Məhkəmə qərarları › İş №2(010)-4097/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4097/2020

13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4097/2020 13.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Rüstəmova Zərqələm Yasin qızının katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli, MAS-934 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə Cavabdeh xx.xx.2019-cu il tarixli, MAS-934 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2020-ci il tarixə 1108,98 manat gecikdirilmiş əsas, 820,40 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 514,39 manat dəbbə pulu, 540 manat dəymiş zərər, ümumilkdə 2983,77 manat borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə MAS-934 saylı “Daxili lizinqi müqaviləsi”nə əsasən Cavabdeh sifarişi ilə 2019-cu il buraxılışlı, “KHAZAR SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE164224 ban nömrəli, ağ rəngli avtomobil 13300 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən Cavabdeh illik 17 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqa 383.77 manat, ümumilikdə isə 18421 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18421 manatın 13300 manat əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “KHAZAR SD” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxx 2020-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 540 manat dəyərində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx xxxxxx 2020-ci il tarixdə 392 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh xx xxxx 2019-cu il tarixli MAS-934 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxx 2020-ci il tarixə 1108.98 manat gecikdirilmiş əsas, 820.40 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 514.39 manat dəbbə pulu, ümumilikdə 2443.77 manat borcu yaranmışdır. Bundan əlavə avtomobilə 540 manat zərər dəymişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, həmin avtomobili alarkən ilkin ödəniş olaraq 4000 manat ödəniş etmişdir. Avtomobili aldıqdan sonra hər ay 383 manat ödəniş etməyi öhdəliyinə götürmüşdür. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə ödəniş etmiş və daha sonra isə karantin dövrü olduğu üçün avtomobildən istifadə edə bilməmişdir. Karantin bitdikdən sonra yenidən istifadə etməyi düşünsə də, lakin avtomobildə nasazlıq yaranmış və xx.xx.2020-ci ildən avtomobili dayanacaqda saxlamışdır. Həmin müddətdən sonra isə avtomobildən istifadə etməmişdir. Hazırda avtomobil müvəqqəti duracağa yerləşdirilib, yararsız vəziyyətdədir və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına görə 540 manat dəyərində zərər dəymişdir. Buna görə də o avtomobili şirkətə təhvil vermiş və bundan əlavə ondan artıq pul tutulmamalıdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli MAS-934 saylı daxili lizinq müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən İddiaçı MMC-nin mülkiyyətində olan “KHAZAR SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE164224 ban nömrəli, ağ rəngli avtomobil 13300 manat məbləğinə müvəqqəti lizinqə verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli Lizinq Obyektinin təhviltəslim aktından görünür ki, İddiaçı MMC-nin adından X3 İddiaçı MMC-nin mülkiyyətində olan “KHAZAR SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE164224 ban nömrəli, ağ rəngli avtomobil 13300 manat məbləğində Cavabdeh təhvil vermiş, Cavabdeh avtomobili qəbul edərək təhvil almışdır. İş materiallarına əlavə olunmuş daxili lizinqi müqaviləsi üzrə gecikdirilmiş lizinq ödənişlərinin və dəymiş zərərin ödənilməs barədə xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən yaranmış borcun və cərimənin ödənilməsi Cavabdeh tələb edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan müqavilə üzrə ödənişlər üzrə borc qalığı 1108,98 manat əsas borcun, mükafat borcu 820,40 manat, cərimə haqqı 514,39 manat olmaqla ümumi borc 2443,77 manat təşkil edir. İş materiallarına əlavə olunmuş qüsur aktından müəyyən olunur ki, “KHAZAR SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlıavtomobilə 540 manat zərər dəymişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin məcəllənin 748-1.12-ci maddəsinə əsasən, Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin məcəllənin 748-1.8-ci maddəsinə əsasən, Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin məcəllənin 748-2.1-ci maddəsinə əsasən, Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. Həmin məcəllənin 748-2.3-cü maddəsinə əsasən, Lizinq verən bu Məcəllənin 748- 1.11-ci maddəsində və lizinq müqaviləsində nəzərdə tutulmuş hallarda lizinq obyektini lizinq alanın sahibliyindən və istifadəsindən geri almaq hüququna malikdir. Beləliklə, iş materiallarından müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli MAS-934 saylı Daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC cavabdehə mülkiyyətində olan “KHAZAR SD” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFKE164224 ban nömrəli, ağ rəngli avtomobil 13300 manata lizinqə verilmişdir. İş üzrə İddiaçı MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Hazırda cavabdeh iddiaçı təşkilatla bağladıqları müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiklərinə görə, İddiaçı MMC ona qarşı iddia tələbi irəli sürərək iddia tələbində cavabdehin cəmiyyətə olan müqavilə üzrə lizinq predmeti olan MAS-934 saylı, xx.xx.2019-cu il tarixli Daxili lizinqi müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilməmiş lizinq ödənişləri üzrə 1108,98 manat gecikdirilmiş əsas, 820,40 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 514,39 manat dəbbə pulu, 540 manat dəymiş zərər ümumilkdə 2983,77 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bu Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı MMC-nin iddiasının xx.xx.2019-cu il tarixli MAS-934 saylı daxili lizinqi müqaviləsi üzrə 514,39 manat məbləğində cərimə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək cərimə pulu azaldılmalı və cavabdehdən cərimə olaraq 20 manat məbləğində dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə iş materiallarında olan sübutları araşdırıb belə bir nəticəyə gəlir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən və cavabdeh tərəfindən əsas borc üzrə qismən ödənişlər edildiyindən iddia qismən təmin edilməli, MAS- 934 saylı, xx.xx.2019-cu il tarixli Daxili lizinqi müqaviləsinin ləğv edilməli, həmin müqavilə üzrə ödənilməmiş lizinq ödənişləri üzrə 1108,98 manat gecikdirilmiş əsas, 820,40 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 20 manat dəbbə pulu, 540 manat dəymiş zərər ümumilkdə 2489,38 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli MAS-934 saylı Daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli MAS-934 saylı Daxili maliyyə lizinq müqaviləsinə əsasən ödənilməmiş lizinq ödənişləri üzrə 1108,98 manat gecikdirilmiş əsas, 820,40 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 20 manat dəbbə pulu, 540 manat dəymiş zərər, ümumilkdə 2489,38 (iki min dörd yüz səksən doqquz manat, otuz səkkiz qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar