki, Cavabdeh2 MTK və Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən, Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, məhəllə 2345 ünvanında yerləşən Cavabdeh2 MTK-nın tikdiyi binada 4-cü giriş, 8-ci mərtəbəsində, ümumi sahəsi 120 m2, 3 otaqlı, 241 saylı mənzili götürür, Cavabdeh2 MTK isə mənzili Cavabdeh1 verir. İddiaçı qızı tərəfindən Bakı şəhəri 16 saylı notariat ofisinə yazılmış və notariat qaydada təsdiqlənmiş xx.xx.2019-cu il tarixli ərizənin surətindən görünür ki, İddiaçı qızı adına olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, məhəllə 2345 ünvanında yerləşən yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 120 m2 olan 3 otaqlı, 241 nömrəli yaşayış mənzilindən və payından imtina etmişdir. Həmin mənzilin Cavabdeh1 adına yeni müqavilə bağlamaqla rəsmiləşdirilməsinə (bağışlanmasına və ya satılmasına) etiraz etmir. Qeyd edilən mənzildən və paydan imtina ilə bağlı Cavabdeh2 MTK-ya qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. Bu ərizənin məzmunu ona məlumdur və iradəsinə uyğundur. İddiaçı qızı tərəfindən Bakı şəhəri 16 saylı notariat ofisinə yazılmış və notariat qaydada təsdiqlənmiş xx.xx.2020-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı qızı Cavabdeh1 adına Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, məhəllə 2345 ünvanında yerləşən yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsindəki, ümumi sahəsi 120 m2 olan 3 otaqlı, 241 nömrəli yaşayış mənzili ilə bağlı Bakı şəhəri 16 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 8İ-5989 reyestr nömrəli ərizənin qeydiyyatının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən yuxarıda qeyd edilən iş materialları əsasında müəyyən edilmişdir ki, İddiaçı qızı Cavabdeh2 MTK tərəfindən tikilmiş, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, məhəllə 2345 ünvanında yerləşən yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsindəki ümumi sahəsi 120 m2 olan 3 otaqlı, 241 nömrəli yaşayış mənzilini 81600 (səksən bir min altı yüz) manat ödəyərək almış, bununla bağlı tərəflər arasında xx.xx.2013-cü il tarixli müqavilə bağlanmış, həmçinin, cavabdeh MTK tərəfindən verilmiş maliyyə arayışında mənzilin dəyərinin iddiaçı tərəfindən tam ödənildiyi göstərilmişdir. xx.xx.2019-cu il tarixdə İddiaçı qızı Bakı şəhəri 16 saylı notariat ofisinə ərizə ilə müraciət edərək mənzildən imtina etdiyini, bu mənzilin Cavabdeh1 adına yeni müqavilə bağlanılmaqla rəsmiləşdirilməsinə heç bir etiraz etmədiyini bildirmişdir. Bundan sonra – xx.xx.2019-cu il tarixdə Cavabdeh1 və Cavabdeh2 MTK arasında mənzilin satışı ilə bağlı yeni müqavilə bağlanmış, Cavabdeh2 MTK tərəfindən mənzilin dəyərinin Cavabdeh1 tərəfindən tam ödənilməsi ilə bağlı yeni maliyyə arayışı tərtib edilmişdir. Mənzilin əvvəlki sahibi İddiaçı qızı isə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 16 saylı notariat ofisinə yenidən ərizə ilə müraciət edərək notariat ofisi tərəfindən təsdiq edilmiş əvvəlki ərizəsinin ləğv edilməsini xahiş etmişdir. Daha sonra o, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanmış Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, məhəllə 2345 ünvanında yerləşən yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsindəki ümumi sahəsi 120 m2 olan 3 otaqlı, 241 nömrəli yaşayış mənzilinə dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbindən görünür ki, İddiaçı qızı məhkəmədən cavabdehlər arasında bağlanmış mənzilin alğı-satqısına dair müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırır ki, cavabdehlər arasında bağlanmış alğı-satqı müqaviləsi onun razılığı ilə bağlanmış olsa da o, bu razılığı Cavabdeh1 mənzilin dəyərini (iddiaçının dediyinə görə - yüz otuz min manat) bir il ərzində hissə-hissə ona ödəməyi öhdəsinə götürdüyünə görə vermişdir. Sonradan Cavabdeh1 öhdəliyini yerinə yetirməmiş, mənzilin pulunu ona ödəməmişdir. İddiaçı qızı isə bundan sonra notariat ofisinə yeni ərizə ilə müraciət edərək razılığından imtina etdiyini bildirmişdir. Bu əsasla da o, hesab edir ki, onun razılığı ilə cavabdehlər arasında bağlanmış alğı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Belə olan halda məhkəmə əqdin etibarsızlığı ilə bağlı qanunvericiliyin tələblərinin və etibarsız əqdin hüquqi təbiətinin izah edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. İddiaçı tərəfindən etibarsız hesab edilməsi tələb edilən alğı-satqı müqaviləsi Cavabdeh1 və Cavabdeh2 MTK arasında bağlanmışdır. Müqavilə bağlanan zaman iddiaçının qeyd etdiyi əsasla etibarlı əqdin yuxarıda qeyd edilən dörd şərtindən birinin pozulması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmiş, məhkəmə araşdırması zamanı isə belə bir hal müəyyən edilməmişdir. Əslində, İddiaçı qızı mənzilin satışına özü tərəfindən verilmiş razılığın etibarsız hesab edilməsini tələb edir. Təsadüfi deyil ki, o, bununla bağlı razılığı verdiyi notariat ofisinə də müraciət etmişdir. Lakin məhkəmə hesab edir ki, iddiaçının bu tələbi əsassızdır. Belə ki, İddiaçı qızı notariat ofisinin təsdiqinə verdiyi ilk ərizəsində açıq şəkildə qeyd etmişdir ki, o, bu mənzildən imtina edir. Həmin mənzilin Cavabdeh1 adına yeni müqavilə bağlamaqla rəsmiləşdirilməsinə (bağışlanmasına və ya satılmasına) etiraz etmir. Qeyd edilən mənzildən və paydan imtina ilə bağlı Cavabdeh2 MTK-ya qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. Odur ki, iddiaçının sonradan bu razılıqdan imtina etməsinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, tərəflər arasında bağlanan alğı-satqı müqaviləsi onun notariat qaydasında təsdiq edilmiş ərizəsi əsasında bağlanmış, bu ərizənin etibarlılığı şübhə altında olmamış, iddiaçının müstəqil iradə ifadəsinin təzahürü olmuşdur. Bu ərizədə Cavabdeh1 tərəfindən iddiaçıya hissə-hissə ödəniləcək hər hansı puldan, yaxud başqa şərtdən bəhs edilməmiş, iddiaçı qeyd-şərtsiz mənzildən imtina etmişdir. Ümumiyyətlə, qanunla müqavilənin bağlanmasına razılıqla bağlı edilmiş notariat hərəkətlərindən imtina ilə bağlı xüsusi qayda müəyyən edilmişdiir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” təlimatın 16-1-ci bəndinə əsasən, müqavilənin bağlanılmasına üçüncü şəxsin ərizə əsasında verdiyi icazə (qabaqcadan verilmiş razılıq) müqavilə rəsmiləşdirilənədək, birinci ərizəni inkar edən yeni məzmunlu ərizə verməklə həmin şəxs tərəfindən səbəbləri göstərilməklə ləğv edilə bilər. Ərizədən imtina etmiş şəxs bu barədə maraqlı şəxslərə məlumat verməlidir. Göründüyü kimi, qanunla bu cür razılıq bu razılıq əsasında müqavilə rəsmiləşdirilənədək geri götürülə bilər. Eyni zamanda maraqlı şəxslərə məlumat verilməlidir. Hazırkı işdən isə görünür ki, iddiaçı mənzilin Cavabdeh1 satılmasına razılıq verməklə mənzildən imtina edərək heç bir tələbi olmadığını bildirmiş, müstəqil iradə ifadəsi göstərmişdir. Bundan sonra cavabdehlər arasında yeni müqavilə bağlanaraq mənzil satılmışdır. İddiaçı isə bundan altı ay sonra notariat ofisinə yeni ərizə ilə müraciət edərək əvvəlki ərizənin ləğv edilməsini xahiş etmişdir. Göründüyü kimi, cavabdehlər arasında bağlanmış müqaviləni iddiaçının qeyd etdiyi əsasla etibarsız edən hər hansı hal işdən müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanmış Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, məhəllə 2345 ünvanında yerləşən yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsindəki ümumi sahəsi 120 m2 olan 3 otaqlı, 241 nömrəli yaşayış mənzilinə dair alğı-satqı müqaviləsi iddiaçının müqavilənin bağlanmasına razılıqdan sonradan imtina etməsinə görə etibarsız hesab edilə bilmədiyindən iddia təmin edilməməlidir. Bundan başqa, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddiaçı qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar