Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4127/2021 03.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh "Azəriqaz" İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “aktın ləğvi, əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi "Azəriqaz” İstehsalat Birliyi İdarəsi tərəfindən İddiaçı təbii qaza görə əsassız hesablanmış 216 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri “Azəriqaz” İstehsalat Birliyi ilə bağlanımış müqavilə üzrə onun qeydiyyatda olduğu və yaşadığı ünvandakı evi cavabdeh tərəfindən təbii qazla təmin edilir, istehlak edilmiş təbii qazın uçotu sayğacla aparılır. Sonuncu dəfə iddiaçıya bildiriş gələndə o, orada 216 manat qaz sərfiyyatının yazıldığını görmüşdür. Elə həmin gün cavabdehin Suraxanı qəsəbəsindəki ərazi idarəsinə müraciət etdikdə ordan ona bildirilmişdir ki, onun 216 manat borcu vardır, həmin borc ona 25.05.2021-ci il tarixli akt əsasında hesablanıb. Halbuki nə borcun hesablanması barədə ona bildiriş göndərilmiş, nə də akt barədə məlumatı olmuşdur. Həmin aktı alarkən görmüşdür ki, onun həmin akta imza etməkdən imtina etməsi göstərilmişdir, halbuki akt tərtib edilərkən o, heç orada iştirak etməmişdir. Aktın birtərəfli qaydada tərtib edilməsi həmin aktın ona münasibətdə hər hansı bir halı təsdiq edən sübut kimi qəbul edilməsini və onun barəsində hər hansı bir qərar qəbul edilməsi mümkünlüyünü istisna edir. Cavabdeh isə öz növbəsində hesablamalarının hüquqi əsaslarını ona bildirməmiş və sübuta yetirməmişdir. Beləliklə, cavabdehin hesablamaları heç bir normativ hüquqi akta əsaslanmamışdır. Bundan başqa onunla cavabdeh arasında bağlanmış müqavilədə qaz paylayıcısının (cavabdehin) istehlakçı tərəfindən istehlak olunmuş qazın dəyərinin yalnız qaz sayğacının göstəricisinə əsasən ödənilməsini tələb etmək hüququnun olması nəzərdə tutulmuşdur. Göründüyü kimi həmin müqavilənin şərtlərində qaz paylayıcısının heç bir halda qaz sayğacından kənar hesablanmış borcun birbaşa və məcburi qaydada ödənilməsini istehlakçıdan tələb etmək hüququ, eləcə də istehlakçının həmin borcun mübahisəsiz ödənilməsi vəzifəsi nəzərdə tutulmamışdır. Eyni zamanda mübahisələndirilən aktda sayğacdakı qüsur kimi “sayğacın klapanın işlək olmaması, yivli birləşmənin korroziyaya uğraması, çıxış plastmas borunun deşilməsi göstərilmişdir. Əgər həqiqətən də qeyd edilən nöqsanlar aşkar edilmişdirsə həmin nöqsanlar ona aid deyillər, cavabdehin özünə aiddirlər. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq onun təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Cavabdeh təşkilatın nümayəndəsi hər ay sayğaca baxış keçirir və həqiqətən də sayğacda hər hansı qüsur, müdaxilə var idisə niyə vaxtında aşkar edilmirdi. Hazırki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin onun qanunsuz hərəkət və yaxud hərəkətsizliyim nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və onun təqsirli olmasını sübuta yetirməlidir. Bu maddənin tələbinə əsasən haqlı olaraq bildirir ki, sayğaca aidiyyəti qaydada nəzarət etmək cavabdeh tərəfin vəzifəsidir. Belə ki, o, fiziki şəxsdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı - hazırki iş üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi daşıyır. Həmin sayğac nə onun həyətində, nə də evində quraşdırılmışdır, habelə cavabdeh təşkilat qaz sayğacına müdaxilənin onun tərəfindən edilməsini sübuta yetirməmiş və heç bir əsas olmadan ona borc hesablamışdır. Onun qaz sayğacı yol qırağında quraşdırılmışdır. Hər ayda bir dəfə nəzarətçi gəlib qaz sayğacının göstəriciləriini qeyd edir. Əgər qaz sayğacında qüsur müəyyən olunsa idi, bu barədə ona məlumat verilərdi. Ona isə bu barədə heç kim məlumat və ya bildiriş verilməmişdir. Tərəflərin izahatları İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh "Azəriqaz" İstehsalat Biyirliyinin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, mənzil 347-də qaz sayğacı dəyişdirilək yenisi ilə əvəz edilmişdir. Çıxarılmış köhnə sayğac laboratoriyaya göndərilmiş və müvafiq rəy alınmışdır. Təqdim olunmuş rəylə müəyyən olunmuşdur ki, iddiaçıya məxsus qaz sayğacı qüsurla işləyib. Bu səbəbdən iddiaçıya cərimə yazmışlar. Qaz sayğacının qorunub saxlanılması idarənin deyil, vətəndaşın borcudur. İddiaçının qaz sayğacından qüsur olması barədə müvafiq rəy vardır və həmin rəylə iddiaçının günahı müəyyən olunur. Odur ki, iddiaçıya cərimə hesablanmışdır. Hesab edir ki, iddiaçının iddiası əsassızdır və odur ki, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə 12-3008 saylı müqavilə ilə iddiaçıya məxsus yaşayış evi “Azəriqaz” İstehsalat Birliyi” tərəfindən qazla təchiz edilmişdir. ******* saylı 25.05.2021-ci il tarixli "təbii qazdan istifadə qaydalarının pozulması haqqında" aktla “sayğacın klapanının işlək olmaması, yivli birləşmədən korroziyaya uğraması, çıxış plastmas borusunun deşilməsi" müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair 31.05.2021-ci il tarixli tələbnamə ilə “itirilmiş qazın bərpa edilməsi, qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi” müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının yaşayış evinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya 216 manat məbləğində borc hesablanmış və istehlakçı isə cavabdehin hesablamış olduğu həmin borc məbləği ilə razılaşmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qaz paylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırlması və dəyişdirlməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin Qaydaların 6.1-ci bəndinə əsasən qaz paylayıcısı tərəfindən - istehlakçının müvafiq müraciəti olduqda, təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğın və ya qaz sızmasının qarşısı alındıqda, istehlakçının qaz qurğusunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilmədikdə, qaz paylayıcısı ilə müqavilə bağlanmadıqda, məhkəmənin qərarı ilə qazın verilməsini dayandıra bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin həyətində deyil, ondan kənarda yolda yerləşdirilmişdir. İddiaçının mənzilində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya qarşı qanunsuz və əsassız tələb irəli sürmüş, yəni istehlakçıdan itirilmiş qaz sərfiyyatına və sayğacın dəyərinə görə pul tələb etmişdir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı və İddiaçının yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, mənzil 347 ünvanına (abonent kodu: **********03470) hesablanmış 216 manat məbləğində borc “Azəriqaz” İstehsalat Birliyi tərəfindən silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan az olduqda 20 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Odur ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 manatdan aşağı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanı üzrə qaz sərfinə görə İddiaçı (Abonent kodu: **********03470 olan) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən 20 (iyirmi) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-4127/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4127/2021
03.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver