Məhkəmə qərarları › İş №2(010)-4132/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4132/2024

07.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4132/2024 07.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi maraqlı şəxs Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Suraxanı rayon X2 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 13 saylı qərarının ona - Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, 01,09.1956-cı ildə Bakı şəhərində doğulmuş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayır. Suraxanı rayon X2 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 13 saylı qərarı ilə ona ev şəraitinin yaxşı olmadığı üçün Bakı şəhəri, Əmircan qəsəbəsi, Tahir Bağırov küçəsi (keçmiş Suraxanı küçəsi), 6 nömrəli evin qarşısında fərdi yaşayış evinin inşa edilməsi üçün 900 kv metr torpaq sahəsi ayrılmışdır. 1991-ci ildə də Suraxanı rayon X2 İcraiyyə Komitəsinin nəzdindəki Layihə Smeta Bürosu tərəfindən evin smeta sənədləri hazırlanmışdır, o isə smetaya əsasən fərdi yaşayış evini inşa edib ailəsi ilə birlikdə orada yaşayır. Hal-hazırda qanuni istifadəsində olan torpaq sahəsinin onun adına mülkiyyət hüququ ilə qeydə alınması üçün sənədləri topladıqda müəyyən olunmuşdur ki, həm torpağın ayrılması haqqında qərarda, həm də layihə smeta sənədlərində atasının adı "Mirismayıl” əvəzinə İsmayıl olaraq göstərilmişdir. Qeyd edilən uyğunsuzluq isə onun mülkiyyət hüququnun həyata keçirilməsinə maneədir. Tərəflərin izahatları. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək bildirmişdir ki, o vaxt atasının adını səhv yazmışdırlar,o isə Asan xidmətə getmiş və orada düzəliş etmək lazım olduğunu bildirmişdirlər. Maraqlı şəxs Bakı Şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahidlərin izahatları Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Ərizəçi onun dayısının nəvəsidir. Ərizəçinin atasını İsmayıl olaraq çağırırdılar və o artıq xeyli müddətdir ki, rəhmətə gedib. O, 1977-ci ildə əsgər getdiyini, ərizəçinin atasının bundan öncə rəhmətə getdiyini, sözügedən torpağın ərizəçiyə məxsus olduğunu və ona ata-babadan qaldığını və həmin torpağın Əmircanda yerləşdiyini bildirmişdir. O, həmçinin, T.Bağırov küçəsində yaşadığını və həmin küçənin əvvəllər Suraxanskiy küçəsi olaraq adlandırıldığını, ərizəçinin onun dayısının nəvəsi olduğunu, atasını şəxsən tanıdığını, məhəllədə ona İsmayıl deyildiyini və babasının dindar olduğunu, ərizəçinin atasının onun qaynatası olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, Ərizəçi qonşusudur və onlar uşaqlıqdan bir-birilərini tanıyırlar. O, həmçinin, atasının adının Mirismayıl olduğunu və onun seyid ailəsi olduğunu, 1970-ci illərdə rəhmətə getdiyini, torpaqları olduğunu bildiyini və həmin torpağın T.Bağırov küçəsində yerləşdiyini, həmin küçənin əvvəl Suraxanskiy küçəsi adlandığını, ərizəçinin atasının adının Mirisimayıl olduğunu və onu İsmayıl kimi çağırırdıqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Ərizəçi onun əvvəldən qonşusu olubdur. Ərizəçinin mülkləri var, amma indi sənədlərdə problem yaranıb. Atasının adının Mirismayıl olduğunu, onların İsmayıl kimi çağırırıdıqlarını, lakin sənəddə adını görmədiyini, ərizəçinin qonşuluqda torpağı olduğunu, həmin torpaq sahəsinin Köhnə Suraxanskiy küçəsində yerləşdiyini, həmin küçənin adının indi Tahir Bağırov küçəsi olduğunu bildirmişdir. İş materialları. Bakı şəhər Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 1956-cı il tarixli, İ-ИЕ seriyalı, 264501 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi (atası X1, anası Tamara Rüstəm qızı) xx xxxxxxxx 1956-cı ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1956-cı il tarixdə 1555 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti Başçısının Əmircan Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə 9 saylı Vəkil Bürosunun vəkili Gülşən Səlimovaya sorğusuna göndərilmiş cavabdan müəyyən olunur ki, Ərizəçi hal-hazırda Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tahir Bağırov (keçmiş Suraxanı) küçəsi, 6 nömrəli evin qarşısında ayrılmış torpaq sahəsində inşa edilmiş yaşayış evində qeydiyyatsız yaşayır. Bakı şəhəri Suraxanı rayonu X2 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 13 saylı Qərarına əsasən, Ərizəçi İsmayıl oğluna 185-000-109C tipik layihə üzrə fərdi yaşayış evinin tikilməsi üçün sahəsi 900 kv.m. olmaqla Əmircan qəsəbəsi, Suraxanı küçəsi üzrə, 6 saylı evin qarşısında yerləşən torpaq sahəsi ayrılması müəyyən olunmuşdur. Bakı şəhəri Suraxanı rayonu X2 İcraiyyə Komitəsinin Smeta sənədlərindən görünür ki, Əmircan Qəsəbəsi, ünvan 1 ünvanında yaşayan vətəndaş Ərizəçi İsmayıl oğlu üçün Əmircan Qəsəbəsi, Suraxanı küçəsi, 6 nömrəli evin qarşısında 185-0009-109C texniki pasport üzrə 2.0 metr kürsülü 3 otaqlı yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuşdur. Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti tərəfindən Ərizəçi göndərilmiş xx.xx.2024cü il tarixli məktubdan görünür ki, Ərizəçi Bakı şəhəri Suraxanı rayonu X2 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 13 saylı Qərarına düzəliş olunması haqqında ərizəsinə baxılmış və bu işlə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməyinin məqsədəuyğun olduğu bildirilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: ... 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının... Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310. Ərizənin məzmunu və ərizəyə baxılması 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.... Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.

6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər....

13. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon X2 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 13 saylı qərarının ona - Ərizəçi məxsus olması faktının müəyyən edilməsi ilə bağlı müraciət etmişdir. Ərizədə həmin faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğunu onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı rayon X2 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 13 saylı qərarınıa əsasən Ərizəçi 185-000-109C tipik layihə üzrə fərdi yaşayış evinin tikilməsi üçün sahəsi 900 kv.m. olmaqla Əmircan qəsəbəsi, Suraxanı küçəsi üzrə, 6 saylı evin qarşısında yerləşən torpaq sahəsi ayrılması müəyyən olunmuş, lakin həm torpağın ayrılması haqqında qərarda, həm də qeyd edilən layihə smeta sənədlərində atasının adı "Mirismayıl” əvəzinə “İsmayıl” olaraq göstərilmişdir. Bu hal isə onun mülkiyyət hüququnu həyata keçirməsinə maneə yaradır. Bu səbəbdən, ərizəçi həmin qərarın ona məxsus olması faktının müəyyən edilməsində maraqlıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi doğum haqqında şəhadətnaməsində atasının adı “Mirismayıl” kimi göstərilmişdir. Şahid ifadələrindən də göründüyü kimi, şahidlərdən iki nəfər Ərizəçi ilə həmin ünvanda qonşu olmuş və digəri isə onunla qohumluq münasibətindədir. Bununla da, məhkəmə hesab edir ki, Suraxanı rayon X2 İcraiyyə Komitəsinin xx.xx.1991ci il tarixli, 13 saylı qərarı və Suraxanı rayon X2 İcraiyyə Komitəsinin nəzdindəki Layihə Smeta Bürosu tərəfindən hazırlanan evin smeta sənədlərində texniki səhv nəticəsində “Mirismayıl” adı əvəzinə “İsmayıl” adı yazılmışdır. Belə ki, iş materiallarından və şahid ifadələrindən görünür ki, Suraxanı rayon X2 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 13 saylı qərarı və Suraxanı rayon X2 İcraiyyə Komitəsinin nəzdindəki Layihə Smeta Bürosu tərəfindən hazırlanan evin smeta sənədlərinin Ərizəçi məxsus olması faktı iş materialları ilə tam sübut edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə iş materiallarını nəzərdən keçirib şahid ifadələrini dinləyərək hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri Suraxanı rayon X2 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 13 saylı qərarının Ərizəçi məxsus olması müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 311, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Bakı şəhəri Suraxanı rayon X2 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 13 saylı qərarının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar