Məhkəmə qərarları › İş №2(010)-4096/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4096/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4096/2021 18.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, cavabdeh Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı daxili lizinq müqaviləsinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdehnə qarşı “daxili lizinq müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə onun arasında bağlanmış 08 noyabr 2019-cı il tarixli D050 saylı daxili lizinq müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, iddiaçı ilə Cavabdeh MMC arasında 08 noyabr 2019-cu il tarixli, D050 N-li daxili lizinq müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1 -ci bəndinə görə (müqavilənin predmeti) Lizinq verən Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllə, ev 1, mənzil 13 (Yeni qaydalarla AZİ 118, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı (bundan sonra lizinq obyekti) satıcıdan əldə etməyi və Lizinq alanın istifadəsinə verməyi, Lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini (bundan sonra lizinq ödənişi) ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə görə Lizinq alanın ilkin öhdəliyi 130 000 manat müəyyən edilir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin müddəti 12 ay müəyyən edilir. Müqavilənin 3.1-ci bəndinə (hesablaşma) əsasən hesablaşma qaydasını əks etdirən lizinq ödənişlərinin qrafiki bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilir. Həmin əlavəyə əsasən əsas məbləğ və lizinq mükafatından ibarət olan ödəniş 11 ay 5.308 manat, 12-ci ay 102.900 manat təşkil edir. Ümumi ödəniş 161.288 manat müəyyən edilmişdir. İddiaçı cədvələ uyğun olaraq 06.12.2021-cu il tarixdən aylıq lizinq ödənişlərini icra etməyə başlamış, lakin, 2020-ci ilin mart ayından ölkədə başlayan COVİD-19 pandemiyası səbəbindən ödənişləri icra edə bilməmişdir. Belə ki, bütün dünyada, eyni zamanda ölkəmizdə koronavirus (COVİD-19) pandemiyasmm yayılması ilə bağlı 24.03.2020-ci il tarixdən tətbiq edilən xüsusi sərt karantin rejimi zamanı bir çox iş yerləri bağlanmış, vətəndaşların hərəkətləri məhdudlaşdırılmış, evdən çıxışa məhdudiyyət qoyulmuş, nəticədə fərdi əməklə məşğul olmaq, qazanc əldə etmək imkanlarından məhrum olmuşuq. COVİD-19 pandemiyası ilə bağlı tətbiq edilən xüsusi karantin rejimində o da işindən və aylıq qazanclarımdan məhrum olmuşdur. Xüsusi karantin rejimi ilə bağlı insanların hərəkətinin məhdudlaşdırılması, iş yerlərinin bağlanıması, yalnız, ərzaq, aptek ehtiyaclarının ödənilməsi üçün 2 saatlıq icazə sistemi ilə qazanc əldə etməyin, ayda 5.308 manat lizinq ödənişlərini etməyin mümkün olmaması aydındır. Vətəndaşın hərəkət azadlığı məhdudlaşdırılıbsa öhdəliyin icrasından söhbət gedə bilməz. 08 noyabr 2019-cu il tarixdə müqavilə bağlayarkən gələcəkdə bu cür hadisələrin baş verəcəyini heç kəs təsəvvür edə bilməzdi, şəraitin bu cür dəyişəcəyi heç kəsin ağlına belə gəlmirdi. Əgər bu cür halların olacağını bilsə idi, nə cavabdeh, nə də İddiaçı hazırki müqaviləni bağlamazdılar. İddiaçı bu barədə cavabdehə məlumat vermiş, ödənişlərin dayandırılması, yeni dəyişmiş şəraitə uyğun ödəniş qaydasının, yeni cədvəlin tərtib edilməsini, yaranmış vəziyyətdə ödəyici kimi maddi imkanların nəzərə alınmasını xahiş etdi, lakin, onun xahişləri nəzərə alınmadı. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, İddiaçı Cavabdeh MMC-yə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllə, ev 1, mənzil 13 (Yeni qaydalarla AZİ 118, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 239,M3, m. 6 saylı mənzilini lizinqə götürməklə əldə etmək istədiyini bildirmişdır. Bundan sonra mənzilin alınması və sonrada lizinqə verilməsi məqsədi ilə əmlakın əvvəlki mülkiyyətçisi ilə 08 noyabr 2019-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Mənzil alındıqdan sonra Cavabdeh MMC ilə İddiaçı arasında 08 noyabr 2019-cı il tarixli D050 saylı Daxili Lizinq müqaviləsi bağlanmış və lizinq predmeti olan mənzil lizinq məbləği 130000 manat, lizinq müddəti 12 ay və lizinq mükafatı illik 27 faiz olmaq şərti ilə lizinqə verilmişdir. Lakin hazırki idia tələbi üzrə iddiaçı lizinq müqaviləsi üzrə öhdəliklərini mütəmadi olaraq pozaraq, lizinq ödənişlərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyinə görə Cavabdeh MMC müqavilənin ləğv edilməsi və borcun ödənilməsi, lizinq obyektinin geri alınması və istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon məhkəməsinə müraciət edilmişdir. Həmin iş üzrə 26 avqust 2021-ci il tarixdə yekun məhkəmə aktı çıxmış və iddia təmin olunmuşdur. Digər tərəfdən iddiaçı kredit müqüaviləsinin şərtlərin dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edilənə kimi Cavabdeh MMC-nə müraciət etmiş və onun müraciəti rədd olunmamışdır. Əksinə, Cavabdeh MMC müqavilə şərtlərinin dəyişdirilməsinə razı olduğunu özünün cavabında təklif etməsinə baxmayaraq iddiaçı bunları müzakirə etmədən hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Ona görə də iddiaçının iddia tələbi əsassız olduğuna görə rədd olunmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan 08 noyabr 2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh MMC Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllə, ev 1, mənzil 13 (Yeni qaydalarla AZİ 118, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 239,M3, m. 6 saylı) lizinqə vermək məqsədi ilə almışdır. Belə ki, iş materialları və tərəflərin izahatı ilə müəyyən olunur ki, Cavabdeh MMC ilə İddiaçı arasında 08 noyabr 2019-cı il tarixli D050 saylı Daxili Lizinq müqaviləsi bağlanmış və lizinq predmeti olan mənzil lizinq məbləği 130000 manat, lizinq müddəti 12 ay və lizinq mükafatı illik 27 faiz olmaq şərti ilə lizinqə verilmişdir. İş materiallarında olan 26 avqust 2021-ci il tarixli iş № 2(008)-2844/2021 saylı qətnamadən görunür ki, Cavabdeh MMC-nin iddia tələbi təmin olunmuş, Cavabdeh MMC ilə İddiaçı arasında 08 noyabr 2019-cı il tarixli D050 saylı Daxili Lizinq müqaviləsi ləğv edilmiş, İddiaçı 63696 min manat mələğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Cavabdeh MMC-yə ödənilməsi, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllə, ev 1, mənzil 13 (Yeni qaydalarla AZİ 118, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 239,M3, m. 6 saylı) mənzilinə istifadə hüququna xitam verilməsi və mənzilin böşaldılaraq Cavabdeh MMC-nə təhvil verilməsi qət edilmişdir. İşin materiallarına əlavə olunmuş İddiaçı Cavabdeh MMC ünvanlanmış 23 iyun 2021ci il tarixdə təkliflə müraciət edərək iddia tələbində qeyd etdiyi əsaslarla 08 noyabr 2019-cu il tarixli müavilənin ləğv olunmasını, dəyişən şəraitə uyğun yeni şərtlərlə daxili lizinq müqaviləsi bağlanmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim etdiyi Cavabdeh MMC-nin İddiaçı müqavilənin ləğv olunması barədə 23 iyun 2012-ci il tarixli müraciətinə müqavilə şərtlərinin dəyişdirilməsi təklif olunmuşdur. Təsvir olunanlarla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421- 424-cü maddələrinin normaları ilə tənzimlənir. Bu baxımdan qanunvericilikdə müqavilənin ləğv edilməsinin xüsusi halı kimi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində də ləğv oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Maddənin məzmunundan göründüyü kimi, şəraitin dəyişməsi əhəmiyyətli dərəcədə olmalıdır. Yəni şəraitin dəyişməsi o dərəcədə gözlənilməz xarakter daşımalıdır ki, tərəflər onu qabaqcadan görə bilməzdilər, əgər görə bilsəydilər, müqaviləni bağlamazdılar və ya fərqli şərtlərlə bağlayardılar. Həmçinin tərəflər şəraitin dəyişməsinin qarşısını ala bilməzlər. Bu cür şəraitdə müqavilənin icrası tərəflərdən ən azı biri üçün son dərəcə əlverişsiz olmalıdır. Hazırki mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halları müəyyən edilmir və iddiaçı tərəfindən buna dair hər hansı sübut təqdim edilməmişdir. Bu baxımdan məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı iddia ərizəsində müqavilənin ləğv edilməsini xahiş etsə də, işin mahiyyətdən görünür ki, faktiki olaraq iddiaçı məhkəmədən cavabdehin öhdəliyinin icrasını gecikdirməsi səbəbi ilə müqavilədən imtina etməklə müqaviləyə xitam verilməsini xahiş edir. Belə olan halda məhkəmə iddia tələbi əsaslı hesab edilmədiyinə görə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdehnə qarşı “ daxili lizinq müqaviləsinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar