Məhkəmə qərarları › İş №2(010)-4108/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4108/2024

03.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4108/2024 03.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X2 iclas katibliyi, Ərizəçi və ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Ərizəçinin xahişi Ərizəçi (Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.2006-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2006-cı il təvəllüdlü X9 onun oğludur. Oğlu anadangəlmə uşaq autizmi xəstəsidir. Övladının himayəsində olması üçün müvafiq qərar verilməsini maraqlı şəxsdən xahiş etmiş və ona aşağıdakı məzmunda cavab verilmişdir “xx.xx.2006-cı il təvəllüdlü övladınız X9 üzərində qəyyum təyin edilməyiniz ilə bağlı ərizənizə Suraxa RİH yanında Qəyyumluq və Himayəçilik Komissiyasında baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-ci və 321-ci maddələrinə əsasən, qəyyum psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında məhkəmə qətnaməsi olduqdan sonra təyin edilir. Qeyd edilənləri nəzərə alaraq, aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz məqsədəuyğun hesab edilir”. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş 3123 nömrəli cavab məktubunun surətindən müəyyən olunur ki, xx.xx.2006-cı il təvəllüdlü X9 göndərişə uyğun olaraq tibbi müayinədən keçirilmiş və ona “Uşaq autizmi, Kanner sindromu F84.0” diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X4 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 4651 nömrəli həkim psixiatr komissiyasının rəyindən müəyyən olunur ki, xx.xx.2006-cı il təvəllüdlü X9 ona təyin edilmiş diaqnozun dəqiqləşdirilməsi məqsədilə həkim psixiatr komissiyasına göndərilmiş və uşaqda “Uşaq autizmi, Kanner sindromu, ağır kəmağıllıq, kobud nitq və davranış pozuntuları ilə” xəstəliyinin olması qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan müəyyən olunur ki, oğlu xx.xx.2006-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 2996 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən belə qənaətə gəlinmişdir ki, X8 Uşaq autizmi, ağır dərəcəli əqli geriliklə müəyyən olunur. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırkı psixiatrik müayinənin nəticələri (anamestik məlumatlara görə valideynləri qohum olmaqla, xalaqızıxalaoğlu olması, yoxlanılan şəxsin çətin doğuşla anadan olması, erkən yaşlarından autizm əlamətləri biruzə verməsi, nitqi inkişaf etməməsi, uşaq nevropatoloqunun təyin etdiyi müalicələri qəbul etməsi, sonralar erkən psixofiziki inkişafda yaşıdlarına nəzərən geri qalması, bununla əlaqədar Bakı şəhər X6 müalicədə olması, daha sonradan yaşayış yeri üzrə psixiatrik qeydiyyata düşməsi, ona müvafiq müalicələr təyin edilməsi, Psixi Sağlamlıq Mərkəzində xx.xx.2019-cu il tarixdə tibb elmləri üzrə fəlsəfə doktoru Gülnarə Musabəyova tərəfindən müayinə olunaraq, onda “Uşaq autizmi, Kanner sindromu” diaqnozunun müəyyən edilməsi, Bakı şəhər 2 saylı X1 xx.xx.2023-cü il tarixdə həkim psixiatr komissiyasından keçdiyi zaman onda “Uşaq autizmi, Kanner sindromu, Ağır kəmağıllıq, kobud nitq və davranış pozuntuları ilə, Daim kənar şəxslərin himayəsinə ehtiyacı var, İQ = 25” diaqnozunun müəyyən edilməsi, xəstəliyi ilə əlaqədar hərbi xidmətdən azad edilməsi, əqli geriliyi, narahatlığı, gərginliyi, bir yerdə qərar tutmaması və psixi pozuntularla əlaqədar hər hansı bir işi müstəqil yerinə yetirə bilməməsi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırkı müayinə zamanı mimikasında laqeydlik biruzə verməsi, autistik və əqli gerilik əlamətləri və s.) sübut edir. X9 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də, X9 tam faəliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X9 onda müəyyən edilən Uşaq autizmi, ağır dərəcəli əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında. Maddə 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi Məhkəmə ərizəçini, ərizəçinin nümayəndəsi və vəkilini dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və ona görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, ərizəçinin xx.xx.2006-cı il tarixdə Saatlı rayonu, Nəsimi kəndində doğulmuş oğlu X5 autizmi, ağır dərəcəli əqli geriliklə diaqnozu ilə xəstədir. X3 Sağlamlıq Mərkəzində xx.xx.2019-cu il tarixdə tibb elmləri üzrə fəlsəfə doktoru Gülnarə Musabəyova tərəfindən müayinə olunaraq, onda “Uşaq autizmi, Kanner sindromu” diaqnozu müəyyən edilmiş, daha sonra 2 nömrəli X1 xx.xx.2023-cü il tarixdə həkim psixiatr komissiyasından keçdiyi zaman onda “Uşaq autizmi, Kanner sindromu, Ağır kəmağıllıq, kobud nitq və davranış pozuntuları ilə, Daim kənar şəxslərin himayəsinə ehtiyacı var, İQ = 25” diaqnozunun olması aşkar edilmişdir. İş üzrə təyin olunmuş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixdə verdiyi 2996 nömrəli rəyinə əsasən müəyyən olunmuşdur ki, X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X9 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göründüyü kimi mülki qanunvericiliyin tələbinə görə ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayıla bilər. Əgər həmin şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayılarsa, onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı tərəfindən həmin şəxsə qəyyum və ya himayəçi təyin edilir. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2006-cı il tarixdə Saatlı rayonu, Nəsimi kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2006-cı il tarixdə Saatlı rayonu, Nəsimi kəndində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar