Məhkəmə qərarları › İş №2(010)-411/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-411/2021

29.01.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-411/2021 29.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, İddiaçı Çuqunova ,Natalya Alekseyevnanın, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi. İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Deputat küçəsi, bina 8, mənzil 8 ərazisindəki qanunsuz binanın sökülməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 mənzil 7 ünvanında yerləşən mənzildə yaşayır və qeydiyyatdadır.Göstərilən mənzil xx xxxxxxx 1994-cü il tarixli, 37560 nömrəli mülkiyyət hüququ əsasında ona məxsusdur. Ancaq qonşusu Təxmazova (Əlizadə) Nərgiz Bəhram qızı tərəfindən ona maneələr yaradılır. Belə ki, qeyd edilən ünvanda mənzil 2 –də yaşayan cavabdeh mənzilin yanında ümumi ərazidə qanunsuz tikinti aparır.Bundan əvvəl qanunsuz tikilinin aparılmasının dayandırılması üçün Bül-Bülə kənd inzibati dairəsi üzrə nümayəndəliyə müraciət etmiş, lakin müraciəti cavabsız qalmışdır. Odur ki, qeyd edilənlərə əsasən iddiasının təmin edilməsini xahiş edir. İşə məhkəmə iclasında baxılarkən iddiaçı iddia tələbinə uyğun izahat verərək cavabdeh tərəfindən inşa edilən tikilinin qanunsuz tikili olmaqla onun hüquqlarını pozduğunu və ona görə də sökülməsini xahiş etdi. İşə məhkəmə iclasında baxılarkən Cavabdeh Bəhram qızı iddia tələbinə etiraz edərək onun qanunsuz tikili yox, evinin damını təmir etdiyini bildirdi və iddianın əsassız olduğunu bildirdi. Məhkəmə iddiaçı və cavabdeh tərəfləri dinləyib, işin hallarını araşdıraraq və sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - xx.xx.1994-cü il tarixli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, Deputat küçəsindəki 7 saylı mənzil İddiaçı məxsusdur. -Suraxanı rayon İcra Hakimiyyətindən məhkəmə sorğusuna verilən xx.xx.2020-ci il tarixli, 1/1695 № li cavabdan müəyyən edilir ki, Suraxanı rayon İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış xx.xx.2020-ci il tarixli, 58№ li arayışda Bülbülə qəsəbəsi, Deputat küçəsi, ev 8 mənzil 2 ünvanında hazırkı Cavabdeh Bəhram qızının yaşadığı evin mövcud otağında dam örtüyü qəzalı vəziyyətdə olduğu üçün dəyişdirilməsi işlərinin aparıldığı, həmçinin Belbelə qəsəbəsi, Deputat küçəsi, ev 8, mənzil 7 ünvanında yaşayan hazırkı İddiaçı şikayətinə əsasən Cavabdeh ünvanına Suraxanı RİH-in əməkdaşları tərəfindən baxış keçirildiyi və şikayət olan ünvanda qeyd edilən otağın dam örtüyünün dəyişdirilməsindən başqa əlavə tikinti işlərinin aparılmasının aşkar olunmadığı bildirilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, hazırkı iş üzrə iddiaçı və cavabdeh qonşudurlar. İddiaçı hesab edir ki, cavabdehin apardığı tikili onun hüquqlarını pozur. Cavabdeh qeyd edir ki, o evinin dam örtüyünü təmir edir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, məhkəmə iddianın qanuni əsasının, yəni iddiaçının rəhbər tutduğu maddi-hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğuna hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Hazırkı işdə iddiaçı cavabdehin qanunsuz tikili aparmaqla onun mülkiyyət hüquqlarını pozduğunu bildirsə də, istinad etdiyi halları maddi hüquq normaları baxımından əsaslandıra bilməmiş və bu hal işin halları ilə də sübuta yetirilmir. Məhkəmə hazırkı mübahisəyə maddi hüquq normaları baxımından qiymət verərək, işin hallarını və bunun əsasında formalaşmış daxili inamını nəzərə alaraq hesab edir ki, cavabdehin mübahisəli tikilini inşa etməsi ilə iddiaçının mülkiyyət hüququnun pozuntusu halı sübut edilmir. Azərbaycan Respublikası MM-nin 180.1-ci maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinin tələbinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinin tələbinə görə, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göründüyü kimi, Mülki Məcəllənin 180.1-ci maddəsinin dispozisiya şərtlərinə görə, hər hansı tikilinin özbaşına tikili hesab olunması bu tikilinin tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilməsi ilə şərtləndirilmişdir. İşin məhkəmədə araşdırılan hallarından və işdəki rəsmi sənədlərdən isə müəyyən olunur ki, cavabdeh yaşadığı evin dam örtüyünü təmir edir. Bu halı isə qanunsuz tikili kimi qiymətləndirmək olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin qeyd edilən maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar